Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Dövlətimizin başçısı Sammitdə çıxış etdi:
“Mən Sammitin bütün iştirakçılarını salamlayıram. Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb. Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. Mən inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət edirəm ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Görürük ki, Xəzər dənizi ilbəil daha da dayazlaşır. Görürük ki, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Bir sözlə, hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir”.
Dövlətimizin başçısı çıxışında bildirib ki, Azərbaycan kiçik ada dövlətlərinə birmənalı dəstəyini nümayiş etdirir.O,çıxışı zamanı fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərdiyini qeyd edib.
“Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik”.
Azərbaycan Prezidenti çıxışında Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayrıldığını, ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərbaycanın Kosmos Agentliyi – “Azərkosmos”dan peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
O, çıxışında 1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşdiyini,Fransanın orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıdığını, Fransanın həmin ərazilərdə ətraf mühitin çirkləndirməsi səbəbindən çirklənmə səviyyəsinin 4900 faizi keçdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
“Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik”.
Dövlətimizin başçısı çıxışının sonunda Avropanın əsas diplomatı Cozep Borrellin Avropanı bağ,dünyanın qalan hissəsini cəngəllik adlandırdığına belə münasibət bildirmişdir:
“Əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək”.
Ziyafəddin Cavadov,
Masallı rayonu, Qızılağac kənd S.Xəlilov adına 1 nömrəli tam orta məktəbin müəllimi