Azərbaycan-Pakistan münasibətləri dostluq və qardaşlıqa əsaslanır. Pakistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyini qətiyyətlə dəstəkləyir. Məlum olduğu kimi, Azərbaycan və Pakistan arasında çoxşaxəli münasibətlər mövcuddur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Xatırladaq ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Diplomatik əlaqələrin əsası isə 1992-ci ilin iyununda qoyulub. Bakıda Pakistan səfirliyi 1993-cü ilin martında açılıb, Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqust ayında başlayıb. Azərbaycan Respublikasının müstəqilliyinin bütün dövrlərində Pakistan dövləti həmişə Azərbaycan xalqının və dövlətinin yanında olmuş, Azərbaycanın Qarabağ bölgəsinin erməni faşistləri tərəfindən işğal olunması faktını beynəlxalq və regional müstəvidə dəfələrlə pisləmiş, açıq şəkildə Azərbaycanın siyasi və strateji mənafelərini dəstəkləmişdir.
Xalqlarımız arasında olan bu möhkəm bağların qədim tarixi ənənələrə söykəndiyini söyləmək lazımdır. Pakistan və Azərbaycan arasındakı yaxın və səmimi əlaqələr mədəni irs, qlobal və regional məsələlərlə bağlı sərgilədikləri birgə münasibət və beynəlxalq forumlarda əməkdaşlıqla xarakterizə olunur. Azərbaycan bütün məsələlərdə və Kəşmir məsələsində həmişə Pakistanı dəstəkləyir. Bu qarşılıqlı dəstək əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir. Azərbaycanın ərazi bütövlüyü məsələləri ilə bağlı Pakistanın qətiyyətli mövqeyinə görə minnətdarıq. Pakistan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə Ermənistanı tanımayan ölkədir. Qardaş ölkə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini də bildirib - Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini genosid kimi tanımışdır. Bu gün yanımızda olanlar öz mövqelərini açıq şəkildə ifadə edən ölkələrdir - qardaş Türkiyə və qardaş Pakistan.
Türkiyə Prezidenti öz qətiyyətli mövqeyini dəfələrlə ifadə edib və Ermənistanın təcavüzü zamanı o, bir neçə dəfə açıq şəkildə bəyanat verib ki, Türkiyə Azərbaycanın yanındadır, Azərbaycan tək deyil. Türkiyənin bütün aparıcı siyasi partiyaları da Azərbaycana dəstək olaraq yekdil mövqe ifadə etdilər. Bu mühüm məqamda yanımızda olmaqla qəti mövqe nümayiş etdirən Türkiyə və Pakistandakı qardaşlarımıza minnətdarıq. Bu, necə deyərlər, həqiqət anıdır. Azərbaycan kimin kim olduğunu görür, kimin öz yanında möhkəm dayandığını görür və bunu heç vaxt unutmayacaq.
Azərbaycan da bütün məsələlərdə Pakistanın mövqeyini dəstəkləyir. Hər iki dövlət bir çox beynəlxalq platformalarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyirlər. İki dost dövlət müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, xüsusilə bütün mümkün domenlərdə birgə müəssisələrin qurulması və digər sahələrdə əməkdaşlıq edirlər. Hal-hazırda Azərbaycan Respublikası ilə Pakistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri hər iki dövlətin və xalqlarının çoxistiqamətli mənafelərini ifadə etməkdədir. Hər iki dövlət arasında mövcud olan yüksək səviyyəli siyasi münasibətlər xalqlar arasındakı inteqrasiyanın da güclənməsi zərurətini ortaya qoymaqdadır. Həmçinin hər iki dövlətin elm və təhsil sahəsindəki əməkdaşlıq imkanlarının reallaşması da inteqrsiya prosesinə təkan verən amillər sırasındadır.
Həsənova Fatimə,
Masallı rayon şərəfə kəndi kargüzar