Hər birimiz iqlimlə bağlı artan fövqəladə vəziyyətdə tez hərəkətə keçməyin zəruriliyini yaxşı bilirik.İnkişaf etməkdə olan ölkələr və inkişaf etməkdə olan kiçik ada dövlətləri iqlim dəyişikliyindən ən çox ziyan çəkənlərin arasındadır. Onlar maliyyə problemləri ilə ən çox mübarizə aparanlar arasındadırlar. İqlim dəyişikliyinə uyğunlaşmaq üçün bu onillikdə az inkişaf etmiş ölkələr və İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri (SIDS)-in birlikdə ildə 29-41 milyard dollara ehtiyacı olduğu təxmin edilir.
Möhtərəm Prezidentimiz daim Azərbaycanın yaşıl keçid siyasətini diqqətdə saxlayır və bu istiqamətdə uğurlu tədbirlər həyata keçirir.Prezidentimiz inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Azərbaycanın gündəliyində prioritet istiqamətlərdən biri olduğunu qeyd edib və “Commonwealth” təşkilatı ilə birlikdə kiçik ada dövlətləri ilə əlaqədar xüsusi fondun yaradılması istiqamətində iş aparıldığını əvvəlki çıxışlarında bildirib.
Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib.Sammitdə Möhtərəm Prezidentimiz çıxışında bir daha qeyd edib ki,”Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb. Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. Mən inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət edirəm ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Görürük ki, Xəzər dənizi ilbəil daha da dayazlaşır. Görürük ki, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Bir sözlə, hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir.”
“Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik.”
Azərbaycan dövləti apardığı uğurlu siyasəti ilə bütün dünyaya bir nümunədir.
Əntiqə Tağıyeva,
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru