Hər bir xalqın tarixdən silinməyən günləri olur. Xalqımızın taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyur. Belə günlərdən biri də oktyabrın 3-nə təsadüf etdi. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyəti etimad göstərdi. Ulu Öndər 98.84 faiz səslə Azərbaycan Prezidenti seçildi.
Azərbaycan 1991-ci ildən etibarən dövlət müstəqilliyini bərpa etməsinə baxmayaraq, siyasi sarsıntılardan hələ də xilas ola bilməmişdi. 1993-cü ilin əvvəlindən ölkədə dərin sosial-iqtisadi və xalqın mənəvi-psixoloji böhranı hökm sürürdü. Bütün bunlar ümumi böhrana gətirib çıxarmışdı. Ermənistanın hərbi təcavüzünün genişləndiyi vaxtda ölkədə hakimiyyətlə ordu komandanlığı arasında ziddiyyətlər getdikcə dərinləşirdi. Polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin dövlət rəhbərliyinə tabe olmaması ölkəni tamamilə xaosa sürükləmişdi. Gəncəyə gedən dövlət nümayəndələri girov götürülmüşdü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazirin və Milli Məclis sədrinin, sonra isə Prezidentin istefasını tələb edirdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir və qiyamçılar Bakıya doğru hərəkət edirdilər.
Ölkə parçalanmaq, dünya xəritəsindən silinmə və dövlət dağılmaq astanasında olduğu bir şəraitdə Azərbaycan xalqı vəziyyətdən çıxmaqdan ötrü xilaskar axtarırdı. Belə bir şəxs yalnız və yalnız Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev idi. Xalq Heydər Əliyevə inanır və onu xilaskar görürdü.
1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuşdu. Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub, 1974–1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsinə təyin edilib. Heydər Əliyev 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilib və eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunub. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib və SSRİ məkanında bir neçə mühüm layihənin həyata keçirilməsi məhz onun adı ilə bağlıdır. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq, Heydər Əliyev 1987-ci ilin oktyabrında tutduğu vəzifələrdən istefa verib.
Kreml tarixində oradan sağ çıxan yeganə azərbaycanlıdır.
Heydər Əliyev xalqın və respublika rəhbərliyinin təkidli dəvətini qəbul edib iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Milli Məclisin iyunun 13-də keçirilən iclasının gündəliyinə Ali Sovetin sədri İsa Qəmbərin istefası və Ali Sovetin sədrinin seçilməsi məsələsi daxil edilmişdi. Hakimiyyətin dəvəti ilə Heydər Əliyevin iştirak etdiyi iclasda Gəncədə baş verən hadisələr müzakirə edildi. İsa Qəmbər parlamentin sədri vəzifəsindən azad edildi.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.
AXC-Müsavat komandası Heydər Əliyevə bu mürəkkəb problemləri aradan qaldırmaqda köməkçi olmaqdansa, müxalifətə keçərək dövlətin, hakimiyyətin və xalqın taleyinə biganəlik nümayış etdirdi. İyunun 17-dən 18-ə keçən gecə Prezident Əbülfəz Elçibəy Bakını gizlicə tərk edib Naxçıvan MR-ə, doğulduğu Kələki kəndinə getdi. Ona dəfələrlə geri qayıdıb ölkəyə rəhbərlik etmək təklif olunsa da, hər dəfə, faktiki olaraq rədd cavabı alındı. Milli Məclis iyunun 23-də prezident səlahiyyətlərini Ali Sovetin sədri Heydər Əliyevə həvalə etdi. Ulu Öndər çiyinlərini çox ağır yükün altına verdi.
1993-cü il oktyabrın 10-da Respublika Sarayında (indiki Heydər Əliyev sarayında) andiçmə mərasimi keçirilərək bununla da Azərbaycan xalqının və dövlətçiliyinin tarixində yeni bir mərhələ başladı. Bu, dövlət quruculuğunun təşkil edilməsi, müasir dövlətin qurulması, Ermənistanın hərbi təcavüzünün dayandırılması, ölkə həyatının bütün sahələrində islahatların aparılması və inkişafı mərhələsi idi.
Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi, Azərbaycanda milli özünüdərk prosesinin başladıcısı və idarəedicisi Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik tarixində o qədər böyük yeniliklərə, o qədər böyük işlərə imza atıb ki, yuxarıda sadaladığımız titulların heç biri Onun titanik fəaliyyətini tam əhatə etmir. Biz bu gün Azərbaycan tarixində Heydər Əliyev erasını yaratmış Ulu öndər haqqında danışarkən adətən Onu Ümummilli lider kimi səciyyələndiririk.
Heydər Əliyevin fəaliyyətini bir qədər məhdudlaşdırmış və Onun fəaliyyətinə bir qədər sırf milli kontekstdə yanaşmış oluruq. Lakin Heydər Əliyev şəxsiyyəti və Onun fəaliyyəti təkcə Azərbaycanın etnosiyasi coğrafiyası ilə bağlı deyil və Ulu öndərin bir siyasətçi kimi fəaliyyəti də Azərbaycanın etnosiyasi coğrafiyası ilə məhdudlaşmır. O, istər Sovet xalqları müstəvisində və istərsə də Şərqi Avropadan tutmuş, hətta Afrika ölkələrinə qədər olan xalqların tarixində rol oynamış, onların yaxından tanıdığı və onların həyatına təsir edəcək proseslərə imza atmış bir şəxsiyyətdir. Ona görə də, hesab edirik ki, bu gün Ulu öndəri hörmətlə anarkən Heydər Əliyevşünasların və Heydər Əliyev sevərlərin, tədqiqatçıların araşdırmalı olduğu elmi istiqamətlərdən biri də, məhz bu olmalıdır.
1994-cü ildən bəri həyata keçirilən yeni neft strategiyasının müasir tələblər çərçivəsində davam etdirilməsi, Azərbaycanı regionda böyük nüfuz sahibinə, aparıcı dövlətə çevirən qlobal enerji və kommunikasiya layihələrinin ardıcıl surətdə həyata keçirilməsi, bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, investisiyaların regionların inkişafına yönəldilməsi, ölkədə münbit biznes mühitinin formalaşdırılması kimi vacib məqamlar dövlət başçısının siyasətinin prioritet istiqamətləri sırasında xüsusi yer tutur. Bunun nəticəsidir ki, Azərbaycanda bütün sahələr üzrə inkişaf sürətlə gedir
Heydər Əliyev Azərbaycan xalqı üçün Ümummilli lider, dünya üçün ümumbəşəri dəyərdir!
Müstəqil dövlətimizin tərəqqisi Heydər Əliyevin adı ilə bağlıdır!
Əmrah Fərziyev,
Masallı rayonu
YAP gənc fəalı