Koronavirusun mutasiyaya uğramış yeni formaları üzərində araşdırmalar davam edir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yaxın günlər və ya həftələrdə Böyük Britaniya və Cənubi Afrika Respublikasından (CAR) müvafiq tədqiqatların nəticələrinin elan ediləcəyi qənaətindədir.
LEQAL.AZ xəbər verir ki, bu barədə danışan ÜST eksperti Maria van Kerkhove bu qəbildən olan araşdırmaların nəticələrinin əldə olunması zaman tələb etdiyini bildirib. O qeyd edib ki, istənilən virusun dəyişikliyə uğraması normaldır və bu cür dəyişikliklər gözlənilirdi və bir virus nə qədər uzun zaman insanlar arasında yayılırsa, onun bu cür dəyişilmələr üçün imkanları da çoxalır. Onun sözlərinə görə, hazırda qarşıda duran əsas sual peyvənd maddələrinin mutasiyaya uğramış formalara qarşı nə qədər təsirli olduğunu müəyyən etməkdir.
ÜST-ün baş direktoru Tedros Gebreyesus pandemiyadan gələcək üçün nəticə çıxarmağa çağırıb. O qeyd edib ki, insanlarda pandemiya ilə əlaqədar həssaslıq yüksəlib, lakın oxşar digər böhran vəziyyətlərinə hazırlaşmaq üçün əlavə hazırlıq müddətinə ehtiyac olac. Onun sözlərinə görə, koronavirus ötən dövrdə insanlara hansı problemlər içində olduqlarını aydın şəkildə nümayiş etdirib. Qeyri-bərabərlik, yoxsulluq və təcrid vəziyyətində olmanın səviyyəsi virusun yayılmasını sürətləndirən faktorlar arasındadır.(azərtac)