Azərbaycanın sədrliyi dövründə ölkəmizdə Qoşulmama Hərəkatının sammit və digər önəmli tədbirləri keçirilmişdir

Azərbaycanın sədrliyi dövründə ölkəmizdə Qoşulmama Hərəkatının sammit və digər önəmli tədbirləri keçirilmişdir
  • Cəmiyyət

  • Azərbaycan Respublikası 2011-ci ildə Qoşulmama Hərəkatının tamhüquqlu üzvü olub. Azərbaycan Qoşulmama Hərəkatına üzv olandan bəri Hərəkatın fəaliyyətinə önəmli töhfələr verir. Buna görə də, 2016-cı ildə Qoşulmama Hərəkatının Venesuelada keçirilmiş Zirvə Toplantısında Hərəkatın üzv dövlətləri yekdilliklə Azərbaycanın təşkilatın növbəti sədr ölkəsi seçilməsinə razılıq vermişlər.
               
    Azərbaycanın Qoşulmama Hərəkatında 2019-2022-ci illər üçün sədrliyi 2019-cu il oktyabrın 25-26-da keçirilən Bakı Zirvə Toplantısında başlamışdır. Daha sonra üzv dövlətlərin yekdil qərarı ilə sədrliyimiz daha bir il uzadılmışdır.
               
    COVID-19 pandemiyasına qarşı qlobal mübarizə məqsədilə Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir sıra önəmli təşəbbüsləri olmuşdur. Belə ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə 2020-ci ilin mayında Qoşulmama Hərəkatının liderlər səviyyəsində onlayn sammiti, 2020-ci ilin dekabrında isə BMT Baş Assambleyasının xüsusi sessiyası keçirilmişdir. Həmçinin bu dövrdə Azərbaycanın təşəbbüsü ilə bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələri qəbul edilmişdir.
                 
    Bundan əlavə, ölkəmiz əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərib.
                 
    Azərbaycan sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafına xüsusi önəm vermişdir. Azərbaycanın təşəbbüsü ilə 2021-ci ildə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi və 2022-ci ildə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı yaradılmış, 2023-cü ildə Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması ideyası üzv dövlətlər tərəfindən dəstəklənmişdir.
               
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı demişdir: “İnstitusional davamlılığa doğru atılan bu addımlarla biz növbəti sədrlərə mütləq uğurlu bir miras qoyacağıq”.
                   
    Azərbaycanın sədrliyi dövründə ölkəmizdə Qoşulmama Hərəkatının sammit və digər önəmli tədbirləri keçirilmişdir. Bunlardan biri də 2023-cü ilin martında Bakıda keçirilmiş Qoşulmama Hərəkatının pandemiyadan sonrakı bərpaya həsr olunmuş növbəti sammiti idi.
                   
    Bu sammitdə Prezident İlham Əliyev Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərində post pandemiya dövründə bərpanı dəstəkləmək üçün iki qlobal çağırış elan etmiş və Azərbaycan ilk donor kimi hər iki çağırış üçün bir milyon ABŞ dolları ayırmışdır.
                 
    Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi “Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorudu”.

         


    Ziyafəddin Cavadov
    Qızılağac kənd S.Xəlilov adına 1 nömrəli tam orta məktəbin müəllimi 
    PAYLAŞ:

    Oxşar xəbərlər