Fövqəladə Hallar Nazirliyində ABŞ-ın “Samaritan's Purse” təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib FOTO

Fövqəladə Hallar Nazirliyində ABŞ-ın “Samaritan's Purse” təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib  FOTO
  • Cəmiyyət

  • ABŞ-ın xristian-yevangelist beynəlxalq humanitar təşkilatlarından olan “Samaritan's Purse”nin Azərbaycanda səfərdə olan proqramlar və hökumətlə əlaqələr üzrə vitse-prezidenti Ken İsaaksın rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 2-də Fövqəladə Hallar Nazirliyində (FHN) olub.

    FHN-in mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, nümayəndə heyəti ilə görüşən fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağızadə qonaqlara nazirliyin fəaliyyəti haqqında ətraflı məlumat verib. Nazir müavini, həmçinin Azərbaycanın tarixi torpağı olan, erməni vandallarının işğal etdikləri Qarabağda və ona bitişik rayonlarda dini abidələrimizə qarşı törətdikləri vəhşiliklərdən danışıb, tarixi və mədəniyyət abidələrimizi məqsədyönlü şəkildə dağıtdıqlarını bildirib. Azərbaycanın hər zaman tolerant dövlət olduğunu xatırladan nazir müavini ölkəmizdə məscid, kilsə və sinaqoqlara xüsusi diqqət göstərildiyini vurğulayıb.

    Son vaxtlar dünyada geniş yayılmış yeni növ koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması istiqamətində dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə görülən mühüm işlərdən danışan nazir müavini Bakının Xətai rayonunda FHN-in Tibb Mərkəzinin koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının fəaliyyətindən ətraflı söz açıb. Faiq Tağızadə Azərbaycan Prezidentinin tapşırığına əsasən yaradılan bu hospitalın ən müasir standartlara cavab verdiyini, koronavirus infeksiyasına yoluxmuş xəstələrin müalicəsi üçün bütün şəraitin yaradıldığını, müasir avadanlıqla təchiz edildiyini bildirib.

    Səmimi görüşə görə təşəkkürünü bildirən “Samaritan's Purse”nin proqramlar və hökumətlə əlaqələr üzrə vitse-prezidenti Ken İsaaks Azərbaycan xalqını qələbə münasibətilə təbrik edib. Səfərin əsas məqsədinin münaqişədən zərər çəkmiş vətəndaşlara yardım etmək və COVID-19 ilə mübarizə sahəsində ölkəmizə dəstək göstərməkdən ibarət olduğunu vurğulayan qonaq bu istiqamətdə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

    Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

    PAYLAŞ:

    Oxşar xəbərlər