Azərbaycan-Gürcüstan münasibətləri: ikitərəfli əlaqələrinin inkişafı

Azərbaycan-Gürcüstan münasibətləri: ikitərəfli əlaqələrinin inkişafı
  • Cəmiyyət

  • Azərbaycan ilə Gürcüstan arasında müstəqillikdən sonra yaranan münasibətləri iki mərhələyə bölmək olar. Birinci mərhələ — 1991-ci ildən 1993-cü ilə qədər olan müddəti əhatə edir. Zviad Qamsaxurdiya dövründə yaranan gürcü millətçiliyi yerli azərbaycanlılara qarşı çevrildi. Gürcü millətçiliyi Qafqazda Azərbaycanın milli mənafeyinə təhlükə törədirdi. 1993-cü ildə Heydər Əliyevin və Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi Cənubi Qafqazda iki xalq arasında ziddiyyətlərin aradan qalxmasına kömək etdi. Azərbaycanla Gürcüstanı aşağıdakı siyasi xətlər birləşdirir:

    Müstəqil dövlətin möhkəmlənməsi və beynəlxalq əlaqələrin genişlənməsi, Qafqazda nisbi siyasi sabitliyin yaranması.Transqafqaz və Transxəzər magistralının təhlükəsizliyinin təmin edilməsi.Demokratik cəmiyyətin, hüquqi dövlətin qurulması.

    Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. SSRİ dağılandan sonra hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər iki ölkə arasında partnyorluq münasibətlərinin yaranmasına gətirib çıxardıb. Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış edib. İkitərəfli münasibətlər Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlayıb. Həmin səfər zamanı tərəflər “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik” və “Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq” haqda qarşılıqlı bəyannamələr imzalayıblar. 1997-ci ilin fevralında Gürcüstan Prezidenti Eduard Şevardnadzenin Bakıya səfəri zamanı isə iki ölkə arasında strateji əməkdaşlığın inkişafına dair yeni bir sənədə imza atılıb. Müqavilə iqtisadi, ekoloji, təhsil, rabitə və s. Sahələr üzrə əməkdaşlığı əhatə edir.

    Azərbaycan Respublikası Gürcüstanla ikitərəfli əlaqələrinə xüsusi əhəmiyyət verir və ikitərəfli əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə maraqlıdır. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nəaliyyətlərin əsasını təşkil edir. Bu gün Azərbaycan-Gürcüstan əlaqələrində fəal işbirliyinin müşahidə edilmədiyi hər hansı bir sahə mövcud deyildir.

    Xüsusilə, Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır.

    Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin inkişafında XİN-lərarası siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və parlamentlərarası dostluq qrupu platformaları vacib rol oynayır.

    Bununla yanaşı, Azərbaycan və Gürcüstan yaşıl enerji layihələrində də əməkdaşlıq edir. Qlobal enerji bazarında yaşıl enerjiyə olan tələbatın artması bu sahədəki birgə layihələrin perspektivlərini genişləndirir. Həmçinin Orta Dəhliz layihəsi çərçivəsində iki ölkə Avropa və Asiya arasında nəqliyyat bağlantısının gücləndirilməsi üçün koordinasiyalı fəaliyyət göstərir. Bu əməkdaşlıq yalnız ikitərəfli əlaqələrin deyil, həm də regional və qlobal miqyasda enerji və nəqliyyat təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.

       Azərbaycan və Gürcüstanın təhlükəsizlik sahəsində maraqları da üst-üstə düşür. Hər iki ölkə beynəlxalq platformalarda daim bir-birinə dəstək verib, ərazi bütövlüyü məsələsində eyni mövqedən çıxış edib. Gürcüstan Azərbaycanın Cənubi Qafqazda əməkdaşlıq formatının yaradılması təşəbbüsünü dəstəklədiyini bəyan edib.

     

    Elanora Babayeva,
    Masallı şəhər 2 nömrəli tam orta məktəbin tarix müəllimi

     


    PAYLAŞ:

    Oxşar xəbərlər