Azərbaycanda çox müsbət sərmayə iqlimi mövcuddur

Azərbaycanda çox müsbət sərmayə iqlimi mövcuddur
  • Cəmiyyət

  • Münbit investisiya mühiti iqtisadi aktivliyin təmin olunmasında mühüm rol oynayır.

    Yeni şəraitdə Azərbaycanın inkişafa istiqamətlənməsini, sosial-iqtisadi sahədə müsbət göstəricilər qazanmasını şərtləndirən amillər sırasında ölkədəki əlverişli investisiya mühitini də xüsusi qeyd etmək lazımdır. Azərbaycanda sabit iqtisadi və siyasi vəziyyət ölkə iqtisadiyyatının cəlbedici olması üçün ilkin şərtlərdən biridir. Məhz bu kimi amillər respublikada iqtisadi aktivliyin təmin olunmasına müsbət təsir göstərir. Əvvəlki illərdə yaradılan güclü iqtisadi potensial, müasir infrastruktur təminatı, nəqliyyat dəhlizləri, Avropaya və Asiyaya çıxış imkanlarının eyni bir məkanda cəmləşməsi yerli və xarici iş adamlarının çəkinmədən ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayələr yönəltmələrinə güclü stimul verir.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu ilin sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxışında bir daha qeyd etdi ki, xarici sərmayələrin cəlb olunması üçün, xüsusilə qeyri-neft sektoruna cəlb edilməsi üçün bir çox təşviq layihələri həyata keçirilir. Azərbaycanda hökm sürən sabitlik və proqnozlaşdırılan vəziyyət, eyni zamanda, Azərbaycan dövlətinin güclənməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsi xarici investorların bizə olan münasibətini təbii olaraq daha da yaxşılaşdırıb. Baxmayaraq ki, Azərbaycanda çox müsbət sərmayə iqlimi uzun illərdir davam edir, hökm sürür. İnvestisiyaların adambaşına düşən həcminə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Son illər ərzində və xüsusilə antiterror əməliyyatından sonra dövlət suverenliyimizin tam bərpa edilməsi təbii olaraq bütün investorlara ciddi müsbət siqnal göndərmişdir və biz bunun bəhrəsini indi görürük. Bizim ənənəvi sənaye məntəqələrimizdə, - Bakı şəhəri, Sumqayıt şəhəri, sənaye parkları, - yeni müəssisələr açılır. Eyni zamanda, azad edilmiş torpaqlarda, Ağdam və Cəbrayıl rayonlarında yeni sənaye parklarının yaradılması çox müsbət hal kimi qiymətləndirilməlidir.
    Müvafiq təşviq mexanizminin işə salınması sahibkarların investisiya fəallığını daha da artırıb.

    Yeni iqtisadi şəraitdə dövlət həmçinin investisiyaların təşviqinin hüquqi bazasının möhkəmləndirilməsinə böyük siyasi iradə nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadiyyatın yeni şəraitdə inkişafının təmin edilməsi məqsədilə imzaladığı sənədlər içərisində investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması məqsədilə 2016-cı il 18 yanvar tarixli “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Fərmanı xüsusi yer tutur. Bu Fərmanla “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiqlənib. Qaydalarda ölkənin investisiya cəlbediciliyinə nail olmaq üçün böyük güzəştlər nəzərdə tutulub. Sənədə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən hüquqi şəxslərə və fərdi sahibkarlara investisiya təşviqi sənədinin verilməsi prosedurları müəyyənləşdirilib.

    Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 20 aprel tarixdə imzaladığı “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında müvafiq Fərmanı da ölkəmizin investisiya cəlbediciliyinin yüksəldilməsinə xidmət edən vacib sənəddir. Dövlət başçısının 5 sentyabr 2016-cı il tarixdə imzaladığı növbəti Fərmanla isə “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana müəyyən dəyişikliklər edilib.

    -Gələn ilin əsas xərcləri artıq müəyyən edilib. Mənim Milli Məclisdəki çıxışımda əsas prioritetlər açıq-aydın göstərilib. İlk növbədə, ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri, Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələr. Həm sosialyönümlü layihələr, sosial infrastrukturla bağlı olan layihələr, həm də ümumi infrastrukturla bağlı olan layihələr - bütün bunlar bizim Dövlət İnvestisiya Proqramında öz əksini tapacaq. Bu barədə də danışacağıq. Elə etməliyik ki, biz gələn il imkan daxilində bütün əsas vəzifələri icra edək. Şübhə etmirəm ki, belə də olacaq. Artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib.

    Biz öz resurslarımıza arxalanaraq güclü iqtisadiyyat qurmuşuq, müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin. Necə ki, aparmışıq və aparacağıq. Bu gün biz bir çox digər məsələləri müzakirə edəcəyik. Əminəm ki, müzakirə və əldə edilmiş nəticələr, qəbul ediləcək qərarlar bizim iqtisadi inkişafımızı daha da sürətləndirəcəkdir.- deyə Azərbaycan Prezidenti cənab İlham Əliyev bu ilin sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxışında qeyd edib.





    Azər ABDULLAYEV, 
    Masallı rayonu üzrə Maliyyə şöbəsi YAP ƏPT sədri.
    PAYLAŞ:

    Oxşar xəbərlər