(“42” kitabı – ikiayaqlı yırtıcı, mənfur qövmə işarə)
Haqqında bəhs edəcəyim “42” adlı kitabın müəllifi 20 yaşlı Nurlan Zabil oğlu Hüseynzadədir. O, Masallı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhər 251 nömrəli orta məktəbində, Masallı şəhər “Dəfinə” məktəb-liseyində alıb. Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinin IV kurs tələbəsidir.
Kitabın təmsil xarakterli ilk bölümündə – Qarabağ torpağında, Topxana meşəsində cərəyan edən hadisələr oxucuya siyasi-satirik formada çatdırılır. Ümumiyyətlə, kitab bir neçə janrı özündə cəmləşdirir ki, bu da onu digər əsərlərdən fərqləndirir. Əsas odur ki, müəllif aslan kimi kükrəyən ordumuzun əzəmətindən fiziki-mənəvi sarsıntı keçirən düşmənin iç üzünü qabarda bilib.
114 səhifəlik kitabı vərəqlədikcə, görürsən ki, müəllifin birinci və ikinci hissədə başqa bir “dərdi”, “42” adlı yazıda özgə bir “azarı” varmış. Əsas odur ki, 20 yaşlı yazarın bədii təxəyyülündən doğan maraqlı məqamlarla zəngin hər üç hissə ümumi bir ideyanın fonunda birləşir.
Oxucularla ilk dəfə görüşə gələn Nurlan Hüseynzadənin yaradıcılığındakı maraqlı nüans odur ki, müəllif şahidi olduğumuz tarixi hadisələri və tanıdığımız qəhrəmanın – Mübarizin həyat yolunu özünəməxsus duyumla, fərqli yanaşma ilə bədiiləşdirib. Bir sözlə, Nurlan gənc yazar kimi özünü təsdiqetmənin öhdəsindən ustalıqla gəlib, oxucunu sona qədər “əldən buraxmır”.
Birinci hissədəki hadisələr əsasən Topxana meşəsi ətrafında cərəyan edir. Hansı ki, vaxtilə ermənilər ordan Cıdır düzünə asma körpü çəkmişdilər. Üstəlik zurna-qavallı açılış da etmişdilər. Sonda nə oldu? Cıdır düzündən Topxana meşəsinə açılan gözəl mənzərəni seyr etmək o yerlərin halal sahibinə qismət oldu...
Müəllifin təbirincə desək, illərboyu “terrorlar”la barışan “dağlar padşahı” medvedlərin vassalı olan “terrorçu” khozların – “insanlarla müttəfiq olub krallıq inşa edəcəyik” deyənlərin arzuları gözlərində qaldı. Qüdrətli şir Qleizin, qızılsaçlı Ağboz qartalın haqlı tələbini qulaq ardına vuranlar – donquldanan khozlar, acgöz renardlar, saxta gülüşlü şarikovlar gizlənməyə siçan deşiyi axtardılar. Sonunu düşünmədən ağlındakıları, xam xəyallarını dilə gətirənlər arasında böyük mərəkə qopdu, özləri kimi cılız söz sahibləri başladılar bir-birlərini didməyə. Elə o gündən bu məzhəbləri itmişlərin qara günləri başlayıb.
İnsan cildində gizlənən bu iyrənc, vəhşi, qorxaq qövmün kitabda təsvir olunan personajlardan – süst ədalı, donquldanan Khozdan, boz küçə pişiyi, sısqa Şarikovdan, kürən belli, çuxurgöz tülkü Renarddan fərqi yoxdur – elə özləridir ki, var.
Hələ bu azmış kimi 50 qramdan sonra goreşən kimi torpaqda eşələnən başçılarının üzünə özgələr deyil, özününkülər o qədər tüpürüb ki, hələ də bu rəzil xislətli məxluq nə haqqa gəlir, nə də yerə girir. Birdəfəlik dərk etmir ki, qartalın çiynində şir əli varsa...
Birinci hissədə Qartalın son çıxışı daha kəskindir: ”Qurdun 17 günlük balasının qətli, buynuzu qırmızı lentli, mühafizəkar öküz Toronun və ceyran dəstələrində olanların yoxa çıxması donuz Khoz və ayı Medvedə məxsusdur. Eşidin, onlar qatildirlər...”
Əsərin əsas sujet xətti də elə budur: Donuzu darı tarlasında kiş-kişlə çıxartmaq mümkün olmadığı kimi, ermənini də işğal etdiyi torpaqdan xoşluqla çıxarmaq mümkün olmadı. İntiqam hissi bizi hər saniyə zəli kimi yeyib bitirməkdə idi. Odur ki, “verdiyimiz bir damla suda bizi boğmağa çalışan” xainlərin başını dəmir yumruğumuzla əzib, torpaqlarımızdan iti qovan kimi qovduq.
Reallıq budur. Az qala dünyaya hökm oxumaq iddiasında olan xəstə ideologiya sahibləri özlərini gülünc vəziyyətə saldılar. Haqq və zaman ən böyük hakimdir – meydan sulayan daşnaklar öz cəzalarını aldılar.
42 il səhranın ortasında, qızmar günəş altında həsrətlə qatar gözləmək dar ağacında asılmışkən yaşamaq, ölüykən danışmaq kimi bir şeydir. Mesajlarla dolu romanda bu kimi bəzi təəccüblü məqamlara aydınlıq gətirən, özünün söylədiyi kimi tamam fərqli dünyada yaşayan qəhrəmanımız özünə xas məfhumlardan bəhs edir. O, “uzun və ya qısa müddətli gözləmədə” xəyallara qovuşmağı deyil, gerçəyi öyrənməyi, eyni zamanda ömrün sonuna qədər bir stolda bir şeyi gözləməkdənsə müxtəlif illərdə müxtəlif stollarda müxtəlif şeylər gözləməyi üstün tutur.
Bu, oxucuya gülməli görünsə də, düşünürsən ki, sevdiyindən ümidini üzərkən son anda geri dönən sevgi hekayələrinə bənzəyir. Necə ki, ümidsiz qalsan, acı çəksən belə həyatdan üz döndərmək istəmirsən. Yıxılsan da ayağa qalxmağa cəhd edirsən – yaşamaq, xoşbəxt olmaq, qalibiyyət əldə etmək naminə...
Bəlkə də qəhrəmanımızın demək istədiyi budur: Ali məqsədə doğru addımlayarkən sədlərə sinə gər, yolunu rahatla, ruhdan düşüb bədbinliyə qapılma!
Necə ki, 42 il ərzində, sonu görünməyən boşluqdakı son stansiyada dəmir stolda əyləşən sərnişinin xəyallarını bəzəyən qatar gəlməsə də, dəmir yumruqlu 44 günlük Zəfər yürüşümüz 30 il yurd həsrəti çəkən soydaşlarımıza, bütün Azərbaycan xalqına qələbə sevinci bəxş etdi.
Kitabın sonuncu bölümündə insanlar təmizliyə, halallığa və düzlüyə çağırılır
Utancaq, az danışan, ürəyiyumşaq Mübarizin atası Kərim kişi şəhadətə qovuşduqdan sonra əmisinin taxta sexində işləyir.
Əsərdə təbiətə biganəliklə barışmayan, vətəndaşlıq borcunu şərəflə yerinə yetirməyə üstünlük verən bir yeniyetmənin xarakteri, cəsarəti daha aydın görünür. Zümrüd anasına, xəstə yatan qardaşına yardım etməyə, onlara dayaq olmağa, meyvə bağını, sevdiyi qızı qorumağa çalışır. Anasını, qardaşını itirsə də Mübariz yenə də güclü, özünəinamlı, qəzəbli və humanistdir.
İnsana hər duyğunu daddıran sevgidən Mübarizlə Fidana ayrılan pay da qucaq dolusu olmur. Təzəcə başlamışdılar həyatdan, musiqiylə harmoniyalanmış təbiətdən, ağaclara çalınan musiqidən zövq almağa. Hələ dərk etmirdilər ki, insanın da təbiətində qəm-kədər, ölüm var.
Əsərin sonunda oxuyuruq ki, təraşlı üzünün qıcıqlandıran hissəsini qucağındakı tanış boz pişiyə qaşıdan balacaboy qara geyimli kişi görməyən gözünü dünya xəritəsindəki qartala dikir və səbirsizlənərək, hirsindən əlini alnına çırpır...
Bəli, Mübariz İbrahimov, Fərid İbrahimov, Polad Həşimov, İlqar Mirzəyev, Anar Novruzov kimi Vətən sevgili qəhrəmanlarımız şərəfli və qaynar həyat yolları ilə Azərbaycan gəncliyini silkələdilər, bir daha yadımıza saldılar ki, bu yurdu biz qorumalıyıq, itirilmiş torpaqları biz qaytarmalıyıq – canımızla, qanımızla...
30 ildən bəri axıdılan göz yaşının təbəssümlə əvəz olunacağına ümidimiz itmədi. Solğun payız çağında “təlatümlü qış xarı bülbüllü yazla yerin dəyişdi”. Qara buludlu səma sabaha gözəlliklər saçan günəşlə əvəzləndi...
***
Müəllifin parlaq gələcəyindən xəbər verən ilk kitabını onun möhtəşəm uğuru kimi dəyərləndirir, Nurlanı təbrik edirəm. Və əminliklə deyirəm ki, ədəbiyyatın ağırlığına çiyinlərini dayamaqda israrlı olan Nurlan Hüseynzadə müqəddəs sözün məsuliyyətini tam mənası ilə dərk edir. İnanıram ki, o, hələ bundan sonra yeni bədii düşüncələri ilə zövqümüzü çox oxşayacaq.
Vidadi NƏZƏROV,
Masallı Dövlət Regional Kollecinin direktoru, “Tərəqqi” medallı.