"Zəngilana, həyətimizə çatanda oyun oynadığım uşaqlar, məhəllədəki dostlarım yadıma düşdü..." - FOTOLAR + VİDEO

"Zəngilana, həyətimizə çatanda oyun oynadığım uşaqlar, məhəllədəki dostlarım yadıma düşdü..." - FOTOLAR + VİDEO
  • Cəmiyyət / Maraqlı

  • Zəngilanda doğulan, ATV kanalının əməkdaşı Vüsal Qurbanov LEQAL.AZ-ın suallarını cavablandırıb.

    Onunla müsahibəni təqdim edirik:

    - Zəngilanda doğulan biri olaraq, rayonun işğaldan azad olunması xəbərini eşitdikdə hansı hissləri keçirdiniz?

    - İdman aparıcısı olsam da, döyüşlər başladıqdan sonra rəhbərlikdən xahiş etdim ki, cəbhə bölgəsinə çəkilişlərə gedim. Xahişimə etiraz etmədilər və məni cəbhə bölgəsinə göndərdilər. Həmin vaxt Gəncədə idik və Gəncəyə atılan ikinci raketdən sonra Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop hadisə yerinə gəlmişdi. Biz çəkilişlərimizi yekunlaşdırarkən Ali Baş Komandan açıqlama verdi ki, Zəngilanın bir neçə kəndi və Zəngilan şəhəri işğaldan azad olunub. O an sevincim hədsiz idi. Sevincimdən hətta qışqırmışdım da. Daha sonra, "ATV xəbər" ilə canlı bağlantı elədilər. Orada göz yaşlarımı saxlaya bilmədim. Nə qədər mümkün idisə, özümü sıxmağa çalışırdım ki, ağlamayım.


    - Bildiyimizə görə, siz bu günlərdə Zəngilanı, doğma el-obanızı ziyarət etmisiz. Xatirələrinizdəki Zəngilan ilə, gedib gördüyünüz Zəngilanda dəyişiklik necə idi? 

    - Dəyişib, çox dəyişib.
    Müharibədən sonra bütün azad olunan torpaqlarımızda çəkilişlər olur, görürük ki, harada, nə mümkündürsə dağıdıblar, talayıblar. Zəngilan da elə.  Mincivan yolundakı çınar ağacları orada təbii tunel yaratmışdı. Həm o vaxtlardan yadımdadır, həm də sonradan görüntülərə baxanda  bunu görürdüm. O çinarlıqdan əsər-əlamət qalmayıb. İndi ağaclar çox seyrəkdir.
    Zəngilən hədsiz dərəcədə çox dəyişib, tanınmaz olub. Düşünürdüm ki, gedib küçəmizə çıxacam, məscidi keçib, mədəniyyət evinin tinindən sağa dönəcəm, sonra sola gedib evimizi tapacam. Amma orada nə mədəniyyət evi, nə evlər, nə də məscid qalmışdı. Sevinclə bərabər, xarabalığın verdiyi sarsıntı da çox böyük idi.

    - Siz Zəngilanın işğalından əvvəl orada yaşamısız, həyatınızın ilk uşaqlıq illəri orada keçib. Doğma yerlərə ilk ayaq basdıqda xatirənizdə o illərdən nələr canlandı?

    - Torpağa ayağımı basdıqda qəribə hisslər keçirirdim, bilmirdim ne etmək lazımdır. Yəni bu, sevincim, ümumiyyətlə, hisslərim idi.
    Zəngilana, evimizə çatanda ilk oyun oynadığım uşaqlar, məhəllədəki dostlarım yadıma düşdü. Evimizin arxasında çox böyük olmayan dağ var idi, orada bu vaxtlar qar çox olurdu. Uşaqlarla dağdan aşağı sürüşürdük, oynayırdıq. Sonra oradan gedib evimizə yaxın çörək sexindən çörək alırdım. O hisslərin hamısı, bir anda gözümün qarşısından keçdi.

    Həmçinin, ata nənəmin evlərini, həyətlərini xatırlayıram. Amma təəssüflər olsun ki, oranın da çəkilişləri zamanı heç nə qalmadığını, tam cəngəlliyə döndüyünü gördük. Evi uçurub dağıdıblar, viran qoyublar. Anamgilin kəndi də, oların evləri də yaxşı yadımdadır.

    - Zəngilan əsrarəngiz təbiəti ilə həmişə seçilib. Yaddaşlarda gözəl qalmış Zəngilan indi necədir?

    - Əlbəttə ki, təbiəti dəyişmək mümkün deyil. Yəni ermənilər oranın təbiətini dəyişə bilməzlər. Arazını, Həkərisini, Oxçu çayını, Bəsit çayını quruda bilməzlər. Bitki örtüyünü nə qədər talasalar da, amma tam məhv etməyə nail ola bilməyiblər. Bu, təbiətin bəxş etdiyi bir gözəllikdir. Oranın ağacları da yavaş-yavaş inkişaf edəcək və öz gözəlliyini tapacaq. İndi oralar əvvəlki əzəmətindən, gözəlliyindən çox-çox uzaqdadır. Dağılmış evlər,  yollar olsun, talanan meşələr olsun - hamısını öz yerini tutacaq. Bunlar, əlbəttə ki, üzücüdür, amma təbiətin verdiyinin tamamilə məhv edilmesi mümkün deyil. 

    - Bəs gələcək üçün Zəngilanda yaşamağa dair planınız varmı?

    - Əlbəttə var. Çox böyük arzularımdan biridir orada yaşamaq. Orada artıq işlər başlanılıb, ifrastruktur qurulacaq, yeni evlər, qəsəbələr salınacaq. Şəhər layihəsi hazırlanacaq və mən inanıram ki, camaat ora böyük məmnuniyyətlə gedəcək. Özüm də çox istəyirəm ki, orada yaşayım, orada qalım, oranın suyunu içim, havasını udum.

    - Maraqlı müsahibəyə görə redaksiyamız adından Sizə təşəkkürümüzü bildiririk.

    - Sağ olun.

    Hazırladı:
    Əminə ELAYDIN 




    PAYLAŞ:

    Oxşar xəbərlər