Azərbaycan-Şimali Makedoniya əlaqələri

Azərbaycan-Şimali Makedoniya əlaqələri
  • Cəmiyyət

  •  Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsi üçün böyük potensial vardır və Şimali Makedoniya Prezidentinin ikinci səfəri bu imkanları daha da genişləndirir. Xüsusilə də enerji sahəsindəki əməkdaşlıq, ötən ildən Şimali Makidoniyaya qaz ixracı, turizm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq yeni imkanların açılması deməkdir.

    Qədim tarixi olan Makedoniya və Azərbaycan xalqı oxşar keçmişə, bənzər talelərə malikdirlər. Dünyada mürəkkəb tarixi yol keçmiş, bəşəriyyətə görkəmli sərkərdələr bəxş etmiş bu iki ölkə  müəyyən dönəmlərdə müstəmləkə ölkəsi olaraq mücadilə aparıblar. Makedoniyalılar da azərbaycanlılar kimi 1990-ci illərdə müstəqillik qazandılar. Yuqoslaviya və SSRİ-nin dağılması nəticəsində Şimali Makedoniya ilə Azərbaycan müstəqil dövlət oldular. Bu gün Avropada Azərbaycanla ən yaxşı münasibətləri, güclü əlaqələri olan dövlətlər məhz Balkan yarımadasında yerləşir. Ölkələrimiz arasında güclü iqtisadi əməkdaşlıq digər sahələr üzrə də əlaqələrimizin inkişafına geniş imkanlar yaradır.

    Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda Şimali Makedoniyaya təyin olunub.

    Prezident İlham Əliyevin Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanata toxunan M.Vəliyeva bildirdi ki, imkanların mövcudluğuna baxmayaraq, bu günə qədər ölkələrimiz arasında ticari-iqtisadi sahədə o qədər böyük nəticələr əldə edilməyib. 

    Azərbaycan qazının artıq Şimali Makedoniya bazarına çatdırılması ciddi iqtisadi hadisədir. Bu gün Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir. Onların böyük əksəriyyəti – 10-u Avropa ölkəsidir. Mədəniyyət diplomatiyasının gücünə inanan xanım Davkova humanitar sahədə də əməkdaşlığa xüsusi əhəmiyyət verir. Ölkəmizin mədəni dəyərləri ilə maraqlanır və bu yanaşmanı ölkəmiz yüksək dəyərləndirir. Şimali Makedoniya Prezidentinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunacaq XII Qlobal Bakı Forumunda iştirakı həm ölkəmizə göstərilən diqqətin, həm də Forumun əhəmiyyətinin göstəricisidir. Forum artıq dünya miqyasında layiqli yerini tuta bilib. 

     Uzun müddət peşəkar siyasi fəaliyyətlə məşğul olmuş, beynəlxalq təşkilatlarda yüksək vəzifələrdə çalışmış xanım siyasətçinin Bakıya səfəri, Forumda çıxışı və tələbələrlə görüşü yüksək qiymətləndirilməlidir. Qordana Silyanovska-Davkovanın martın 11-də ADA Universitetində tələbələrlə görüşdə həm Şimali Makedoniyanın, həm də Azərbaycanın yeni dünya düzənindəki mövqeyi, qarşılıqlı maraqları haqqında açıq çıxışları, tələbələrin suallarına ətraflı cavabları diqqətəlayiq idi. 

    Azərbaycan gəncləri bu cür təcrübəli siyasətçilərdən bəhrələnməli, faydalanmalıdır. Xanım Qordana Silyanovska-Davkova səfər zamanı onu da qeyd etdi ki, Şimali Makedoniya Azərbaycanla diplomatik və xidməti pasport sahibləri üçün viza tələbinin tətbiqini ləğv edəcək, ölkəmizin mədəniyyətini öyrənməyə, elm və təhsil sahəsində əməkdaşlığı gücləndirməyə davam edəcəkdir. Sonda bir daha qeyd etmək istəyirəm ki, Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkovanın Azərbaycan mədəniyyətinə  rəsmi səfəri yaxın zamanlarda Bakı ilə Skopye arasında ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyini şərtləndirəcək.


    Ceyhun Hüseynov,
    Masallı RMX İƏ üzrə mütəxəssis
    PAYLAŞ:

    Oxşar xəbərlər