Dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə təşəkkür məktubları ünvanlayıblar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən "Leqal"a verilən məlumata görə, məktublarda Prezident İlham Əliyevin imzaladığı “Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında” 2026-cı il 7 yanvar tarixli Sərəncam ölkəmizdə dövlət-din münasibətlərinin ardıcıl şəkildə inkişaf etdirilməsinin növbəti təzahürü kimi qiymətləndirilir. Sərəncama əsasən, dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3,5 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 400 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 400 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 400 min manat, Sefarad yəhudilərinin Bakı dini icmasına 400 min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 400 min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 400 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 400 min manat ayrılıb.
Sərəncamın Azərbaycan cəmiyyətində birlik, həmrəylik və sosial sabitliyin qorunması baxımından mühüm ictimai əhəmiyyət daşıdığını vurğulayan qeyri-islam dini icmalarının rəhbərləri Prezident İlham Əliyevin ünvanına təşəkkür məktubları göndərərək dini sahəyə göstərilən davamlı diqqətə, maddi və mənəvi dəstəyə görə minnətdarlıqlarını ifadə ediblər.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksiy Smirnov dövlət başçısının dəstəyi sayəsində qurum tərəfindən həyata keçirilən layihələrin önəminə toxunaraq dövlətin dini mənsubiyyətindən asılı olmayaraq tarixi dini abidələrin qorunmasına göstərdiyi diqqəti vurğulayıb.
Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev mədəni-dini irsimizə göstərilən davamlı diqqət və qayğıya görə minnətdarlığını ifadə edib, dünyadakı islamofobiya, ksenofobiya, antisemitizm hallarının artdığı bir dövrdə Azərbaycanın nəinki öz torpağında, həmçinin ölkə xaricində müxtəlif dinlərə aid abidələri diqqətdə saxlamasının təqdirəlayiq hal olduğunu bildirib.
Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski öz məktubunda yəhudi icmasının ölkəmizdə təhlükəsiz, sabit və tolerant mühitdə yaşadığını, dövlətin göstərdiyi qayğının yalnız milli deyil, beynəlxalq səviyyədə də yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasının sədri Robert Mobili müasir Azərbaycanın təkcə iqtisadi inkişafına və ictimai-siyasi sabitliyinə görə deyil, həm də dini durumun və tolerantlığın səviyyəsi, eləcə də xalqın milli-mənəvi dəyərlərinə yüksək münasibət baxımından regionun lider dövləti olduğunu yazıb.
Məktubunda multikulturalizmin Azərbaycan cəmiyyətinin həyat tərzi olduğunu bildirən Sefarad yəhudilərinin Bakı dini icmasının sədri Zamir İsayev dini və etnik müxtəlifliyin ölkəmizdə ayırıcı xətt deyil, əksinə, birlik və həmrəyliyi gücləndirən mühüm amil kimi qəbul olunduğunu vurğulayıb. Qeyd edib ki, dövlətin dini icmalara göstərdiyi davamlı diqqət bu müxtəlifliyin böyük və dəyərli sərvət kimi qiymətləndirildiyini bir daha təsdiqləyir.
Azərbaycan Bibliya Cəmiyyəti xristian dini icmasının sədri Rasim Xəlilov qeyd edib ki, dini icmalara dövlət səviyyəsində göstərilən bu diqqət rəhbərlik etdiyi icmanın inkişafına təkan verməklə yanaşı, vətəndaşların mənəvi dünyasına ali qayğının bariz nümunələrindəndir.
İsmayıllı rayonu İvanovka kəndi, Sumqayıt şəhər və Qobustan rayonu Hilmilli kəndi “Molokan-ruhani-xristian” dini icmaları, “Vineyard Azərbaycan”, “Şərqdə Ulduz”, “Həyat sözü”, Sumqayıt şəhəri “Həyat sözü-2” Xristian dini icmaları, Bakı şəhəri və Sumqayıt şəhəri Alov-Xristian dini icmaları tərəfindən dövlət başçısına ünvanlanan məktublarda dövlətin dini konfessiyaların fəaliyyətinə göstərdiyi dəstək yüksək qiymətləndirilib. Eyni zamanda, “Yeddinci Günün Adventistləri”, “Gəncə şəhəri Yeddinci Günün Adventistləri”, “Bakı şəhəri Yeni Apostol” xristian, Yevangelik xristian baptistlərin kilsəsi, Krişna Şüuru, Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape”, “Yeni Həyat” Xristian incil, Xilaskar Yevangelik Lüteranların Bakı dini icmaları və Azərbaycan Bəhailəri dini mərkəzi bu yanaşmanın cəmiyyətdə qarşılıqlı anlayış və tolerantlıq mühitini daha da möhkəmləndirdiyini qeyd ediblər.