Müstəqil Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin şah əsəridir

Müstəqil Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin şah əsəridir
  • Cəmiyyət

  • Hər bir xalq üçün öz taleyinə sahib olmaq, öz dövlətini yaratmaq və inkişaf etdirmək ən böyük nailiyyətdir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə baxmayaraq, heç bir qüvvə Azərbaycan xalqının müstəqillik, dövlətçilik arzularını söndürə bilməmiş, şərait, imkan yetişən kimi xalqımız müstəqillik ideallarını reallığa çevirə bilmişdir. Azərbaycan xalqı xoşbəxtdir ki, bu gün öz müstəqil dövlətinə sahibdir və dövlət müstəqilliyimiz xalqımızın milli sərvətidir.

    Azərbaycan xalqının əsrlər boyu qəlbində yaşatdığı milli dövlətçiliyə nail olmaq arzularının gerçək ifadəsi olan və ömrü cəmi 23 ay çəkən Azərbaycan Xalq Cümhuriyyəti ürəklərdə elə bir məşəl alovlandırdı ki, təqribən 70 il ərzində hökmranlıq etmiş totalitar kommunist rejiminin amansız cəza-repressiya maşını da bu məşəli söndürə bilmədi. Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu. XX əsrin 80-ci illərinin ortalarından etibarən bütün dünyada, o cümlədən Azərbaycanda baş qaldıran milli oyanış dalğası əzəmətli xalq hərəkatına çevrilərək, yeni dünya nizamının təməlini qoyanda Azərbaycan Xalq Cümhuriyyətinin idealları xalqımız üçün mayaka döndü və özünü AXC-nin varisi elan edən Azərbaycan Respublikası 1991-ci ildə yenidən dövlət müstəqilliyinə qovuşdu.
    Ümummilli Liderin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illər genişmiqyaslı inkişaf və tərəqqinin əldə olunması, milli kimliyimizin dirçəldilməsi, milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması dövrü kimi xarakterizə olunur. Heydər Əliyev kimi parlaq zǝkaya, dərin biliyə və misilsiz işgüzarlığa malik bir şəxsiyyətin respublikamıza rəhbər seçilməsi Azərbaycanın tarixində dönüş nöqtəsi olmuşdur.

    Ulu öndərin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşında daim qalacaqdır. Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər vəzifəyə təyin olunmasını tarixi hadisə kimi qiymətləndirənlər öz qənaətlərində haqlıdırlar. Çünki onun vəzifəyə gəldiyi az bir müddətdə respublikada köklü dəyişikliklər, belə desək inqilab baş vermişdir. Sovetlər zamanında hər bir tapşırığın mərkəzdən verildiyi və idarə olunduğu bir vaxtda geridə qalan, çıxılmaz sosial-iqtisadi vəziyyətdə olan Azərbaycanda belə inqilab etmək, tikinti-abadlıq, quruculuq işlərinə geniş vüsət vermək əsl qəhrəmanlıq, vətənə sədaqət nümunəsi, həm də bir tarix idi. Bir sözlə, Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi, ölkədə görünməmiş canlanma və yüksəliş başlandı.
    Ulu öndər Heydər Əliyev həmin dövrü xarakterizə edən: "Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır".

    Beləliklə, Heydər Əliyevin doğma xalqı qarşısında ən böyük xidmətlərindən biri də bu idi ki, 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olunarkən Şimali Azərbaycan artıq müstəqil bir dövlət kimi yaşamağa tamamilə hazır idi.
    Bu gün Azərbaycanın dövlət müstəqilliyi əbədi və dönməzdir.Xalqımız xoşbəxtdir ki, onun Heydər Əliyev kimi ulu öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə işlənmiş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, cənab İlham Əliyevin rəhbərliyi ilə dünyaya günəş kimi doğan Azərbaycanın və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa çəkiləcəkdir.



    Nofəl Cəfərov,
    Türkoba Bələdiyyəsinin sədri


    PAYLAŞ:

    Oxşar xəbərlər