Erməni təcavüzü nəticəsində ziyan dəymiş mülki əhaliyə dövlət yardımı verilməsinə başlanılıb

Erməni təcavüzü nəticəsində ziyan dəymiş mülki əhaliyə dövlət yardımı verilməsinə başlanılıb
  • Cəmiyyət

  • Ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Ermənistan silahlı qüvvələrinin respublikamızın ərazilərinə təcavüzü nəticəsində mülki əhaliyə, sahibkarlara dəyən ziyanın ödənilməsi, digər problemlərin həlli də bu mühüm dövlət siyasətinin önəmli tərkib hissəsini təşkil edir. Ölkə Prezidenti İlham Əliyevin ötən ilin 6 noyabr tarixli “2020-ci ilin 27 sentyabrından başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

    Həmin Sərəncama əsasən Azərbaycan Respublikasının Baş nazirinin rəhbərliyi altında Dövlət Komissiyasının yaradılması ölkəmizdə vətəndaşların sosial problemlərinin həlli məsələsinin aktuallığını göstərir. Dövlət Komissiyasının tərkibində təşkil olunmuş işçi qruplarına respublikamızın 11 rayonunda, o cümlədən Ağcabədidə mülki əhaliyə, dövlət əmlakına sahibkarlıq fəaliyyəti subyektlərinə, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikası, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyan və onun aradan qaldırılması ilə bağlı məlumatlar əldə olunub.

    Yeri gəlmişkən qeyd edək ki, dövlətimizin başçısı İlham Əliyevin “Təcavüz nəticəsində ilkin mərhələdə zərər çəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması” ilə əlaqədar 14 dekabr 2020-ci il tarixdə imzaladığı digər Sərəncama əsasən dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6 min, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat, digər ziyan dəymiş evləri üzrə hər bir ailəyə isə 1000 manat məbləğində maddi yardım ayrılması qərara alınıb. Qeyd edək ki, bu istiqamətdə maliyyələşmənin həyata keçirilməsi ilə bağlı Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib.

    Artıq nəzərdə tutulmuş vəsaitlərin ödənilməsinə başlanılıb. Respublikanın aidiyyatı əraziləri üzrə ayrılması nəzərdə tutulan maddi yardımların ödənilməsi yaşayış evlərinin sahiblərinə və ya onların qanuni nümayəndələrinə banklar vasitəsi ilə həyata keçirilir.
    Qeyd edək ki, bütövlükdə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində bölgənin Ağcabədi şəhəri, Hindarx qəsəbəsi, Sarıcalı, Arazbar, Sarvanlar, Muğanlı, Şərəfxanlı, Minaxorlu, Qaraxanlı, İmamqulubəyli, Köyük, Hacılar, Yuxarı Qiyaməddinli, Boyad, Rəncbərlər kəndlərindəki evlərə ciddi ziyan dəyib. 8 nəfər rayon sakininin evi tamamilə dağılmış, 485 nəfərin evinə isə qismən ziyan dəymişdir. Rayon üzrə ən çox Yuxarı Qiyaməddinli (167), Hacılar (104), Qaraxanlı (56), Arazbar (50), Boyad (31), Minaxorlu (19), Köyük (14) və Hindarx qəsəbəsi (36) ərazisində yerləşən evlər dağıntıya məruz qalıb.

    Bununla bağlı rayonumuzda da ciddi addımlar atılır. Ağcabədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bu istiqamətdə müvafiq tədbirlər görülür. Vətən müharibəsində evlərinə ziyan dəymiş 493 nəfər rayon sakininin plastik kart hesabına 584 min manat məbləğində vəsait köçürülüb. Onların 5 nəfəri Ağcabədi şəhər, 488 nəfəri isə qəsəbə və kənd sakinləridir. Plastik kartlar Kapitalbankın rayon filialı tərəfindən sakinlərə təqdim edilib.
    Bunlardan sonra, növbəti mərhələdə isə mülki əhaliyə, dövlətə və sahibkarlıq fəaliyyəti subyektlərinə məxsus dağıdılmış və qəzalı vəziyyətə salınmış, qismən ziyan dəymiş yaşayış və qeyri-yaşayış sahələrinin təmiri, bərpası işlərinin, həmçinin nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, eləcə də əhaliyə məxsus heyvanlar üzrə dəymiş ziyanın aradan qaldırılması üçün tədbirlərə start veriləcək.
    Bu tədbirlərin həyata keçirilməsi dövlətimizin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğının aydın təzahürüdür. Daha dəqiq desək, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşlarının rifahı və mənafeyi dayanır. Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır.

    PAYLAŞ:

    Oxşar xəbərlər