Ünvanlı sosial yardım mexanizminin əhatə dairəsi genişləndirilib. 2020-ci ildə 77 min ailənin 322 min üzvünə ünvanlı yardım ödənilib. Bu, 2019-cu illə müqayisədə 19 min nəfər çoxdur və 15 faizlik artımla orta aylıq ödənilən məbləğ 240 manata çatıb.
LEQAL.AZ xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahili Babayev yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib.
Nazirin sözlərinə görə, bütün sosial ödənişlərin həyata keçirilməsində avtomatlaşdırma, elektronlaşdırma tədbirləri görülür, vətəndaş-məmur təması minimuma endirilir: “Bunun nəticəsində 2020-ci ildə artıq həm müavinət və təqaüd, həm də pensiyalar üzrə 95 min təyinat məhz elektron portal üzərindən hər hansı bir təmas olmadan həyata keçirilib.
Eyni zamanda, əsassız pensiya işlərinin, əsassız və saxta əlillik işlərinin və digər ödənişlərin araşdırılması nəticəsində il ərzində 125 milyon manat qənaət əldə edilib. Digər tərəfdən, yığımların artması nəticəsində il ərzində 160 milyon manatlıq qənaət əldə olunub və ümumi məbləğin 250 milyon manatı dövlət büdcəsinə ödənib, 35 milyon manatı isə Pensiya Fondunun 2021-ci il üçün ehtiyatına yönəldilib”, - S.Babayev qeyd edib.