İşğaldan azad edilmiş torpaqlarımızda ədliyyə fəaliyyətinin təşkili

İşğaldan azad edilmiş torpaqlarımızda ədliyyə fəaliyyətinin təşkili
  • Cəmiyyət

  • Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

    44 günlük müharibə Azərbaycan xalqının, onun Liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Rəşadətli Azərbaycan Ordusunun döyüşlərdə əldə etdiyi zəfər Ermənistanı masa arxasında oturmağa məcbur etdi. Belə ki, noyabrın 10-da Azərbaycan Respublikasının, Rusiya Federasiyasının prezidentləri və Ermənistan Respublikasınının Baş naziri birgə bəyanat imzaladı.Bu sənəd Ermənistanın məğlubiyyətinin açıq etirafı olaraq yaddaşlara həkk olundu. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyası idi. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtlərinə razılığını verdi. Razılaşmanın şərtlərinə əsasən, Ermənistan Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracağını öhdəsinə götürdü.Bununla da 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi.

    İşğala son qoyulmasından keçən 3 il ərzində Azərbaycanın səylərinə baxmayaraq Ermənistan təxribatlarına davam etdi, üzərinə götürdüyü öhdəliklərdən yayınaraq danışıqlar prosesini pozdu, sülh prosesinə maneçilik törətdi. Nəticədə düşmənin pozuculuq fəaliyyətinin önlənməsi, eyni zamanda bölgədə davamlı şəkildə törədilən təxribatlara cavab olaraq, ölkəmiz öz suveren əraziləri daxilində - Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinə qarşı məhdud və lokal xarakterli legitim antiterror tədbirləri həyata keçirməyə başladı. 

    Beləliklə, sentyabrın iyirmisində 24 saatdan da az müddətdə yekunlaşan lokal xarakterli antiterror tədbirləri öz real nəticəsini verdi. Antiterror tədbirləri zamanı qısa müddət ərzində bütün istiqamətlər üzrə hərbi uğurlar əldə edildi. Ordumuz qəhrəmanlıq, şücaət və peşəkarlıq nümayiş etdirərək, düşmənə ağır zərbələr vurdu. Nəticədə Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələri ağ bayraq qaldıraraq silahı yerə qoyub təslim oldular. Bununla da ölkəmiz uzun illərdən bəri mübarizə apardığı və uğurla başa çatdırdığı bu böyük Qələbə nəticəsində tarixi torpaqları üzərində özünün suverenliyini tam bərpa etmiş oldu.
    Müharibə başlanan andan Ədliyyə Nazirliyi də xalqımız və ordumuzla həmrəylik nümayiş edirmişdir. Belə ki, Ədliyyə Nazirliyi tərəfindən Ermənistanın ölkəmizə qarşı müharibə cinayətlərinin dünya ictimaiyyətinin diqqətinə dolğun və hərtərəfli çatdırılması istiqamətində məqsədyönlü işlər həyata keçirilmişdir. Nazirlik tərəfindən 70-ə yaxın dövlətin ədliyyə nazirlərinə, dünya prokurorlarına, sıx tərəfdaşlıq etdiyimiz nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən 140 ölkəni birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası, Dünya Bankı, UNICEF, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Ümumdünya Səhiyyə Təşkilatı və digər qurumlara, habelə Beynəlxalq Hakimlər Assosiasiyasına müraciətlər ünvanlanmış, xarici ölkələrin səfirləri ilə görüşlər təşkil olunmuş, ərazilərimizin 20 faizinin işğal olunaraq azərbaycanlıların etnik təmizləməyə və soyqırıma məruz qalması, dədə-baba yurdlarından didərgin salınması, xalqımıza qarşı törədilmiş müharibə və insanlıq əleyhinə cinayətləri vurğulanmışdır.

    Həmçinin, Avropa Şurası ədliyyə nazirlərinin videoformatda keçirilmiş konfransında Ermənistanın qeyri-insani əməlləri və müharibə cinayətlərinin dəhşətləri təfsilatı ilə Avropa Şurası Baş katibinin, Avropa Şurası Parlament Assambleyasının, Avropa İnsan Hüquqları Məhkəməsinin və digər ixtisaslaşmış qurumlarının rəhbərlərinin, habelə Avropa İttifaqı ədliyyə komissarının və bütün üzv dövlətlərin ədliyyə nazirlərinin diqqətinə çatdırılmışdır.

    Müraciətlərdə və tədbirlərdə Ermənistanın münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar yolu ilə həllini dəfələrlə müxtəlif bəhanələrlə pozması, silahlı qüvvələrinin işğal altında olan ərazilərimizdən çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının, Avropa Şurası Parlament Assambleyasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq təşkilatların sənədlərinin icrasına məhəl qoymaması, ona sərf edən status-kvonu davam etdirərək işğal altındakı ərazilərimizin zəngin təbii ehtiyatlarını istismar etməsi və qeyri-qanuni iqtisadi fəaliyyət göstərməsi, qanunsuz məskunlaşdırma həyata keçirməsi, dövlət və xüsusi mülkiyyətin talan edilməsi, tarixi, mədəni və dini abidələrimizin dağıdılması və ya saxtalaşdırılması, məscidlərimizin təhqir olunması xüsusilə vurğulanmışdır.
    Bütün bunlarla yanaşı, Azərbaycan həqiqətlərinin təbliği və geniş yayılması məqsədilə "Qarabağ Azərbaycandır!" elektron məlumat platforması yaradılmış, ədliyyə və məhkəmə işçiləri tərəfindən ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna, YAŞAT və Qarabağ Dirçəliş fondlarına könüllü ianələr köçürülmüşdür. 

    44 günlük müharibədən sonrakı yeni mərhələdə Dövlət başçısının tapşırıqlarına uyğun olaraq “İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” ölkə başçısının Fərmanı ilə əlaqədar Ədliyyə Nazirliyi tərəfindən müvafiq addımlar atılmış, qarşıda duran vəzifələrin mütəşəkkil və operativ icrasının təmin olunması məqsədilə nazirliyin rəhbərliyindən və aidiyyəti məsul şəxslərindən ibarət Qərargah yaradılmışdır.Ermənistanın müharibə və insanlıq əleyhinə cinayətləri, işğalçılığa və separatçılığa dəstək xarakteri daşıyan iqtisadi və digər qeyri-qanuni fəaliyyəti ilə bağlı milli və beynəlxalq qanunvericiliyin təhlili, işğaldan azad olunmuş ərazilərdə ədliyyə və məhkəmə infrastrukturuna dəymiş ziyanın dəqiqləşdirilməsi və bu orqanların fəaliyyətinin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsi, işğaldan azad olunmuş ərazilərdə ədliyyə orqanlarına əlçatanlığın təmini məqsədilə Ədliyyə nazirinin 12 noyabr 2020-ci il tarixli müvafiq əmri ilə Ədliyyə Nazirliyinin Qarabağ Regional Ədliyyə İdarəsi təsis olunmuşdur.Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına Xankəndi şəhəri, Şuşa, Zəngilan, Xocavənd, Xocalı, Qubadlı, Laçın, Ağdam, Cəbrayıl Füzuli və Kəlbəcər rayonları daxil edilmişdir.

    Nazirlik tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın hədəflərinə uyğun olaraq azad edilmiş ərazilərdə məskunlaşan əhalinin ədliyyə xidmətlərinə əlçatanlığının təmin olunması, maarifləndirmə tədbirlərinin genişləndirilməsi, ədliyyə və məhkəmə fəaliyyətinin bərpası, bu sahədə müvafiq infrastrukturların yaradılması və s. tədbirlər həyata keçirilir.

    Azad edilmiş ərazilərimizdə ədliyyə və məhkəmə fəaliyyətinin bərpası, o cümlədən bu sahədə xidmətlərin əlçatanlığının təmin olunması ilə bağlı 2022-ci ildə Ədliyyə Nazirliyinin təşəbbüsü ilə Şuşa şəhərində məhkəmə-hüquq islahatlarının mütərəqqi nəticələrinə dair konfrans keçirilmiş, qarşıya qoyulmuş vəzifələr müzakirəedilmişdir.

    Nazirlik tərəfindən ədliyyə və məhkəmə fəaliyyətinə əlçatanlığı təmin edən müasir texnologiyaların və rəqəmsal innovasiyaların tətbiqinin geniş vüsət alması müxtəlif əməliyyatların məsafədən, o cümlədən azad edilmiş ərazilərimizdə daha asan, rahat və çevik həyata keçirilməsinə imkan yaratmışdır.Bu innovativ metodlar əsasında Zəngilan rayonunun Ağalı kəndində və Şuşa şəhərində səyyar ədliyyə xidmətləri təşkil olunaraq doğma torpaqlarımıza qayıdan və orada çalışan soydaşlarımıza müxtəlif hüquqi xidmətlər göstərilir. Vətəndaş məmnunluğu doğuran bu tədbirlər azad edilmiş ərazilərimizdə davam etdirilməkdədir.
    Bununla yanaşı, mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixi-mədəni irsinin bərpası və qorunması, Qarabağ və Şərqi Zəngəzurda iqtisadi inkişafın və dayanıqlı məskunlaşmanıntəmin edilməsi ilə bağlı yeni mühüm qanunlar qəbul olunmuşdur.Bu sahədə fəal iştirak edən Ədliyyə Nazirliyi tərəfindən əksəriyyətini iqtisadi və sosialyönümlü, o cümlədən müharibə veteranlarının və şəhid ailələrinin sosial təminatının yaxşılaşdırılması məsələlərini əhatə edən 3.300-ə yaxın hüquqi akt layihəsi hazırlanmış və ya onlara rəy verilmişdir. 

    Məlumdur ki, 30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.
    İşğaldan azad edilmiş ərazilərimizə qayıdan əhaliyə göstərilən hüquqi xidmətin yaxşılaşdırılması və bu prosesin müasir tələblər səviyyəsində təşkili Ədliyyə sisteminin qarşısında duran ən vacib istiqamətlərindən biridir.
    Azərbaycan Ədliyyəsi də ölkə Prezidentinin tapşırıq və tövsiyələri, fərman və sərəncamlarından irəli gələn vəzifələrə öz uğurlu fəaliyyəti ilə təkan verməyə daim hazırdır. 



    Taleh QULİYEV, 
    Lənkəran Regional Ədliyyə İdarəsinin rəisi.
    PAYLAŞ:

    Oxşar xəbərlər