AMEA-da “Yaşıl zəka: iqlim dəyişmələrindən sosial-iqtisadi proseslərədək” mövzusunda elmi konfrans keçirilib

AMEA-da “Yaşıl zəka: iqlim dəyişmələrindən sosial-iqtisadi proseslərədək” mövzusunda elmi konfrans keçirilib
  • Cəmiyyət

  • Sentyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində “Yaşıl zəka: iqlim dəyişmələrindən sosial-iqtisadi proseslərədək” mövzusunda elmi konfrans keçirilib.

    Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli konfransın iqlim gündəliyində müəyyənləşdirilən prioritetlərin elmi müstəvidə nəzərdən keçirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, COP29-dan sonra dünyada alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, “yaşıl” iqtisadiyyata keçidin sürətləndirilməsi istiqamətində strateji addımların atıldığını bildirib. Qeyd edib ki, COP29 “yaşıl enerji”, “yaşıl energetika” və “yaşıl iqtisadiyyat” kimi anlayışların qlobal elmi və siyasi gündəlikdə daha geniş yer tutmasına, bu istiqamətdə yeni yanaşmaların formalaşmasına mühüm təkan verib.

    Akademik İsa Həbibbəyli vurğulayıb ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin iqlim dəyişmələri ilə mübarizədə və “yaşıl” inkişaf gündəliyində fəal mövqeyini daha da gücləndirib. “Yaşıl dünya”nın qurulması və sağlam ətraf mühitin formalaşdırılması COP29-un əsas prioritetləri sırasında yer alıb.

    AMEA prezidenti qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan qlobal iqlim proseslərində fəal rol oynayan ölkələrdən biri kimi mövqeyini möhkəmləndirib. O, Bakı İqlim Fəaliyyəti Həftəsinin keçirilməsini də ölkəmizin bu istiqamətdə qazandığı beynəlxalq nüfuzun və COP29-dan sonra formalaşmış yeni mərhələnin mühüm göstəricilərindən biri kimi dəyərləndirib.

    Hazırda Azərbaycanda keçirilən İqlim Fəaliyyəti Həftəsində AMEA-nın geniş tərkibdə iştirak etdiyini söyləyən akademik İsa Həbibbəyli bildirib ki, dünyanın müxtəlif ölkələrindən iqlim məsələləri ilə məşğul olan dövlət qurumlarının, beynəlxalq təşkilatların, ictimai birliklərin və elmi-tədqiqat müəssisələrinin nümayəndələri Bakıda qlobal iqlim gündəliyinin aktual məsələlərini müzakirə edirlər. Bu kimi genişmiqyaslı tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq iqlim proseslərində artan rolunun göstəricisidir.

    AMEA prezidenti “yaşıl zəka” anlayışının mahiyyətinə də toxunaraq bunun, əslində, “yaşıl elmi təfəkkür” ifadəsi ilə xarakterizə oluna biləcəyini deyib. Qeyd edib ki, “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində AMEA-da “Yaşıl zəka: iqlim dəyişmələrindən sosial-iqtisadi proseslərədək” mövzusunda elmi konfransın keçirilməsi Azərbaycan elminin iqlim gündəliyinə mühüm töhfəsidir.

    “İqlim dəyişmələri artıq yalnız ekoloji məsələ deyil, həm də iqtisadi, sosial, texnoloji və humanitar inkişafla birbaşa bağlı olan kompleks problemdir”, – deyən akademik İsa Həbibbəyli vurğulayıb ki, bu baxımdan elmin qarşısında dayanan əsas vəzifələrdən biri iqlim dəyişmələrinin sosial-iqtisadi proseslərə təsirlərini araşdırmaq, mövcud çağırışlara elmi əsaslandırılmış həll yolları təklif etməkdir.

    AMEA rəhbəri bildirib ki, konfransda təqdim olunacaq məruzələrdə iqtisadi inkişafa və sosial rifaha töhfə verə biləcək, elmi cəhətdən əsaslandırılmış real təkliflərin irəli sürülməsi gözlənilir. O, bu kimi elmi müzakirələrin “Bakı İqlim Fəaliyyəti Həftəsi”nin məqsədlərinə elmi töhfə verməklə yanaşı, həm də Azərbaycan alimlərinin iqlim dəyişmələri ilə bağlı qarşıda duran vəzifələri daha aydın şəkildə müəyyənləşdirməsinə imkan yaratdığını diqqətə çatdırıb.

    Akademik İsa Həbibbəyli çıxışının sonunda Azərbaycanın dünyanın aparıcı iqlimşünaslıq və iqlim araşdırmaları mərkəzlərindən birinə çevrilməsində alimlərin üzərinə mühüm məsuliyyət düşdüyünü vurğulayıb.

    Sonra Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev içıxış edərək qlim dəyişmələrinin təbii fəlakətlərin, sel və güclü yağıntıların, meşə yanğınlarının, su qıtlığının və digər risklərin artmasına səbəb olduğunu söyləyib. O, bu proseslərin səbəb və nəticələrinin obyektiv araşdırılması, müxtəlif elmi yanaşmaların müqayisəli təhlili və iqlim siyasətinin elmi əsaslara söykənməsinin vacibliyini qeyd edib. Həmçinin müasir iqlim dəyişmələrinin təsirlərinin öyrənilməsi üçün yeni texnologiyalardan, müasir laboratoriyalardan və etibarlı elmi məlumatlardan istifadəyə, eləcə də bu sahəyə investisiyaların artırılmasına ehtiyac duyulduğunu diqqətə çatdırıb.

    Muxtar Babayev qeyd edib ki, bərpaolunan enerjiyə investisiyaların sürətlə artması artıq yalnız ekoloji deyil, həm də iqtisadi reallıqdır. 2025-ci ildə alternativ enerjiyə qoyulan qlobal investisiyaların 2,2 trilyon dollara çatdığını bildirən COP29 prezidenti enerji və su təhlükəsizliyinin iqlim dəyişmələri fonunda əsas çağırışlardan birinə çevrildiyini vurğulayıb.

    Bildirib ki, Azərbaycan yaşıl enerji zonalarının və yaşıl dəhlizlərin inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Onun sözlərinə görə, enerji resurslarından istifadənin ətraf mühitə təsirinin minimuma endirilməsi, enerji və su təhlükəsizliyinin gücləndirilməsi də qarşıda duran mühüm vəzifələrdəndir.

    Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi çıxışının sonunda konfransın mövcud elmi tədqiqatların müzakirəsi ilə yanaşı, gələcək araşdırmalar üçün yeni istiqamətlərin müəyyənləşdirilməsi baxımından da əhəmiyyətli olduğunu qeyd edib.

    Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov iqtisadi inkişafla təbiətin qorunması arasında balansın yaradılmasının əsas prioritetlərdən biri olduğunu bildirib, ekoloji risklərin qarşısının alınmasında elmi araşdırmaların və alimlərin rəyinin nəzərə alınmasının vacibliyini vurğulayıb.

    Sadiq Qurbanov iqlim dəyişikliklərində antropogen amillərin mühüm rol oynadığını, enerji resurslarından həddindən artıq istifadənin və ətraf mühitin çirkləndirilməsinin təbii balansı pozduğunu söyləyib. O, bu proseslərin quraqlıq, sel və digər iqlim fəsadlarının artmasına təsir göstərdiyini nəzərə çatdırıb.

    Komitə sədri artan enerji tələbatı fonunda nüvə enerjisinin və digər alternativ enerji mənbələrinin əhəmiyyətinə diqqət çəkib. Həmçinin Azərbaycanın enerji potensialından səmərəli istifadə etməklə yanaşı, yeni enerji imkanlarının da araşdırılmasının vacibliyini bildirib.

    O, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin yaratdığı ekoloji nəticələrin daha dərindən araşdırılmasına ehtiyac olduğunu qeyd edərək alimlərin bu istiqamətdə tədqiqatlar aparmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

    Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov isə çıxışında Azərbaycanda davamlı inkişaf, inklüziv cəmiyyət və ekoloji sivilizasiya istiqamətində formalaşmış təcrübədən danışıb. Alim Azərbaycanda davamlı inkişaf və insan inkişafı məsələlərinin hələ 2000-ci ildə Ulu Öndər Heydər Əliyevin təsdiq etdiyi Təhsil Strategiyasında öz əksini tapdığını, 2005-ci ildən etibarən isə orta məktəblərdə “İnsan və cəmiyyət” fənninin tədrisində müvafiq məsələlərə yer ayrıldığını diqqətə çatdırıb. Akademik Urxan Ələkbərov ekoloji sivilizasiya, davamlı inkişaf və ətraf mühit mövzularında elmi araşdırmaların uzun müddətdir aparıldığını və bu istiqamətdə nəşrlərin hazırlandığını qeyd edib.

    Rektor dünyada meşələrin qırılması və ətraf mühitin qorunması ilə bağlı problemlərə də toxunaraq, davamlı inkişafın elmi yanaşma və səmərəli idarəçilik tələb etdiyini vurğulayıb. Onun sözlərinə görə, Çində kənd təsərrüfatı üçün az yararlı ərazilərin meşələrə çevrilməsi istiqamətində həyata keçirilən proqramlar bu baxımdan nümunədir. Azərbaycanda da ekoloji məsələlərin davamlı inkişaf prinsipləri əsasında diqqətdə saxlanılması vacibdir.

    edib. Bu modelin biomüxtəlifliyin qorunması, iqlimədavamlı kənd təsərrüfatı, yaşıl enerji, biotexnologiyalar və rəqəmsal texnologiyalarla yanaşı, elmi biliklərin qərarqəbuletmə proseslərinə inteqrasiyasını da əhatə etməli olduğunu bildirib.

    Tədbirdə, həmçinin Bakı Dövlət Universitetinin kafedra müdiri AMEA-nın müxbir üzvü Elşad Qurbanov “Azərbaycanın florası və bitkiliyinin müxtəlifliyinə iqlim dəyişikliklərinin təsiri və onların mühafizəsi”, Molekulyar Biologiya İnstitutunun laboratoriya müdiri AMEA-nın müxbir üzvü Pənah Muradov  “Dəyişən ekoloji mühit və mikroorqanizmlər: davamlı inkişaf üçün yeni imkanlar”, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə “Yaşıl zəka, süni intellekt və şüur fəlsəfəsi”, AMEA Rəyasət Heyəti Aparatının şöbə müdiri biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadə “Yaşıl intellekt: elmin fənlərarası populyarlaşdırılmasının yeni drayveri”, Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlu “Azərbaycan folklorunda təbiət kultları: mifoloji təfəkkür və ekofolklorik yaddaş kontekstində”, Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov “Azərbaycanın təbiəti və fauna müxtəlifliyi: müasir ekoloji şəraitdə mühafizə və davamlı inkişaf”,  eləcə də biologiya üzrə fəlsəfə doktoru, dosent Sadıq Qarayev “İqlim dəyişiklərinə daha həsas olan relikt, nadir və endem bitkilərin monitorinqi və mühafizəsi” mövzusunda məruzələrlə çıxış ediblər.

    PAYLAŞ:

    Oxşar xəbərlər