20 Yanvar faciəsi və Heydər Əliyevin prinsipial mövqeyi  

20 Yanvar faciəsi və Heydər Əliyevin prinsipial mövqeyi   
  • Cəmiyyət

  • Tariximizdə çox kədərli bir hadisə olaraq yer alan 20 Yanvar qırğınında Sovet ordusu qadın, uşaq, qocaya fərq qoymadan  müstəqillik istəyən azərbaycanlıları mərhəmətsizcəsinə qətl etmişdir. Azərbaycan xalqına qarşı tətbiq edilən bu vəhşilik əks-təsir yaratmış və müstəqil Azərbaycan Respublikasının qurulmasında dönüş nöqtələrindən biri olmuşdur. Bu faciədən sonra Azərbaycan xalqı səsini daha da yüksəklərə çatdırmaq üçün səy göstərmiş, 18 oktyabr 1991-ci ildə müvəffəqiyyət qazanaraq, müstəqilliyini bütün dünyaya elan etmişdir. Ulu Öndər  Heydər Əliyev 1990-cı il  yanvarın 20-də baş verən bu hadisənin Azərbaycan xalqına qarşı törədilmiş bir cinayət olduğunu dilə gətirərkən, Azərbaycandakı idarəçilərin bu hadisə haqqında lazımi tədbirləri görmədiyini diqqətə çatdırmış, qətliamı törədən və bu qırğında günahkar olan insanların ciddi şəkildə cəzalandırılmasının vacibliyini bildirmişdir.  

    1980-ci illərdə SSRİ üçün həm iqtisadi, həm də siyasi çətinliklər başlamışdı. Mixail Qorbaçovun başçılığı ilə aparılan bir sıra islahat tədbirləri bu çətinliklərə çarə olmamış, yarımçıq qalmışdı. Bu şərait isə zəngin təbii sərvətləri olan Azərbaycanın talan edilməsinə yol açmışdı. Azərbaycan xalqına göz görə-görə ermənilər tərəfindən edilən haqsızlıqlara həm ümumittifaq, həm də Azərbaycan Kommunist Partiyasının səssiz qalması azərbaycanlıları hərəkətə keçirmişdir. Xalq uzun müddətdir davam edən təzyiqdən yorulmuş, meydanlarda “Azadlıq!” şüarlarını səsləndirməyə başlamışdı. Ermənilərin tarixi Azərbaycan torpaqlarında, Qarabağda və sərhəd bölgələrində Azərbaycan xalqına qarşı tətbiq etdiyi qəddarlıqlar nəticəsində məcburi köçlər olmuşdur. Belə bir şəraitdə Moskvanın da ermənilər lehinə mövqeyi vəziyyəti daha da gərginləşdirmişdi.  

    Azərbaycan xalqı sovet hökuməti tərəfindən özünə göstərilən tamamilə haqsız münasibətə qarşı Bakı şəhərinin ətrafında barrikadalar quraraq etiraz edəcəyini bildirmişdi. Yenə 18 yanvar 1990-cı il tarixində Bakı və digər bölgələrdə böyük yürüşlər təşkil edilmiş, artıq respublika miqyasında ümumi bir tətil elan olunmuşdu. Belə şəraitdə sovet rejimi 1990-cı ilin 19 yanvar günü Bakıda fövqəladə vəziyyət elan etdi. 

    Bu barədə əmrin gecə yarısı həyata keçirilməsi gözlənərkən, hələ saat 20:00 olmadan Azərbaycan Televiziyası SSRİ xüsusi təyinatlıları tərəfindən partladıldı. Məqsəd xalqa xəbər vermədən onlara silahlı hücum etmək, küçədəki insanları qətlə yetirmək idi. Sovet ordusunun yanvarın 19-dan 20-nə keçən gecə odlu silahlardan istifadə edərək Bakıya girişi nəticəsində 137 nəfər şəhid olmuş, təxminən, 700 adam yaralanmış, bir çox mülki insan isə həbs edilmişdir. Əksəriyyəti xalq hərəkatının iştirakçıları olan vətəndaşlar isə bu işğala qarşı əlindən gəldiyi qədər müqavimət göstərməyə çalışmışdır. 

    20 yanvar 1990-cı il hadisələri Azərbaycan Respublikasının müstəqilliyə gedən yolunda ən böyük sınaqlarından biri olmuş və Azərbaycan xalqı bu sınaqdan üzüağ, alnıaçıq çıxmağı bacarmışdır. Hadisənin ertəsi günü Heydər Əliyevin imperiya mərkəzi olan Moskvada mətbuat konfransı keçirməsi, sovet rejimini ifşa etməsi və həqiqəti dünya ictimaiyyətinə çatdırması da bu yolda böyük bir cəsarət nümunəsi olmuşdur.   16 dekabr 1999-cu il tarixdə Azərbaycan Prezidenti Heydər Əliyev 20 Yanvar faciəsinin 10-cu ildönümü haqqında fərman imzalayaraq bu günün xatirəsinə dövlət səviyyəsində lazımi hazırlıq və mərasimlərin keçirilməsi barədə göstəriş vermişdir. 20 Yanvar qətliamı hər il Ümumxalq Hüzn Günü kimi qeyd edilir və dövlət səviyyəsində tədbirlər keçirilir. Şəhidlərin dəfn edildiyi Şəhidlər Xiyabanı dövlətin yüksək səviyyəli rəsmi şəxsləri və xalq tərəfindən ziyarət edilir.  

    Bu gün Rusiya Federasiyası özünü qətliamın səbəbkarı olan SSRİ-nin varisi kimi görür. Uzun müddət 20 Yanvar faciəsinə lazımi diqqəti göstərməyən Rusiya Federasiyası dövlət rəsmilərinin bu qətliama dair mövqelərində V.V.Putin dövründə müsbət dəyişikliklər görünür. Rusiya Federasiyasının prezidenti Vladimir Putin 2001-ci ildə Azərbaycanda səfərdə olarkən Şəhidlər Xiyabanını ziyarət edərək əklil qoymuş, şəhidlərin xatirəsini sükutla yad etmişdir.



    İlkin Quliyev,
    YAP Masallı rayon təşkilatının məsləhətçisi
    PAYLAŞ:

    Oxşar xəbərlər