Nur-Sultanda Azərbaycana həsr edilmiş film nümayiş olunub

Nur-Sultanda Azərbaycana həsr edilmiş film nümayiş olunub
  • Cəmiyyət

  • Qazaxıstanın Nur-Sultan şəhərində Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə Zəfər Günü və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan tədbir keçirilib.

    LEQAL.AZ xəbər verir ki, tədbirdə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov, Türkiyənin Qazaxıstandakı səfiri, hərbi attaşeləri, tanınmış politoloqlar, ictimai xadimlər, jurnalistlər, sosial media fəalları və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

    Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bildirib ki, yerli rejissor və bloqerlər sənədli filmi qazax və rus dillərində ərsəyə gətiriblər. Filmdə 30 il ərzində şəhər və kəndlərimizin dağıdılmasından, qaçqın və köçkünlərimizin vəziyyətindən, azad olunmuş ərazilərdən, konfliktin tarixindən bəhs olunur.

    Səfir Vətən müharibəsində Qazaxıstan ictimaiyyətinin ölkəmizə dəstəyini diqqətə çatdırıb.

    Qazaxıstanlı politoloq Talqat Kaliyev qeyd edib ki, Qazaxıstan-Azərbaycan əlaqələri dostluq və qardaşlıq münasibətləri üzərində qurulub. Qazaxıstan Dağlıq Qarabağı hər zaman Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb.

    Türkiyənin Qazaxıstandakı səfiri Ufuk Ekici bildirib ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə qəlbən sevinirik.

    Tədbir çərçivəsində Vətən müharibəsinə həsr olunan "Qarabağ - geri dönən xoşbəxtlik" sənədli filminin təqdimatı keçirilib.

    Qazaxıstanlı jurnalist Almas Altayın müəllifi olduğu film qazaxıstanlı politoloqlar, jurnalist və bloqerlərdən ibarət 10 nəfərlik heyətin Azərbaycana səfəri, Bakı, Bərdə, Gəncə və Şamaxı şəhərlərinə ziyarətləri zamanı çəkilən, müharibənin müxtəlif məqamlarını əks etdirən kadrlar, habelə tarixi videogörüntülər əsasında lentə alınıb.

    Nur-Sultanda təşkil olunan tədbir çərçivəsində 44 günlük müharibə dövründə Qazaxıstanda və dünyada Azərbaycanın haqq səsinin yayılmasına dəstək göstərən yerli ictimai xadimlər, bloqerlər, milli və xarici jurnalistlər mükafatlandırılıb.

    Qarabağ münaqişəsi barədə dəqiq və dolğun məlumatların ictimaiyyətə çatdırılmasına, iki xalq arasında dostluq, qardaşlıq münasibətlərinin və həmrəyliyin gücləndirilməsindəki xidmətlərinə, habelə Azərbaycanın haqq-ədalətin bərpası uğrunda mücadiləsinə verdiyi töhfəyə görə mükafatlandırılan şəxslərə səfir R.Məmmədov tərəfindən “Fəxri fərman” və “Təşəkkür məktubu” təqdim edilib.azərtac

    Qeyd edək ki, “Qarabağ – geri dönən xoşbəxtlik” filmi Qazaxıstanda Qarabağ münaqişəsinin tarixində konfliktin səbəbləri, gedişi və nəticələri barədə qazax və rus dillərində qazaxıstanlı rejissorlar tərəfindən çəkilən ilk əhatəli sənədli filmdir. Ekran işinin süjet xətti öz ardıcıllığı və dinamikası ilə seçilir, münaqişə barədə Azərbaycanın haqlı mövqeyini geniş ictimaiyyətə çatdıra biləcək dəqiq və dolğun məlumatlarla zəngindir.

    Xatırladaq ki, dekabrın 21-də Qazaxıstanlı jurnalist Almas Altayın “Qarabağ – geri dönən xoşbəxtlik” filmi Almatı şəhərində nümayiş olunmuşdu. Filmin nümayişi ölkənin digər şəhərlərində də nəzərdə tutulub.

    PAYLAŞ:

    Oxşar xəbərlər