Azərbaycan Milli Mətbuatının 149 yaşının qeyd edilməsi həm də vacib bir tədbir ilə – İyulun 20-dən başlayaraq, Şuşada keçirilən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu ilə əlamətdar olacaq.
50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır. Forum çərçivəsində “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”, “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər”, “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” və “İqlim hərəkatı və media” mövzularında dörd panel sessiya təşkil olunacaq. Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparacaqlar.
Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə məlumat veriləcək.
Xatırladaq ki, “4-cü Sənaye inqilabı dövründə yeni media” mövzusunda I Şuşa Qlobal Media Forumu ötən il iyulun 21-23-də keçirilib.
Xüsusi vurğulamağa dəyər ki, II Forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forumda iştirak etməsi və sualları cavablandırması media işçilərinə böyük jest kimi qiymətləndirilir.
Bəli, Azərbaycan Milli Mətbuatı 149 yaşını qeyd edir. Təməli Həsən bəy Zərdabi tərəfindən qoyulmuş, ilk sayı 22 iyul 1875-ci ildə işıq üzü görmüş “Əkinçi” qəzetinin nəşrə başladığı tarix Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. 1875-ci ilin iyulundan 1877-ci ilin sentyabrına qədər fəaliyyəti dövründə 56 sayı işıq üzü görmüş “Əkinçi” qəzetinin Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olmuş, maarifçilik missiyasını üzərinə götürərək, az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında məşhurlaşaraq çox sevilmişdir.
“Milli Mətbuat Günü” Azərbaycanda 1991-ci ildən rəsmi olaraq təsbit olunsa da, onun yaddaqalan bayram kimi qeyd olunması və bu münasibətlə dövlət səviyyəsində xüsusi tədbirlərin, jurnalistlərlə çoxsaylı görüşlərin keçirilməsi, fərqlənən yüzlərlə qələm sahiblərinin ayrı-ayrı dövlət təltifləri ilə mükafatlandırılması kimi digər xoş ənənəni 1995-ci ildən Ümummilli8 lider Prezident Heydər Əliyev yaratmışdır. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilməsi, kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan vermişdir. Elə həmin vaxt senzuranın ləğvi Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verdi. Heydər Əliyev öz çıxışlarında demokratik prinsiplərə sadiq qalaraq, mətbuatın cəmiyyət üçün əhəmiyyətli bir güc olduğunu və onun müstəqil fəaliyyət göstərməsinin vacibliyini vurğulayırdı. Azad söz, hər bir fərdin öz düşüncələrini, fikirlərini sərbəst ifadə etmək istəyi demokratiyanın əsas tərkib hissələrindəndir. Demokratik cəmiyyət – demokratik mətbuat, azad cəmiyyət – azad mətbuat anlayışları təsadüfən yaranmayıb. Demokratik, hüquqi, dünyəvi dövlətdə yaşayırıqsa, azad, müstəqil mətbuatın inkişafı mütləqdir. Konstitusiyamızda da demokratiyanın əsas prinsiplərindən olan söz və fikir azadlığı təsbit olunub. “Ölkəmizdə siyasi plüralizmin tələblərinə dönmədən əməl edilir. Söz, fikir və əqidə azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin hərtərəfli inkişafı, onların sərbəst fəaliyyəti üçün zəruri şəraitin yaradılması Azərbaycanın dövlət rəhbəri kimi mənim qarşımda duran mühüm vəzifələrdəndir” söyləyən ümummilli lider Heydər Əliyev milli mətbuatımızın inkişafında əvəzolunmaz xidmətlər göstərərək, mövcud problemlərin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir.
Bu gün müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Ölkəmizin artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Hazırda ölkəmizdə yüzlərlə mətbu orqan – qəzet və jurnal fəaliyyət göstərir.
Dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün iki yaşayış binası tikilib. 2013-cü və 2017-ci illərdə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib. Dövlət başçısı 2017-ci ildə mətbuat işçiləri üçün sayca üçüncü yaşayış binasının tikintisi ilə bağlı sərəncam imzalayıb.
Bu gün inkişaf etməkdə olan və son tendensiyaları da mediada tətbiq etməyi bacaran Azərbaycan mediası tarixi ənənələrə sadiqliyi və müasirliyi yaşadan dinamik, cəmiyyət həyatının müxtəlif sferalarına nüfuz etməyi bacaran mütəhərrik strukturdur və dünyanın Cənubi Qafqaz regionu ilə bağlı vacib informasiya mənbəyi rolunda çıxış edir. Dövr dəyişir, yeni-yeni tələblər gündəmə gətirilir. Mətbuat cəmiyyətin güzgüsüdür və məhz bu baxımdan bu sahədə çalışan qələm sahibləri bütün fəaliyyətləri boyu həqiqəti və obyektivliyi başlıca meyar kimi qəbul etməli və buna əməl etməlidirlər. Unutmayaq ki, ulu öndər Heydər Əliyev ölkə jurnalistlərini hər zaman obyektivliyə dəvət edir, onları bu istiqamətdə öz fəaliyyətlərini daha da genişləndirməyə çağırırdı. “Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir” söyləməklə açıq sözün, həqiqəti əks etdirən informasiyaların tərəfdarı, mətbuat azadlığının qarantı olduğunu bəyan edirdi. Bu məqsəd də daim önə çəkilirdi ki, kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuat Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir.
Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.
Qırx dörd günlük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti böyük oldu. Məhz nümayiş olunan peşəkarlıq, fədakarlıq və çeviklik sayəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən Ermənistanın törətdiyi müharibə cinayətləri haqqında dolğun məlumatların çatdırılması mümkün oldu. Bu işlərin həyata keçirilməsində ən böyük missiyanı Ali Baş Komandanın özü reallaşdırdı. Onun Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumlarına geniş müsahibələri bu reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı.
Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər. Jurnalistlər 44 günlük Vətən müharibəsində cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlara cəlb olunublar. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara göstərilən böyük etimadın və diqqətin təzahürüdür.
Azərbaycanın tərəqqipərvər qələm adamlarını, jurnalist həmkarlarımızı “102.info.az” saytının kollektivi adından Milli Mətbuat Günü münasibətilə təbrik edir, yaradıcılıq müstəvisində uğurlar arzulayıram.
Tural Kəlbəcərli
“Qızıl Qələm” mükafatı laureatı.
Azərbaycan jurnalistlər birliyinin üzvü.