Vyetnam-Azərbaycan əlaqələri bir çox istiqamətlərdə müsbət dinamika ilə inkişaf edir

Vyetnam-Azərbaycan əlaqələri bir çox istiqamətlərdə müsbət dinamika ilə inkişaf edir
  • Cəmiyyət

  • Prezident İlham Əliyevin uzaqgörən strateji baxışı, qlobal prosesləri dərindən təhlil etmək bacarığı və peşəkar diplomatik ustalığı sayəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş, sabitlik və inkişaf məkanı kimi qəbul olunur. Dövlət başçısının həyata keçirdiyi çoxşaxəli və çevik xarici siyasət kursu Azərbaycanın bir sıra dünya dövlətləri ilə münasibətlərini keyfiyyətcə yeni səviyyəyə yüksəltməyə şərait yaradıb. Bu baxımdan, Vyetnam Sosialist Respublikası ilə əlaqələrin dinamik şəkildə inkişafı xüsusi qeyd olunmalıdır.

    Mayın 7-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə rəsmi səfəri çərçivəsində baş tutan yüksək səviyyəli görüşlər, imzalanmış sənədlər və əldə olunan razılaşmalar göstərir ki, Azərbaycan-Vyetnam münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən müzakirələrin həm məzmun, həm də nəticə baxımından məhsuldar və səmərəli olması, liderimizin diplomatik məharətini və tərəfdaş ölkələrlə münasibətlərə verdiyi strateji önəmi bir daha təsdiqləyir. Siyasi dialoqdan tutmuş iqtisadi, energetika, mədəniyyət, təhsil, müdafiə sənayesi və nəqliyyat sahələrinə qədər geniş spektrdə əməkdaşlıq perspektivlərinin formalaşması, məhz Prezident İlham Əliyevin beynəlxalq əlaqələri dərinləşdirmək istiqamətində atdığı uğurlu addımların təzahürüdür.

    Azərbaycan Prezidentinin səfəri zamanı mətbuata verdiyi bəyanat bir tərəfdən Azərbaycan-Vyetnam münasibətlərinin mövcud vəziyyətini dəqiq şəkildə əks etdirir, digər tərəfdən isə bu əlaqələrin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir. Xüsusilə “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ın imzalanması, ölkələrimiz arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Bu sənəd ikitərəfli əməkdaşlığı daha da dərinləşdirən mühüm siyasi çərçivə rolunu oynayır.

    Prezident İlham Əliyevin vurğuladığı kimi, bu səfər və imzalanan sənədlər yalnız siyasi deyil, həm də iqtisadi, enerji, müdafiə, nəqliyyat, rəqəmsal inkişaf, mədəniyyət və digər sahələri əhatə edən genişmiqyaslı əməkdaşlıq imkanları açır. Ticarət və investisiya mübadiləsinin artırılması istiqamətində atılan addımlar, SOCAR və PetroVietnam arasında anlaşmalar, o cümlədən bərpaolunan enerji sahəsində ortaq layihələrin perspektivi, qarşılıqlı maraqlara əsaslanan praktiki əməkdaşlığın inkişafını təmin edəcəkdir.

    Azərbaycanın bu gün yaşıl enerji sahəsində təşəbbüskar mövqeyi Prezident İlham Əliyevin strateji baxışının bariz nümunəsidir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, yaxın 5 ildə 6500 meqavat gücündə bərpaolunan enerji layihələrinin həyata keçirilməsi ölkəmizi bu sahədə regional liderə çevirir. Vyetnam şirkətlərinin bu sahəyə sərmayə yatırmaq imkanlarının müzakirə edilməsi və Azərbaycan şirkətlərinin də Vyetnamda fəaliyyətə maraq göstərməsi, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

    Digər mühüm istiqamət isə müdafiə sənayesi sahəsində əməkdaşlıqla bağlıdır. İki ölkənin bu sahədə malik olduğu potensialın birləşdirilməsi və ortaq layihələrin təşviqi, regional sabitlik və təhlükəsizlik müstəvisində də əhəmiyyətli rol oynaya bilər. Bununla yanaşı, mədəniyyət, təhsil və arxiv işi üzrə imzalanmış anlaşma memorandumları xalqlarımız arasında humanitar əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcək.

    Prezident İlham Əliyev həmçinin beynəlxalq təşkilatlar çərçivəsində, xüsusən də BMT və Qoşulmama Hərəkatında Azərbaycan ilə Vyetnam arasında mövcud həmrəyliyi yüksək dəyərləndirmişdir. Azərbaycanın bu təsisata sədrliyi dövründə göstərdiyi təşəbbüslər və prinsipial mövqe, dünya miqyasında ölkəmizə böyük hörmət qazandırmışdır.

    Dövlət başçısının bəyanatında qeyd olunduğu kimi, Azərbaycan və Vyetnam bir sıra məsələlərdə ortaq mövqedən çıxış edir, dövlət suverenliyi, ərazi bütövlüyü və beynəlxalq hüququn aliliyi prinsipləri əsasında əməkdaşlıq aparır. Bu isə onu göstərir ki, ölkələrimiz arasında əlaqələr yalnız iqtisadi və siyasi maraqlarla deyil, həm də beynəlxalq hüquqa və ədalətə əsaslanan dəyərlərlə bərqərar olub.

    Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yürüdüyü xarici siyasət kursu ölkəmizin beynəlxalq müstəvidə nüfuzunu daha da artırır, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir və yeni əməkdaşlıq imkanları yaradır. Vyetnam Kommunist Partiyasının Baş katibi To Lamın Azərbaycana səfəri də bu baxımdan mühüm əhəmiyyət daşıyır və əminliklə demək olar ki, bu səfərin nəticələri gələcəkdə konkret layihələrə çevriləcəkdir.

    Sonda qeyd etmək istərdim ki, Azərbaycanın Vyetnamla münasibətlərinin yeni mərhələyə qədəm qoyması təkcə ikitərəfli əlaqələrin deyil, eyni zamanda Prezident İlham Əliyevin müstəqil və milli maraqlara əsaslanan xarici siyasət strategiyasının növbəti parlaq nəticəsi kimi dəyərləndirilməlidir.

    Məşhur Məmmədov
    Milli Məclisin deputatı
    PAYLAŞ:

    Oxşar xəbərlər