Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycan öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə beynəlxalq miqyasda əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Regionda sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Bütün bunların müqabilində ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən geopolitik subyektlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirirlər.
Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında ticarətin daha da asanlaşdırılması üçün gömrük və sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, prosedurların sadələşdirilməsi, yükdaşımaların həcminin artırılması və digər istiqamətlərdə dinamik və dayanıqlı tədbirlər görülür. Bunun nəticəsi olaraq, 2017-ci illə müqayisədə ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi iki dəfədən çox artaraq rekord həddə - 4,4 milyard dollara çatıb. Cari ilin yanvar-iyul aylarında isə bu göstərici 2 milyard 572,8 milyon dollar təşkil edib.
İki ölkə arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsində cari ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi”nin imzalanması xüsusi qeyd edilməlidir. Yol Xəritəsi ticarət-iqtisadi və investisiya qoyuluşu, nəqliyyat, sənaye, aqrar və qida təhlükəsizliyi, enerji, turizm, humanitar və sosial, həmçinin innovasiya və informasiya texnologiyaları sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı konkret addımların atılmasını nəzərdə tutur.
Rusiya və Azərbaycanın əməkdaşlığı, ikitərəfli iqtisadi münasibətlərin inkişafı istiqamətində önəmli rol oynayan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə daşınmaların artırılması, dəhliz boyunca infrastruktur təminatın təkmilləşdirilməsi, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və s. kimi məsələlər adıçəkilən yol xəritəsində də yer alıb ki, bu da iki ölkə arasında nəqliyyat-tranzit əlaqələrinin uzunmüddətli perspektivə malik olduğunu ifadə edir. Bu layihənin uğurla icrası sayəsində 2022-ci ilədək yükdaşımaların həcmi səkkiz dəfə, 2023-cü ilin altı ayı ərzində isə 60 faiz artıb. Ümumilikdə isə 2023-cü ildə dəhliz üzrə 9,3 milyon ton yük daşınıb. Dövlət başçılarının görüşündə də səsləndirildiyi kimi, Azərbaycan ərazisində “Şimal-Cənub” nəqliyyat dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu marşrutları üzərində işlər tam yekunlaşıb. Gələcəkdə dəhlizin ötürücülük qabiliyyətinin 15 milyon ton və daha çox olması hədəflənir.
Rusiya Prezidentinin dövlət səfəri çərçivəsində imzalanan sənədlər, o cümlədən dövlət başçılarının Birgə Bəyanatı, AZPROMO ilə Rusiya Birbaşa İnvestisiyalar Fondunun idarəedici şirkəti arasında Anlaşma Memorandumu, ekologiya, əmək qanunvericiliyi, qida təhlükəsizliyi, bitkiçilik, səhiyyə, tibbi təhsil və tibb elmi sahələrində imzalanan sənədlər onu göstərir ki, iki ölkə arasında əməkdaşlıq təkcə iqtisadi sahədə deyil, digər istiqamətlər üzrə də inkişaf etdirilir.
Ceyhun Hüsynov,
Masallı RMX İƏ üzrə mütəxəssis