Azərbaycan polisi də yeni ili zəfərlə qarşılayır
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov başda olmaqla daxili işlər orqanlarının bütün şəxsi heyətini “102-ci qəzet”in baş redaktoru olaraq öz adımdan və jurnalist kollektivimiz adından təbrik edirəm.
Bu dəfəki bayramlar onunla əlamətdardır ki, artıq torpaqlarımız işğaldan azad olunub. Doğrudur, qələbəmiz şəhidlərimizin cənnətməkan ruhunu şad etsə də, şəhid ailələrinin könül yaraları hələ təzədir. Bu zəfərin qazanılmasında Azərbaycan daxili qoşunlarının əsgər və zabitləri də fəal iştirak edərək əhəmiyyətli töhfə verdikləri kimi, onların da sırasından şəhid və qazilər olmuşdur. Odur ki, Yeni il bayramının bu dəfə əvvəlki illərdə olduğu kimi atəşfəşanlıqla, çal-çağırla keçirilməsindən söhbət gedə bilməz. Bir az səbr edək, xalqımızın bundan sonra gözü dolusu qeyd edəcəyi bayramlarımız, şad günlərimiz çoxdur. Maşallah, Böyük Qələbə milli təqvimimizi bayram və bayrama bərabər əlamətdar günlərlə, rayonlarımızın işğaldan azad edildiyi tarixlərlə zənginləşdirib.
Həqiqətən də kollektivimiz polislə əməkdaşlıq etməkdən, tərəf müqabili olmaqdan, asayiş keşikçilərinin cəmiyyətimizdə gördükləri vacib və əhəmiyyətli vəzifənin həyata keçirilməsinə informasiya dəstəyi verməkdən həmişə məmnun olmuş, daxili işlər orqanlarının sabitliyin və əmin-amanlığın, vətəndaşların təhlükəsizliyinin təmini sahəsində xidmətini təqdir etmiş, bu müstəvidə əhalinin maarifləndirilməsi işində əlindən gələni əsirgəməmişdir. Qarşılıqlı olaraq DİN və onun struktur vahidləri də qəzetimizin informasiya təminatına köməklik göstərmiş, öz fəaliyyətləri barədə dolğun məlumatlar vermişlər.
Ümid edirik ki, yeni ildən “102-ci qəzet”in polislə əməkdaşlığı daha da inkişaf edəcək və bu işbirliyimiz Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmlənməsinə xidmət müstəvisində polis-jurnalist münasibətlərinə daim nümunə göstəriləcəkdir.
Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan Polisinə!
Tural Kəlbəcərli, “102-ci qəzet”in baş redaktoru