Məsuliyyətli ordu, mülki şəxslərin qorunması

Məsuliyyətli ordu, mülki şəxslərin qorunması
  • Cəmiyyət

  • Azərbaycan dövləti Qarabağın dağlıq hissəsində yaşayan ermənilərlə bağlı məsələlərin sülh yolu ilə nizamlanması üçün 1994-cü ildən 2020-ci ilədək çox böyük səylər göstərdi. Ancaq bizim bütün xoşməramlı addımlarımız cavabsız, onlara doğru uzatdığımız barış əlimiz havada qaldı. Bu, az imiş kimi, düşmənin təxribatları səngimədi, əksinə daha da azğınlaşdı. 

    Qarşı tərəfdən atılan təxribatçı addımlara cavab olaraq Azərbaycan Ordusu 2020-ci ilin payızında döyüşə başlamağa məcbur oldu. Cəmi 44 gün davam edən döyüşlər beynəlxalq hüquqa və beynəlxalq humanitar hüququn tələblərinə riayət edilməsi baxımından dünyada örnək sayıla bilər.
    Müharibə dövründə Azərbaycan Ordusunun davranışı bizim hamımızın gözlərimizin önündə olub. Biz, ordumuzun həmin günlərdə bu prinsiplərə necə əməl etdiyinin canlı şahidləriyik. Əslində, buna bütün dünya şahiddir. Bu, bir faktdır ki, Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın bir yaşayış məntəqəsini də hədəfə almadı. 

    Yalnız yüksək dəqiqlikli silahlarla legitim hərbi hədəflərə zərbələr endirildi. Düşmən isə əsl terrorçulara xas davranış nümayiş etdirərək, təxribatlarından qalmayaraq raket-artilleriya sistemlərini, digər hərbi qurğuları yaşayış məntəqələrinin düz yaxınlığında yerləşdirirdi. Burada da məqsəd qəlpələrin yaşayış evlərinə, mülki obyektlərə dəyməsindən şou düzəldərək bütün dünyaya car çəkmək idi.
    Hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu tərəfindən mülki əhali və infrastrukturun hərbi qulluqçu və obyektlərdən fərqləndirilməsi həyata keçirilir, mülki əhali və infrastrukturun hərbi zərbələrdən qorunması təmin edilirdi.

    Ümumiyyətlə, Azərbaycan Ordusu 44 günlük müharibədə hər cür zorakılıqdan, insanlıqdan kənar hər cür davranışlardan çox uzaq idi. Ordumuz 44 gün ərzində həm qəhrəmanlıq dastanı yazdı, həm də “Əsl müharibə necə aparıla bilər” düsturunu bütün dünyaya nümayiş etdirdi. 

    Azərbaycan Ordusunun əməliyyat planlarında bu metodların heç birindən istifadə olunmayıb. Ordumuzun komandanlığı düşmənin dinc şəhərlərimizi bombalamasına baxmayaraq, Ermənistanın şəhərlərini bombardman etmək, yaxud yuxarıda sadalanan üsulların hansısa birini yaxına da buraxmayıb.

    Amma, erməni millətçiləri XX əsrin əvvəlində və sonlarında xalqımıza qarşı müxtəlif şəhərlərdə, kəndlərdə qətliamlar törətdikləri kimi, mənfur əməllərini 44 günlük Vətən müharibəsi zamanı da davam etdirdilər. Terror və soyqırımını dövlət siyasətinə çevirmiş Ermənistanın hərbi-siyasi rəhbərliyi Gəncə və Bərdə şəhərlərini raket atəşinə tutdu. 
    Gəncə şəhərinə 5 dəfə endirilən zərbələr nəticəsində 27 insan həlak oldu, 125 nəfər yaralandı. Bərdə şəhərinə və rayonun Qarayusifli kəndinə endirilən raket zərbələri nəticəsində isə 27 nəfər həlak oldu, 80 sakin yaralandı. 

    Onu da bildirək ki, həm Gəncəyə, həm də Bərdəyə edilən hücumlar zamanı şəhər infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər tikililərə, avtomobillərə ziyan dəydi. Ermənistanın cəbhə xəttindən xeyli uzaqda yerləşən şəhərlərə raket hücumları nəticəsində həyatını itirənlər və yaralananlar arasında azyaşlılar da oldu.
     


    Ceyhun Hüseynov,
    Masallı MRX İƏ üzrə mütəxəssis

    PAYLAŞ:

    Oxşar xəbərlər