Konstitusiya - dövlətin ali qanunudur

Konstitusiya - dövlətin ali qanunudur
  • Cəmiyyət

  • Konstitusiya - dövlətin ali qanunudur, ali hüquqi qüvvəyə malikdir, dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsasları təsbit edir. Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ölkədə bütün sahələrdə yaşanan xaosdan, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmək üçün xalqın hakimiyyətə dəvət etdiyi ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Ulu öndər Heydər Əliyev bu barədə danışarkən deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.

    Ötən əsrin 90-cı illərində Dövlət Müstəqilliyi haqqında konstitusiya aktını qəbul edən  Azərbaycan  suveren bir ölkə kimi Dünya Birliyinin üzvü olsa da qarşıda hüquqi və demokratik dövlət quruculuğu kimi mühüm bir vəzifə dayanırdı. Demokratik cəmiyyət quruculuğu xətti tutan ölkəmizin ilk növbədə   mükəmməl qanunlar toplusuna ehtiyacı var idi. Köhnə sovet qanunları artıq müasir dəyərlərə cavab vermirdi. Demokratik islahatlar yeni konstitusiyanın tezliklə qəbul olunmasını  tələb  edirdi. 1994-cü ilin axırları 1995-ci ilin əvvəllərində  Müstəqil Azərbaycan Respublikasının  ilk Konstitusiyasının yaradılması ilə bağlı  məsələ gündəmə gəldi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin sədrliyi ilə xüsusi komissiyası təşkil edildi. Mütəxəssislərdən ibarət işçi qrupu layihənin ilkin mətnini hazırlamağa başladı. Konstitusiya komissiyasının ilk iclasında  layihədə ümumbəşəri dəyərlərin, xalqın tarixi keçmişinin və son illərin təcrübəsinin ciddi nəzərə alınması  bir vəzifə olaraq qarşıya qoyuldu. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Konstitusiya qəbul edilən gün - noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il Noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.

    Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd oldu. 

    Konstitusiyamız etnik, dini, dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Əsas Qanunun bu müddəasını rəhbər tutmaqla, dövlətimiz ölkə ərazisində yaşayan müxtəlif etnik xalqlara münasibətdə hər zaman bərabər yanaşma tətbiq edir.

    Qürurverici haldır ki, qalib xalqımız Əsas Qanunun qəbulunun 29-cu ildönümünü üçqat sevinc hissi ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı Zəfərin qazanılması, lokal xarakterli antiterror tədbirləri nəticəsində qazanılan Qələbə sayəsində Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə imkan yaradıb.

     

    Tağıyeva Əntiqə,
    Masallı Tarix-Diyarşünaslıq  Muzeyinin direktoru

     


    PAYLAŞ:

    Oxşar xəbərlər