“MDB ölkələri xalqlarının epos mədəniyyəti: ənənə və çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans

“MDB ölkələri xalqlarının epos mədəniyyəti: ənənə və çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans
  • Cəmiyyət

  • Dekabrın 17-də AMEA-nın Rəyasət Heyətində “MDB ölkələri xalqlarının epos mədəniyyəti: ənənə və çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

    Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Asiya Elmlər Akademiyası və Cəmiyyətləri Assosiasiyasının (AASSA) prezidenti professor Əhməd Nuri Yurdusev, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru, Rusiya Elmlər Akademiyası Maksim Qorki adına Dünya ədəbiyyatı İnstitutunun aparıcı elmi işçisi filologiya elmləri doktoru Abuzər Bağırov, Pakistan Ədəbiyyat Akademiyasının prezidenti professor Najeeba Arif, Çin Sosial Elmlər Akademiyasının Ədəbiyyat Tədqiqatları İnstitutunun direktor əvəzi professor Lu Yusong, Vyetnamın Hanoy Universitetinin əməkdaşı Nguyen Van Çien, Özbəkistanın Fərqanə Dövlət Universitetinin Ədəbiyyatşünaslıq kafedrasının müdiri professor Mənzurə Jurayeva, AMEA Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat və Folklor İnstitutunun nümayəndələri və aidiyyəti şəxslər iştirak ediblər.

    Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli uzun illər sonra bu günlərdə Bakıda ilk dəfə qədim və tarixi ənənələrə malik olan Asiya xalqlarının ədəbiyyatına həsr olunmuş “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfransın keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, konfransda Türkiyə, Pakistan, Çin, Hindistan, Cənubi Koreya, Vyetnam, Özbəkistan, Qazaxıstan və başqa ölkələrdən nüfuzlu elm xadimləri iştirak edib, öz ölkələrinin ədəbiyyatı, mədəniyyəti və ümumilikdə Asiya xalqları arasında ədəbi-mədəni əlaqələrin inkişafına təkan verəcək mövzularda zəngin məruzələrlə çıxışlar ediblər.

    Akademik İsa Həbibbəyli xüsusilə Vyetnamdan uzun illər sonra bir mütəxəssisin Akademiyanı ziyarət etdiyini, beynəlxalq konfransda Hanoy Universitetinin əməkdaşı Nguyen Van Çienin “Vyetnam və italyan xalqlarının ədəbiyyat və həyat tərzinə müqayisəli yanaşma” mövzusunda çıxış etdiyini bildirib. AMEA rəhbəri, həmçinin Qazaxıstan nümayəndə heyətinin “Türk dünyası ədəbiyyatında milli oyanışlar” mövzusunda Azərbaycan, Türkiyə və qazax alimlərinin birgə iştirakı ilə layihə icra etdiyini, onların da bu çərçivədə konfransda təmsil olunduqlarını söyləyib.

    Akademik İsa Həbibbəyli Bakıda “MDB ölkələri xalqlarının epos mədəniyyəti: ənənə və çağırışlar” mövzusunda beynəlxalq elmi konfransın keçirilməsi barədə hələ bir bir neçə il öncə AMEA-da MDB dövlətlərinin alimlərinin iştirakı ilə baş tutmuş “Qayaüstü mədəniyyət: mif, rəsm və dünya” mövzusunda beynəlxalq tədbirdə razılığa gəlindiyini bildirib. Sonrakı illərdə dövlətlərarası danışıqların davam etdirilməsi nəticəsində bu gün geniş heyətlə belə bir mötəbər tədbirin baş tutduğunu diqqətə çatdırıb.

    AMEA rəhbəri bir neçə il öncə Pakistan Ədəbiyyat Akademiyası tərəfindən “Kitabi-Dədə Qorqud” dastanının urdu dilinə tərcümə olunduğunu və qardaş ölkədə geniş təqdimatının keçirildiyini söyləyib. Hazırda isə Cənubi koreyalı mütəxəssislər tərəfindən “Kitabi-Dədə Qorqud” dastanının koreya dilinə tərcümə edilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib.

    “Türk xalqlarının ortaq eposu mədəniyyəti Asiya xalqlarının eposu üçün bir növ açar rolunu oynayır”, - deyə bildirən akademik İsa Həbibbəyli bugünkü tədbirdə də sanballı məruzələrin dinləniləcəyini söyləyib, konfransın işinə uğurlar arzulayıb.

    Daha sonra tədbirdə AMEA-nın Folklor İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru, professor Ramazan Qafarlının “Kitabi-Dədə Qorqud”da zaman, məkan və kəmiyyət vəhdəti (xronotoplar və  uzunluq toposları)”, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru, Rusiya Elmlər Akademiyası Maksim Qorki adına Dünya ədəbiyyatı İnstitutunun aparıcı elmi işçisi filologiya elmləri doktoru Abuzər Bağırovun “İqor Polku” dastanı haqqında söz: əfsanə və reallıqlar”, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru, professor Füzuli Bayatın “Koroğlu: mifik qəhrəmandan haqq arayan epik qəhrəmana”, Özbəkistan Milli Elmlər Akademiyasının Özbək dili, ədəbiyyatı və folkloru İnstitutundan dos. Dr. Gülnaz Sattarovanın “Özbək dastançılıq ənənələri və müasir dövr”, Abay Qazax Milli Pedaqoji Universitetindən Zhanakul Sametovanın “Qazax epos yaradıcılığı” və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənlinin “Çingiz Aytmatov yaradıcılığında epos motivləri” mövzularında məruzələri dinlənilib.

    Sonra çıxış edən Asiya Elmlər Akademiyası və Cəmiyyətləri Assosiasiyasının prezidenti professor Əhməd Nuri Yurdusev çıxış edərək AASSA-nın fəaliyyətində ədəbiyyatla bağlı tədbirlərin, layihələrin azlıq təşkil etdiyini, Azərbaycan Milli Elmlər Akademiyasının Asiya xalqlarının ədəbiyyatına dair keçirdiyi beynəlxalq konfransın, eyni zamanda Assosiasiyada bu sahədəki boşluğu dolduracağını və gələcək layihələrə təkan verəcəyini söyləyib.

    Bugünkü konfransın da olduqca önəmli mövzuya həsr edildiyini bildirən Əhməd Nuri Yurdusev eposların cəmiyyətlərin tarixini bilmək baxımından yazılı qaynaqlar qədər önəmli olduğunu vurğulayıb. Həmçinin yazılı qaynaqlardan fərqli olaraq, epos mədəniyyətinin cəmiyyətin bütün təbəqələrini əhat etməsi ilə daha geniş təsirə malik olduğunu bildirib.

    Çıxışlardan sonra qonaqlar AMEA Rəyasət Heyətinin binası ilə tanış olub, hədiyyələr təqdim edilib və xatirə şəkilləri çəkdirilib.



    PAYLAŞ:

    Oxşar xəbərlər