Azərbaycan- Bolqarıstan əlaqələri sürətlə inkişaf edir

Azərbaycan- Bolqarıstan əlaqələri sürətlə inkişaf edir
  • Cəmiyyət

  • Azərbaycan –Bolqarıstan  arasında münasibətlər XX əsrin əvvəllərində və  çox möhkəm təməl üzərində qurulub.Müasir dövrdə Azərbaycan ilə Bolqarıstan arasında çox sıx əlaqələr mövcuddur. Bu əlaqələr son onilliklər ərzində təşəkkül tapmışdır. Siyasi, iqtisadi, elmi, texniki və mədəni əlaqələr istiqamətində münasibətlər sürətlə inkişaf etməkdədir. Hər iki respublikanın dövlət başçıları bu münasibətlərin genişlənməsində maraqlı olduqlarını dəfələrlə bəyan ediblər. Bolqarıstan Respublikası Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb. Diplomatik münasibətlər isə həmin ilin iyununda yaradılıb. 1999-cu ilin dekabrında Bolqarıstanın Azərbaycanda, 2005-ci ilin fevralında isə Azərbaycanın Bolqarıstanda səfirliyi fəaliyyətə başlayıb.

    Siyasi əlaqələrimiz yüksək səviyyədədir, bunu qarşılıqlı səfərlər, xüsusən də yüksək səviyyəli səfərlər sübut edir. Siyasi əlaqələrin möhkəmliyi Azərbaycan və Bolqarıstan arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına güclü təkan verməyə imkan verir. İki ölkə arasında 65-dan çox sənəd imzalanıb və bu, tərəflər arasında fəal siyasi dialoqun aparılmasından xəbər verir.  Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar və bu illər ərzində iki ölkə arasında əlaqələr sürətlə və uğurla inkişaf edib. Ancaq indi sürətlə dəyişən dünyada əlaqələrin daha da dərinləşməsinə və möhkəmlənməsinə ehtiyac yaranıb. Bolqarıstan Prezidenti Rumen Radevin səfəri zamanı strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə imzalandı. 

    Rəsmi Sofiya yeni geosiyasi şəraitdə də Azərbaycan ilə əlaqələrini davamlı inkişaf etdirmək kursuna sadiqliyini göstərir. Bolqarıstan hesab edir ki, güclü potensiala malik Bakı strateji bölgələrdə regional iqtisadi inkişafa töhfə verən ölkədir. Bu mövqeyi cənab Radev mətbuata açıqlamasında diqqətə çatdırdı. Azərbaycan və Bolqarıstan prezidentlərini ənənəvi dostluq, qarşılıqlı anlaşma və qarşılıqlı etimad telləri bağladığını vurğulayan cənab Radev bildirdi ki” ən yüksək səviyyədə olan siyasi dialoq Qafqaz və Qara dəniz hövzəsi ölkələrinin iqtisadi rifahı üçün yaxşı zəmin yaradır, Avropanın enerji təhlükəsizliyinə töhfə verir.” 
                 Eyni zamanda, Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir. Təkcə 2024-cü ilin birinci rübündə qarşılıqlı ticarət dövriyyəsi təxminən dörd dəfə artaraq 153 milyon ABŞ dollarına, Bolqarıstana ixracımız isə dörd dəfədən çox artaraq 146 milyon ABŞ dollarına çatıb. Hazırda Azərbaycanda 15 Bolqarıstan şirkəti fəal fəaliyyət göstərir. Mayın 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizə rəsmi səfəri iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə təkan verəcəkdir. Səfər çərçivəsində hər iki ölkə prezidentlərinin təkbətək və geniş tərkibdə görüşləri keçirilib, Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimi olub. 
                Mərasimdə ölkə başçıları “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə”ni imzaladılar. Həmçinin mərasimdə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Bulgaria Air” Səhmdar Cəmiyyəti arasında kod paylaşma Sazişi”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Bolqarıstan Respublikasının İnnovasiya və İnkişaf Nazirliyi arasında texnoloji innovasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Asarel Investment” arasında Anlaşma Memorandumu” imzalanıb. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər. 
               
    Hazırda Azərbaycan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiya ilə SOCAR ve qeyd olunan ölkələrin paylayıcı sistem operatorları arasında 2023-cü ildə Sofiyada imzalanmış Anlaşma Memorandumu çərçivəsində müvafiq sistemlərdən istifadə etməklə qaz təchizatı və nəqlinin praktiki aspektlərini müzakirə edilib.
    Şərqi, Cənubi və Mərkəzi Avropada Azərbaycanla strateji tərəfdaşlıq səviyyəsində əlaqələr qurmağa çalışan tərəfdaşların sayı durmadan artır. Prezident İlham Əliyevin yürütdüyü mükəmməl siyasət sayəsində Bakı Avropa qitəsində ardıcıl olaraq öz mövqelərini möhkəmləndirir və bütün bunlar Azərbaycanın geosiyasi çəkisini artırır.


       
    Əntiqə Tağıyeva,
    Masallı Tarix- Diyarşünaslıq Muzeyi





    PAYLAŞ:

    Oxşar xəbərlər