Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır

Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır
  • Cəmiyyət

  • Ölkədə ilk mətbu orqan olan  “Əkinçi” qəzetinin  əsası Həsən bəy Zərdabi tərəfindən  22 iyul 1875-ci ildə qoyulmuşdur. Məhz həmin gün – 22 iyul günü 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.

    Milli mətbuatımızın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açdı.

    1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu, mətbuatın inkişafına ciddi təkan verdi.
             
    Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli varisi ölkə Prezidenti cənab  İlham Əliyev tərəfindən uğurla  davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir.

    Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirib. Ulu Öndər deyirdi: “Jurnalist əməyi qeyri-adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir”.

    Ümummilli Lider xarici ölkələrə səfərləri, eləcə də ölkəmizdə keçirilən mötəbər tədbirlər zamanı media nümayəndələri ilə söhbət edir, onlara müsahibələr verir, öz fikirlərini bölüşürdü. Bu dahi şəxsiyyətin mətbuat nümayəndələrinə səmimi münasibət onları daha həvəslə işləməyə, peşələrinin sirlərinə dərindən yiyələnməyə, eyni zamanda, cəsarətli olmağa sövq edirdi.
    Ulu Öndərin mətbuatın inkişafı istiqamətində gördüyü işlər bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin mediaya göstərdiyi diqqət və qayğı, onun ölkədə jurnalistika və jurnalistlərlə bağlı problemlərin həlli istiqamətində atdığı addımlar bu sahənin sürətlə inkişaf etməsinə, medianın fəaliyyətinin genişlənməsinə və müvafiq sahədə çalışanların peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olub.
    Xatırlamaq yerinə düşər ki, 2020-ci ildə Azərbaycan jurnalistikası ağır sınaqlardan keçib. Elə həmin ilin fevral ayından etibarən COVID-19 pandemiyasının ölkəmizdə də yayılmağa başlaması Azərbaycan dövləti, səhiyyəsi ilə yanaşı, mətbuatımızın qarşısına da mühüm vəzifələr qoydu. Azərbaycan jurnalistləri koronavirus pandemiyası dövründə mətbuatın üzərinə düşən şərəfli vəzifəni layiqincə yerinə yetirərək ölkə ictimaiyyətini fasiləsiz məlumatlandırmaqda davam edib.

    2020-ci il sentyabrın 27-də təcavüzkar erməni ordusunun Azərbaycanı müxtəlif mövqelərdən atəşə tutması ilə başlayan II Qarabağ müharibəsi isə növbəti sınaq olub. Azərbaycan jurnalisti Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə davam edən 44 günlük müharibə dövründə həm ön, həm də arxa cəbhədə yorulmadan fəaliyyətini davam etdirib. Müharibə bölgələrindən canlı bağlantılar, tarixi qələbələrə və zəfərlərə dair ən son xəbərlər operativ şəkildə ölkə və dünya ictimaiyyətinə çatdırılıb. Sonrakı dövrdə də Azərbaycan həqiqətlərinin işıqlandırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti danılmazdır.

    İnanırıq ki, uzun və şərəfli tarixə malik olan Azərbaycan mətbuatı öz qarşısında duran bütün vəzifələrin, missiyaların öhdəsindən layiqincə gələcək. Milli jurnalistikamız bundan sonra da inamlı şəkildə irəliləyəcək, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təbliğində fəal rol oynayaraq daha böyük nailiyyətlərə imza atacaq.




    Ceyhun Hüseynov,
    Masallı RMX İƏ üzrə mütəxəssis

    PAYLAŞ:

    Oxşar xəbərlər