
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ictimai xadim, ədib, alim və pedaqoq Mir Cəlal Paşayev həm də xeyirxah, sadə və insanpərvər şəxsiyyət kimi yaddaşlarda qalıb. Mir Cəlal Paşayev özünün geniş ədəbi fəaliyyəti ilə ədəbiyyatımızın inkişafına əhəmiyyətli töhfələr vermiş, Azərbaycanın ədəbi-bədii fikrində və elmində özünəməxsus yeri olan böyük ziyalılarımızdandır.
Çoxşaxəli yaradıcılıq fəaliyyəti olan Mir Cəlal əsərlərində sosial və psixoloji mövzulara toxunmuş, insan təbiətini, onun daxili aləmini və cəmiyyətdəki yeri haqqında dərindən düşünmüşdür. Yazçının yazı stili, bədii təfəkkürü və humanist yanaşması geniş oxucu kütləsi tərəfindən bəyənilmişdir. Xalq dilinə dərindən bağlılığı olan yazıçının bədii əsərlərindəki axıcılıq, rəvan təhkiyə oxucusunun qəlbini fəth etmişdir.
XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal Paşayevin ədəbi irsi Azərbaycan ədəbiyyatının inkişafında mühüm yer tutur. Bu gün də geniş oxucu kütləsi tərəfindən oxunan və təhlil edilən yazçının əsərləri bir çox gələcək nəsillər üçün örnək olmuşdur. Ədəbiyyatımızın ən mühüm əsərlərini dərindən təhlil edən Mir Cəlal həm də böyük bir ədəbiyyatşünasi idi. Alimin “Füzuli sənətkarlığı”, “XX əsr Azərbaycan ədəbiyyatı”, “Azərbaycanda ədəbi məktəblər (1905-1917)”, “Ədəbiyyatşünaslığın əsasları” adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qiymətli mənbələrindəndir. Onun irsi, onun çoxsaylı əsərləri və elmi məqalələri bu gün də geniş şəkildə öyrənilməkdədir. Mir Cəlalın adı həm yazıçı kimi, həm də ədəbiyyatşünas kimi ədəbiyyat tarixində qalmışdır, əsərləri isə Azərbaycan ədəbiyyatının klassik nümunələrindən sayılır.
Mir Cəlal Paşayevin ədəbi fəaliyyəti Azərbaycan ədəbiyyatının zənginləşməsinə, dərinləşməsinə və daha geniş oxucu auditoriyasına çatmasına böyük təsir göstərmişdir. O, yalnız Azərbaycan ədəbiyyatının deyil, həm də dünya ədəbiyyatının mövzularını, janrlarını və formalarını dərindən mənimsəmiş və bu bilikləri öz əsərlərində və elmi yazılarında təqdim etmişdir.
Ədəbiyyat və elm sahələrində müstəsna xidmətləri olan Mir Cəlal Paşayevin 100 illiyinin YUNESKO səviyyəsində qeyd olunması, ilk növbədə, ölkəmizə, mədəniyyətimzə dünya miqyasında verilən dəyərin bariz nümunəsidir.
“Həyatımda yaratdığım ən böyük əsər ailəmdir”-deyən, şəcərə etibarı ilə imam (seyid) nəslindən (dördüncü imam Zeynalabdinin nəslindən) olan Mir Cəlal Paşayevin övladları da atalarının yolunu davam etdirərək Azərbaycan elminin və təhsilinin inkişafına mühüm töhfələr verməkdədirlər. Yazçının nəvəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fonudunun prezidenti Mehriban xanım Əliyeva Mir Cəlal Paşayev kimi xeyirxahlıq, humanizm və insanprəvərlik missiyasını layiqincə yerinə yetirərək nəinki ölkəmizdə, eyni zamanda dünyada özünə böyük nüfuz qazandırmışdır.
Beləliklə, xeyirxah və təvazökar insan, böyük ziyalı, yazıçı və alim Mir Cəlal Paşayev əziz xatirəsi oxucuların, Mir Cəlal sevərlərin, xalqımızın qəlbində daim yaşayacaq.
Anar Məcidzadə
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.