İsrafil İbrahimov 1997-ci il oktyabrın 16-da Bakı şəhərində anadan olub. Əslən Ağdam rayonundan idi.
Onun əmisi — xanəndə, Azərbaycanın xalq artisti Mənsum İbrahimovdur.
Azərbaycan Ordusunun kiçik çavuşu olan İsrafil İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsrafil İbrahimov oktyabrın 26-da Laçın döyüşləri zamanı Səfiyan istiqamətində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.