
Kəmər və Yol Təşəbbüsü — Çin hökumətinin 2013-cü ildə 70-ə yaxın ölkəyə və beynəlxalq təşkilata sərmayə yatırmaq məqsədilə qəbul etdiyi qlobal infrastruktur inkişaf strategiyası. Bu, Çin Kommunist Partiyasının (ÇKP) baş katibi və Çinin rəhbəri Si Tszinpinin xarici siyasətinin mərkəzi hissəsidir. O, təşəbbüsü ilk olaraq 2013-cü ilin sentyabrında Qazaxıstana rəsmi səfəri zamanı strategiyanı "İpək Yolu İqtisadi Kəməri" adı ilə elan etmişdir.
Kəmər və Yol Təşəbbüsünün infrastruktur investisiyalarına nümunələr limanlar, göydələnlər, dəmir yolları, avtomobil yolları, hava limanları, su bəndləri, kömürlə işləyən elektrik stansiyaları və dəmiryolu tunelləridir.
Hətta təşəbbüs 2017-ci ildə Çin Konstitusiyasına daxil edilmişdir.
Azərbaycan İpək Yolu İqtisadi Kəmərinin Orta dəhlizində yerləşməkdədir. 4.256 km dəmir yolu və 508 km dəniz yolunu əhatə edən bu dəhliz Çin–Qazaxıstan sərhəddindən Azərbaycana (Xəzər dənizi ilə) və buradan da Gürcüstan və Türkiyəyə qədər uzanır.
Azərbaycan “Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndirir. Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb. Bunu Prezident İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində deyib.
“Özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir”, - deyə Azərbaycan Prezidenti bildirib.
Bu təşəbbüs həm Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin artmasına gətirib çıxarır, həm də ölkəmiz üzərindən daha çox yük daşınmasına zəmin yaradır. Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun ölkəmizin xarici ticarət dövriyyəsində payı 7,9 faiz olub. Azərbaycana idxal üzrə isə Çin artıq lider olub. Azərbaycandan da Çinə ixrac artır. Azərbaycan ticarət və şərab evləri artıq Çinin Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində fəaliyyət göstərir, ikitərəfli ticari münasibətlərinin inkişafında mühüm rol oynayırlar. Çinlə əməkdaşlıq Azərbaycana bu ölkənin resurslarına və bazarına sərfəli çıxış imkanları yaradır.
Çinin Avropaya ixracında Azərbaycan getdikcə daha mühüm rol oynayır. Xüsusən də Orta Dəhliz üzərindən daşınan yüklərin miqdarının sürətlə artması da bunun faktiki təzahürlərindən biridir. Prezident İlham Əliyev 2022-ci ildə keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bu dəhlizin potensialından geniş bəhs edib: “İki qitənin ortasında yerləşirik və bu bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Lakin infrastrukturun fiziki olaraq mövcudluğu ən vacib məsələ idi və biz bu sektora uzun illər ərzində sərmayə yatırmışıq. İndi isə dəmir yolları əlaqələrimizə, yol infrastrukturumuza baxdıqda biz Azərbaycanda hər şeyin hazır olduğunu görürük”.
Azərbaycan baxımından isə Orta dəhliz Azərbaycanın regional tranzit mərkəzi olaraq mövqeyini gücləndirir və həmçinin Azərbaycan-Gürcüstan-Türkiyə strateji üçbucağının daha da dərinləşməsinə töhfə verir. Bu dəhlizdə Azərbaycanın həlledici rol oynaması, Azərbaycanın sadəcə Çin baxımından deyil, həmdə Avropa və region ölkələri baxımından da strateji əhəmiyyətini daha da artırmaqdadır. Azərbaycanın Şərq-Qərb dəhlizində kilid ölkə olaraq fəaliyyət göstərir.
Siyasi baxımdan, Azərbaycanın Orta dəhlizdə həll edici rol oynaması və Azərbaycan-Çin münasibətlərinin dərinləşməsi, Azərbaycanın siyasi arenada manevr qabiliyyətinin artması və Çinin aparıcı ölkə olduğu (məsələn: Asiya İnfrastruktur İnvestisiya Bankı) beynəlxalq təşkilatlarla münasibətlərinin inkişaf etməsinə zəmin yaradır.
Çinin ixracat yollarını şaxələndirməsi, nəqliyyat xərclərini azaldaraq öz mallarını Avropaya ən qısa yol ilə çatdırılması planlarına uyğun olduğu kimi, Azərbaycanın regional nəqliyyat mərkəzi olması yolunda inkişafı planlarınada töhfə verir.
Azərbaycan “Kəmər və yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələr sırasında yer alır.
Fərziyev Əfrail,
YAP veteranı