Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə ərsəyə gələn “bacararsan.az” platforması ilk təşəbbüsünü həyata keçirib.
Fonddan LEQAL.AZ-a bildiriblər ki, fiziki məhdudiyyətli və proqramlaşdırma sahəsinə başlamaq istəyən yüzədək gəncin iştirakçılığı ilə veb-proqramlaşdırma mövzusunda informativ və motivasiyaedici 7 vebinar baş tutub. Vebinarlarda proqramlaşdırma və “freelancer”lik mövzularında məlumat verilib.
Bütün vebinarlar “bacararsan.az” saytına yüklənib. Beləliklə, istənilən şəxs həmin videoları izləyib bu sahədə təmənnasız resurs kimi yararlana bilər. İştirakçıların müsbət geri bildirişləri platformanın növbəti təşəbbüsləri üçün böyük stimul olub.
Platformanın əsas məqsədi xüsusilə fiziki məhdudiyyətli insanların veb proqramlaşdırma sahəsində maariflənməsini təmin etməklə inklüziv öyrənmə prosesinə töhfə verməkdir. Vebinarlarda xeyli sayda fiziki məhdudiyyətli insanın iştirakı layihənin öz hədəfinə çatmasını təmin edib.
“Veb proqramçı olmağa heç bir əngəl yoxdur” devizi ilə fəaliyyət göstərən “bacararsan.az” platforması bundan sonra da yeni təşəbbüslərlə çıxış edəcək.