Çin Xalq Respublikasının Siçzyaçjuan şəhərində keçirilən “Xəzərdən Çinə: ədəbiyyat, texnologiya və sosial həyat” mövzusunda beynəlxalq elmi konfransda Azərbaycan AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Beynəlxalq elmi konfransın açılış mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli salamlama nitqi ilə çıxış edərək Azərbaycanla Çin arasında bütün sahələrdə olduğu kimi, elmi əməkdaşlığın da sürətli inkişaf mərhələsində olduğunu bildirib, bu əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Açılış mərasimində, həmçinin Hebey Sosial Elmlər Akademiyasının prezidenti akademik Luy Sinbin, Hebey Pedaqoji Universitetinin rektoru professor Xuan Şen, Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edən Din Tao (onlayn), Çin İnşaat Bankının Hebey Filialının vitse-prezidenti Syu Syaomin, Çinin sabiq Beynəlxalq əlaqələr nazirinin müavini, Sülh və Tərksilah üzrə Ümumçin Xalq Assosiasiyasının vitse-prezidenti Yuy Hunçzyun salamlama nitqi ilə çıxış ediblər.
Beynəlxalq elmi konfransın plenar iclasında AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Azərbaycan-Çin əlaqələri: Qədim İpək Yolundan “Bir kəmər – Bir yol”adək” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan-Çin əlaqələrinin tarixinə nəzər salınıb, müasir dövrdə genişmiqyaslı elmi əməkdaşlığın inkişafından söhbət açılıb, perspektivləri diqqətə çatdırılıb.
Plenar iclasda, həmçinin Çin Tarixçiləri Assosiasiyasının vitse-prezidenti, Təhsil Nazirliyi yanında Tarix fənninin tədrisinə metodiki rəhbərlik Komitəsinin sədr müavini professor Day Tszyanbinin “Xəzər dənizindən Çinədək”, Çjetszyan Ticarət-Sənaye Universitetinin prorektoru, Almaniyanın Humboldt Universitetinin professoru Çen Yantayın “Bir kəmər, bir yol” layihəsinin birgə quruculuğunda Çinin fərdi müəssisələrinin iştirakı və iştirakçı ölkələrlə onun inkişaf etdirilməsi”, Özbəkistan Diplomatiya Universitetinin rektoru Elyar Mahmudovun “Özbəkistanda çinşünaslığın inkişafı” və Çin Biomüxtəlifliyin Qorunması və Yaşıl İnkişaf Fondunun vitse-prezidenti və baş katibi professor Çjou Tszinfenin “Bir kəmər, bir yol” layihəsinin ekologiyası və ekobitkiçiliyinin tədqiqi” mövzularında məruzələri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonra tədbir bölmə iclasları ilə davam etdirilib.
İki gün davam edən beynəlxalq elmi konfransda azərbaycanlı alim və gənc tədqiqatçılar da çıxış ediblər. AMEA-nın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovun “Azərbaycan-qazax ədəbi əlaqələri”, Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri Aqşin Əliyevin “Azərbaycanda Çin dilinin distant formada öyrənilməsinin əhəmiyyəti və çağırışlar”, Rabitəbankın əməkdaşı Orxan Salayevin “Müasir bankın ənənələri və innovasiyalar: Azərbaycanda bank sektorunun hərtərəfli təhlili”, Azərbaycan Dövlət İqtisad Universitetinin doktorantı Sadiq Qaçayevin “Xəzər dənizi və Mərkəzi Asiya: “Bir kəmər – Bir yol” layihəsi çərçivəsində qarşılıqlı əlaqələr və mübadilələr”, Xəzər Universitetinin əməkdaşı Vüsal Quliyevin “Geosiyasi dəyişikliklər fonunda Transxəzər marşrutlarının artan əhəmiyyəti” mövzularında məruzələri dinlənilib.
Ümumilikdə tədbirdə müxtəlif elm sahələrini əhatə edən 100-dən çox elmi məruzə dinlənilərək müzakirə edilib. Xarici ölkə alimləri tərəfindən təqdim edilən məruzələrdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qarabağ Zəfərinin əhəmiyyəti xüsusi vurğulanıb, Azərbaycan ədəbiyyatı, tarixi, mədəniyyəti və iqtisadiyyatı haqqında dəyərli fikirlər səsləndirilib.
İki gün davam edən beynəlxalq elmi konfransda Çin və Azərbaycan alimləri ilə yanaşı, Böyük Britaniya, ABŞ, Rusiya, İtaliya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və başqa ölkələrdən gəlmiş alimlər iştirak ediblər.