Azərbaycan xalqının mətbuat tarixinin inkişafı Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. İstər 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi dönəmlərdə, istərsə də xalqımızın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra Ümummilli liderimiz Heydər Əliyev ölkəmizdə mətbuatın inkişafı, söz azadlığının bərqərar olması istiqamətində mühüm addımlar atdı. Ulu öndər Heydər Əliyev mətbuatın əsas peşəkarları haqqında deyirdi ki, “jurnalist əməyi qeyri-adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir”. Bütün sənət sahiblərinə dəyər verən ulu öndər mətbu sahiblərinə verdiyi dəyər və qiymətlə bu işin yerindəcə yüksəlişinə istiqamət vermiş olub.
Məhz Ulu öndərin rəhbərliyi və birbaşa iştirakı ilə hazırlanan ölkə Konstitusiyasında vətəndaşların söz azadlığı hüququ təsbit edildi, 1998-ci ildə Azərbaycanda senzura ləğv olundu. Bundan başqa Ulu öndər Heydər Əliyev müasir Azərbaycan jurnalistikasının inkişafı və müasir standartlara yiyələnməsi, həmçinin, peşəkarlığın inkişafı istiqamətində qanunvericiliyin təkmilləşdirilməsində əsaslı rol oynadı. Onun qədim və böyük mətbuat yoluna açdığı işıq bu gün öz şəfəqlərini göstərir.
Məhz ümummilli liderin sayəsində Azərbaycan milli mətbuatı ölkəmizdə həmişə qabaqcıl ideyaların carçısı, dövrün, siyasi həyatın güzgüsü olmuşdur. Dahi şəxsiyyət Heydər Əliyev bildirirdi ki, xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında və zənginləşməsində, Azərbaycan ədəbi dilinin inkişafında milli mətbuat müstəsna xidmətlər göstərmək iqtidarındadır.
Azərbaycanda ilk dəfə İnternetə çıxış 1991-ci ildə Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda bir qrup alim və mütəxəssis tərəfindən həyata keçirildi.
1998-ci ildə ölkənin mətbuatı üzərində senzuranın ləğv olunması yeni dövr jurnalistikasının yaranmasına yol açdı. Artıq KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının qəbul olunması ilə ölkə mətbuatının Avropa standartlarına uyğunlaşdırılması prosesi başlamışdı. Yeni qanunda, həmçinin ölkəmizdə fəaliyyət göstərən aparıcı mətbu orqanlarının maddi-texniki imkanlarının gücləndirilməsi məsələsi də öz əksini tapmışdır.
Ulu öndər Heydər Əliyevin milli mətbuatımızın inkişafına xidmət edən növbəti addımı 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanunu təsdiqləməsi oldu. Bu sənədlə ölkəmizdə yeni mətbuat orqanlarının təsis olunması prosesi xeyli asanlaşdırıldı. “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı” təsdiq olundu. Vətəndaş müraciətlərinə baxılması, informasiyaların mühafizəsi, informasiya azadlığı, radio-televiziya yayımları, İTV və radio haqqında müxtəlif qərar və qanunlar qəbul etməklə KİV-lərin fəaliyyətinin genişləndirilməsi və inkişafı təmin edildi.
Ümummilli lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı Fərman Azərbaycan milli mətbuatının yubileylərinin ölkə səviyyəsində qeyd edilməsi, mətbuat-dövlət münasibətlərinin möhkəmlənməsində həlledici rol oynadı. Məhz ulu öndərin milli mətbuatın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi idi ki, 2002-ci ildə o, “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür.
15 mart 2003-cü ildə Jurnalistlərin I Qurultayında jurnalistlər tərəfindən qeyri-hökumət təşkilatı olan Mətbuat Şurası yaradıldı. Bütün bu addımlar Azərbaycan mətbuatının dünya mətbuatına inteqrasiyasını, jurnalistika sahəsində yeni-yeni nailiyyətlərin əldə edilməsini sürətləndirdi.
Bu gün isə əminliklə demək olar ki, mətbuat ölkədə ən sürətlə inkişaf edən, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə günü-gündən təkmilləşən fəaliyyət sahələrindən biridir. Ölkə mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində, o cümlədən tədris və maarifləndirmə sahəsində mühüm rol oynayır.
Bu gün biz azad və müstəqil Azərbaycan vətəndaşı olaraq qürur hissi ilə və iftixarla deyirik ki, bəli, ümummilli lider Heydər Əliyevin mübarizliyi, əzmkarlığı sayəsində ölkəmizdə demokratik dövlət quruculuğu prosesi uğurla həyata keçirilib.
Söz, fikir və əqidə azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin hərtərəfli inkişafı, onların sərbəst fəaliyyəti üçün zəruri şəraitin yaradılması Azərbaycanın dövlət rəhbəri kimi mənim qarşımda duran mühüm vəzifələrdəndir" - deyən ümummilli lider Heydər Əliyev milli mətbuatımızın inkişafında əvəzedilməz xidmətlər göstərərək müvafiq sahədəki problemləri hələ vaxtında ardıcıllıqla aradan qaldırıb. Və ən önəmlisi məhv olmaq qorxusu olan mətbuatın yenidən öz yerini tapmasının təməlini qoyan oldu.
Böyük əminliklə deyə bilərik ki, Heydər Əliyevin sayəsində ölkə mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində, o cümlədən tədris və maarifləndirmə sahəsində mühüm rol oynayan və gündən günə daha da yüksəliş yolunda olan bir sahədir.
Dilgüşə Bayram,
Masallı Tarix-diyarşünaslıq muzeyi