Gəncə şəhərindən olan bölük komandiri baş leytenant Mətin Abdinov Ordumuzun döyüş əməliyyatlarında qəhrəmanlıq sücaətləri göstərən hərbiçilərimizdəndir. O, 1978-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. Mətin orta məktəb yaşlarından həmyaşıdları arasında fərqlənmiş və vətənpərvərliyi ilə seçilmişdir. Vətəni sevmək, vətənəbağlılıq və vətənpərvərlik ruhunda tərbiyə almışdır. Əlaçı şagirdlərdən biri olmuşdur.
Ali məktəbdə oxuduğu illərdə hərbi kafedrada hərbi biliklərə yiyələnmiş, hərbi kursu müvəffəqiyyətlə bitirərək, Müdəfiə nazirinin əmri ilə "leytenant" hərbi rütbəsi almışdır.
Ali məktəbi bitirdikdən sonra Naxçıvan Muxtar Respublikasının Ordubad istiqamətində olan hərbi hissələrin birində Ermənistanla təmas xəttində xidmət etmişdir. Qısa bir vaxt ərzində komandanlıq tərəfindən göstərdiyi xidmətə görə vaxtından əvvəl “baş leytenant” rütbəsi ilə təltif olunmuşdur. Ehtiyatda olan zabit kimi təxris olunmuşdur.
2-ci Qarabağ müharibəsinin başladığı ilk günlərdə Mətin Abdinovda yaşadığı region üzrə hərbi komissarlığa könüllü olaraq müraciət etmiş və cəbhəyə getmişdir. Ordumuzun Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa şəhəri istiqamətlərində gedən döyüş əməliyyatlarında bölük komandiri kimi döyüşmüş, vəzifə borclarını layiqincə yerinə yetirmiş, ona verilən bütün döyüş tapşırıqlarını tam yerinə yetirmişdir. Bölük komandiri kimi 10 oktyabrdan 3 noyabradək şərəfli döyüş yolu keçmişdir. 19 oktyabr tarixində Xocavəndin işğalçılardan azad olunması uğrunda döyüş əməliyyatında iştirak zamanı ilk dəfə ayağından qəlpə yarası alaraq yaralanmış, lakin yaralansa da döyüş meydanında tabeliyindəki şəxsi heyəti tək qoymayaraq düşmənə sarsıdıcı zərbələr endirərək onların canlı qüvvəsini və texnikasını məhv etmişdir.
Sonradan Şuşa istiqamətində əks hücum zamanı noyabr ayının 3-də düşmənin minaatanlarının zərbəsi nəticəsində ağır yaralanaraq çoxsaylı qəlpə yaraları almışdır. Sağ əl barmağı amputasiya olunub, qolları millərdədir, bədəninin müxtəlif yerlərində isə çoxsaylı qəlpələr vardır, hazırda müalicə olunur.
Şuşanın işğaldan azad olunması xəbərini müalicə aldığı xəstəxanada cənab Ali baş komandanımızdan eşitdikdə ağrılarımı, yaralarımı unutdum və ordumuzun qələbəsi məni daha da qürurlandırdı deməsi qəhrəmanımızın vətənpərvər bir vətən oğlu olmasından xəbər verir.
Mətin Abdinovun bildirir ki, biz cənab Prezidentimiz Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı düşməndən azad etdik. Ali baş komandan İlham Əliyev bizə öndərlik etdi. Öz güclü iradəsi ilə bizim ruh yüksəkliyimizi artırdı. Cənab Prezidentin “Qarabağ Azərbaycandır!” ifadəsini eşitdikcə döyüş əzmimiz dahada artırdı.Döyüşlərdə həm zabitlər, həm də əsgərlər nəyin bahasına olursa-olsun yalnız irəli getmək və torpaqları işğaldan azad etmək üçün vuruşurdular.
Mətin Abdinov hər an tebeliyindəki bölüyün heyətinə xüsusi diqqətlə yanaşmış, onlar arasında döyüş əzmini və qələbə ruhunu artıraraq qısa bir vaxt ərzində hörmət qazanmışdır. Məhz Mətin Abdinov kimi belə qəhrəmanların rəşadəti sayəsində müzəffər Azərbaycan Ordusu Vətən müharibəsində şanlı tarix yazdı.
Hazırda hərbiçimizin 7-ci sinifdə oxuyan Əlimurad kimi bir vətənpərvər övladı böyüyür, oda atası kimi vətənimizin hər qarışını göz bəbəyi kimi qoruyacağını deyir və polis akademiyasına daxil olaraq atası kimi zabit olmağı arzu edir.
Mətin sonda bu gün zəfərimizə görə Prezidentimiz İlham Əliyev cənablarına və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya çox minnətdar olmasını bildirərək, əsgər və zabitlərimizə yüksək diqqət və qayğının göstərilməsini hər an hiss etdiyini söyləyir.
Baş leytenant Abdinov Mətin Nazim oğlu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Cəbrayılın azad olunmasına görə”, Azərbaycan
Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyi üçün “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdir.
Mətin Abdinov Şuşaya ilk qədəm qoyan komandirlərdəndir. İstərdik ki, hər kəs igid qəhrəmanlıq şücaəti göstərən və fəxri ad almağa layiq olan qəhrəmanımızı tanısın.
Yaşasın Azərbaycan! Qarabağ bizimdir!
LEQAL.AZ