Azərbaycanın Vətən müharibəsində tarixi qələbəsindən, məğlub Ermənistanın kapitulyasiya aktını imzalamasından 6 gün sonra - 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilən ərazilərə ilk səfəri oldu. Bu Cəbrayıl şəhərində və Xudafərin körpüsündə üçrəngli Azərbaycan bayrağını qaldırıldığı gün oldu. Xudafərin körpüsü bizlər üçün qüneylə quzeyi bağlayan, qədim tarixə mənsub bir tarixi abidədir . Bu abidə sakit çox şey söyləyir. Beləcə işğaldan azad olunan ilk ərazilərə - Füzuli və Cəbrayıla səfər edən dövlət başçısı Şuşa şəhərinə yol çəkilişi ilə bağlı elə həmin gün göstəriş verib bununla da Zəfər yolunun başlanğıcı qoyuldu. Xudafərin körpüsü Zəfərə geyən yolun körpüsü, başlanğıc nöqtəsi oldu.
Torpaqlarımız işğaldan azad olunduqdan sonra minatəmizləmə əməliyyatları həyata keçirildikcə, Prezidentin tapşırığı ilə həmin ərazilərdə yenidənqurma və bərpa işlərinə başlanıldı. Dövlət başçısının birbaşa nəzarəti altında həyata keçirilən işlər sürətlə davam etdirildi. İlham Əliyev mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə səfərlər edir, görülən işlərlə yerində tanış olur və təməlqoyma mərasimlərində iştirak edir.
Oktyabrın 4-ü Azərbaycanın ən yeni tarixində təqvimə düşən şanlı günlərdən biri – xalqımızın şərəf və ləyaqət salnaməsi olan Vətən müharibəsində ilk böyük qalibiyyətin qazanıldığı gündür.
Dörd il öncə bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad edildi.
Bununla da Cəbrayıl Vətən müharibəsinin ilk qazi şəhəri olub. Ordumuz günbəgün, saatbasaat irəli gedərək düşmənə sarsıdıcı zərbələr vurub torpaqlarımızı azad edib. Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə dövlət başçısı tərəfindən 31 iyul 2023-cü il tarixində sərəncam imzalanıb. Sərəncamla 4 oktyabr Cəbrayıl Şəhəri Günü elan olunaraq , ölkədə sevilə -sevilə qeyd olunur.
Məhz bu gündə Cəbrayıl sakinlərinə sevinc bəxş edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim edərək onları yenidən sevindirdilər.
Prezident İlham Əliyevin Cəbrayıl sakinləri qarşısında çıxışı zamanı bir çox məsələlərə aydınlıq gətirdi. O, açıq ismarıclarla bildirişlər verdi ki, “Bizim qabağımızda heç kəs dayana bilməz”. Yəni biz ədalətli mövqeyimizlə özümüzə aid olanı necə olur olsun əldə edəcəyik.
Prezidentimizin üzərində dayandığı ikinci məsələ Cəbrayılın hazırkı inkişafı fonunda işğaldan azad edilmiş digər ərazilərimizin dirçəldilməsi idi. Həqiqətən, bu gün vaxtilə düşmən tapdağında inləyən, ruhsuz görkəmə sahib bölgələrimiz tam bir quruculuq meydanıdır. Meydanın hər nöqtəsində böyük işlər görülür, nəhəng layihə və təşəbbüslər reallaşdırılır. Bütün bunlar böyük iradə ilə geri qaytardığımız Vətən torpağına sahiblənmək əzmimizin misilsiz, nəsillərə miras qalacaq nümunələridir. İlham Əliyev həmçinin qeyd etdi ki, azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır. Heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar. Çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür. Hər bir şəhərin baş planları təsdiq edilib. Hər bir kəndin bütün lazımi infrastrukturu nəzərdə tutulduğunu söylədi. Ölkə başçımız hər zaman olduğu kimi insan amilinin üzərində dayanıb, işğaldan azad edilmiş bölgələrimizdə məşğulluğun önəmini xüsusi olaraq vurğuladı. Yəni, dövlətimiz üçün təkcə yurd yerlərimizi məskunlaşdırmaq deyil, eyni zamanda, oradakı əhalinin iş yerləri ilə təminatı da prioritet vəzifə olduğunu qeyd etdi.
Tarixdə iz silinməz . Biz hər bir Azərbaycan vətəndaşı bu gün tam əminik ki, bizim ölkə rəhbərimiz itirdiyimiz bütün haqlarımızı bizə qaytarmaq yolunda əlindən gələni əsirgəmir. Və bu işi ədalətlə və səylə ən əsası səbirlə həyata keçirir. Bizləri daha böyük uğurlar gözləyir.
Dilgüşə Məmmədova,
Masallı Tarix-diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi