Azərbaycan Prezident İlham Əliyev noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində çıxışında bildirmişdir ki, Ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verildi. Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük.
Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib.
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik. Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik.
Bir il əvvəl biz BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə uyğun olaraq, suverenliyimizi tam bərpa etdik. Biz həmin qətnamələri özümüz icra etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik və Ermənistanın işğalına son qoyduq. COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni edəcək. Azərbaycan 120 ölkənin yekdil qərarı ilə dörd il ərzində, BMT-dən sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına uğurla sədrlik etdi.
Azərbaycan, həmçinin təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Avropa İttifaqının 10 üzvü ilə Azərbaycan sazişlər imzalayıb və Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib. Bütün bunlar bizə düşünməyə imkan verir ki, biz iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı ola bilərik. Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır. Eyni zamanda, biz mədəniyyətlərarası dialoqda fəal rol oynayırıq.
BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə biz iki ildən bir Bakıda Mədəniyyətlərarası Forum təşkil edirik. Multikulturalizm bizim dövlət siyasətimizdir və həyat tərzimizdir. Azərbaycan xalqı etnik və dini mənsubiyyətindən asılı olmayaraq sülh və razılıq şəraitində bir ailə kimi yaşayır.
-Mənim sonuncu mesajım təxminən bir ildir ki, boykotu təşviq edən dairələrədir. Onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-u boykot kampaniyası başlansın. Onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var.
Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz! – deyə Azərbaycan Prezidenti cənab İlham Əliyev noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimindəki çıxışında bildirmişdir. Bəli, ölkə rəhbərimiz Azərbaycanı dünyaya tanıdır, mövqeyini açıq şəkildə bildirir. Bu gün Yer kürəsinin çox dövlətləri Qərbin ədalətsiz, prinsipsiz yanaşmalarından, təzyiq və təhdidlərindən, qarayaxma kampaniyalarındanqurtula bilmir. Azərbaycanın dövləti beynəlxalq səviyyədə tanınmış ərazisinin – dədə-baba torpaqlarının 20 faizinin otuz ilə yaxın bir zaman tarixində Ermənistan tərəfindən işğalına və bir milyona yaxın azərbaycanlının öz əzəli torpaqlarından didərgin düşməsinə baxmayaraq, biz güclü ölkə qura bildik, iqtisadiyyatı təmin etdik və müstəqil siyasət yürüdə bildik, ədalətli, mübariz, qorxmaz, haqqın tərəfdarı olduğumuzu bəyan etdik. Dörd il bundan qabaq biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni təmin etdik və beləliklə, biz öz suverenliyimizi tam, dolğun şəkildə bərpa etdik, torpaqlarımızı düşmən tapdağndan azad etdik. Bütün bunlar BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun oldu.Hal-hazırkı Azərbaycan daha qüdrətli, daha güclüdür. Artıq dünyanın güc dövlətləri bizimlə razılaşır. Azərbaycan Prezidenti müasir dünyanın söz sahibidir. Necə deyərlər, ölkə rəhbəri bilir ki,nəyi nə vaxt etmək lazımdır.
Fikrimi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün ölkəmizə gələn amerikalı alim, iqlim dəyişikliyi və milli təhlükəsizlik məsələləri üzrə aparıcı ekspert Eqon Çolakian sözləri ilə bitiurmək istəyirəm. Eqon Çolakian demişdir ki, Azərbaycan COP29-un təşkilatçılığı baxımından gözlədiyimdən də əla iş gördü, qonaqpərvərlik və çox uğurlu ev sahibliyi nümayiş etdirir. Hesab edirəm ki, bu, Azərbaycan üçün böyük bir hadisədir. Gördüyünüz işə görə fəxr etməlisiniz. - "İndi əsas məsələ iqlim dəyişikliyi üçün maliyyələşmədir. Dünyanın maliyyə məsələsi üzərində işləməkdən başqa yolu yoxdur. Biz iqlim problemi yaşayırıq. Mən Vaşinqtonda yaşayıram. Floridada qasırğalar, Havayda yanğınlar, həmçinin Kaliforniyadan Sakit okeanın şimal-qərbinə qədər böyük ərazidə meşə yanğınları var. Bunların öhdəsindən gəlmək üçün birlikdə mübarizə aparmalıyıq", - deyə məşhur amerikalı alim diqqətə çatdırıb.
Seyfəddin Əliyev,
YAP Masallı Rayon Təşkilatının sədri.