Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasına işgüzar səfər edib.Səfər çərçivəsində ölkə başçısının Almaniya kansleri Olaf Şolts ilə təkbətək görüşü baş tutub. Aprelin 26-da isə liderlər birgə mətbuat konfransı keçirib. Bu zaman İlham Əliyev "Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk", deyə bildirib.Almaniya kansleri isə öz növbəsində, münaqişənin ancaq sülh yolu ilə həll olunmalı olduğuna diqqət çəkib. Olaf Şolts əlavə edib ki, ölkəsi Azərbaycan və Ermənistana sülh yolunda dəstək göstərməyə hazırdır.
Azərbaycan Almaniya üçün təkcə ənənəvi enerji resursları, alternativ və bərpa olunan enerji, habelə yaşıl enerji əhəmiyyəti daşımır, eyni zamanda böyük iqtisadi, enerji və loqistika layihələrinin kəsişdiyi qitələrarası yolun üzərində yerləşən dövlət rolunu oynayır. Son vaxtlar Azərbaycan-Almaniya münasibətləri yeni müstəvidə inkişaf edir. Ölkələrimizin bir-birinə yaxınlaşması Cənubi Qafqaza sülh və əməkdaşlıq gətirir. Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi artır, qarşılıqlı sərmayələr yatırılır və yeni əməkdaşlıq imkanları müəyyənləşdirilir.
Münasibətlərimizin və əməkdaşlığımızın Almaniya üçün də önəminin yüksək olduğunu Prezident İlham Əliyevin ölkənin Kansleri Olaf Şoltsun xarici işlər naziri Annalena Berbokla birlikdə qarşılamasında özünü açıq göstərmiş oldu. Bundan əlavə, Prezidentin ayrı-ayrılıqda Almaniya Prezidenti, Kansleri və xarici işlər naziri ilə məhsuldar görüşlər keçirməsi qarşı tərəfin səfərə həssas yanaşmasından xəbər verirdi.
Prezident İlham Əliyevin Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində müzakirələrə dəvət olunması Azərbaycana olan dərin etimad, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi fəal dəstəkdən irəli gəlir. Bundan əlavə, Prezident İlham Əliyevin “15-ci Petersberq İqlim Dialoqu”nda iştirakı ölkəmizdə keçiriləcək COP29-a hazırlıq prosesi kimi qiymətləndirilir. Dövlət başçımız Petersberq İqlim Dialoqunda etdiyi çıxışında Azərbaycanın bərpa olunan enerji potensialı, iqlim dəyişikliklərinə qarşı verdiyimiz töhfələr və ölkəmizin bu tədbirə uğurla ev sahibliyi ilə bağlı məsələləri geniş qeyd etdi. Almaniyanın dövlət və hökumət strukturlarının rəhbərləri Azərbaycanla Ermənistan arasında sülh danışıqları, delimitasiya və demarkasiya prosesini alqışlayaraq bu istiqamətdə dəstək göstərməyə hazır olduqlarını bildirdilər.Dövlət başçımızın Almaniya səfəri çox yüksək dəyərləndirilməlidir. Bu səfər Cənubi Qafqaza sülh və əməkdaşlığın gəlməsinə yeni bir təkan verəcəkdir.Almaniya Avropanın bir sıra ölkələrindən fərqli olaraq, Cənubi Qafqazda gedən prosesləri yaxından izləməsi və vəziyyəti düzgün qiymətləndirərək reallığa uyğun qərarlar qəbul etməsi ilə seçilir.
Prezident İlham Əliyevin Berlində yüksək səviyyədə qarşılanması və çox səmərəli müzakirələrin aparılması onu göstərdi ki, ölkə rəhbəri uzaqgörən, səmərəli siyasət yeridir.Cənab Prezident bir daha vurğulayıb ki, faydalı qazıntı ilə zəngin olan ölkələr, ilk növbədə, həmin ehtiyatları ölkənin inkişafına, yoxsulluğun və işsizliyin azaldılmasına, yaşıl gündəliklə bağlı tutulan hədəflərə yönəltmələrinə görə dəyərləndirilməlidirlər. Digər tərəfdən, zəngin neft və qaz ehtiyatları olan ölkənin eyni zamanda yaşıl enerji istehsalı ilə bağlı məsələlərdə önə keçməsi təzadların sintezi effektini verərək əlverişli həmrəylik mühiti yarada bilər. Nəzərdən qaçırılması yol verilməz olan daha bir məsələ Avropanın özündə təbii qaza olan tələbatın getdikcə artması ilə bağlıdır. Azərbaycanın nefti və qazı Avropa bazarlarına hələ uzun illər ərzində lazım olacaq. Prezident İlham Əliyevin aprelin 26-da Berlində mətbuata bəyanatında əks olunmuş ən vacib məqamlardan biri də regional təhlükəsizlik və sülh məsələləri ilə bağlı olub: “Dövlət başçımız qəti və birmənalı şəkildə bildirdi ki, hazırda Ermənistanla davam etdirilən sülh danışıqlarını Azərbaycan yüksək qiymətləndirir.
Artıq Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və hətta demarkasiyası prosesinə başlanması, 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndinin geri qaytarılması, Azərbaycanda yaradılmış Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin də artıq öz fəaliyyətini dayandırması – bütün bunlar sülhə doğru atılan önəmli addımlardır.
Bir vacib məqam da nəzərə alınmalıdır ki, ölkəmiz COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürərkən Ermənistan və Bolqarıstan da öz namizədliklərini vermişdilər. Lakin aparılan danışıqların nəticəsi olaraq əvvəlcə Ermənistan və ondan sonra da Bolqarıstan Azərbaycanın xeyrinə öz namizədliklərini geri çəkdilər. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bu gün sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var və Azərbaycan bu işdə səmimi köməklik göstərmək istəyən ölkələrlə əməkdaşlığa daim hazırdır.
Türkanə Əliyeva
YAP fəalı