Azərbaycan Pediatrlar Assosiasiyası dövlət səviyyəsində ana və uşaq sağlamlığının möhkəmləndirilməsi və qorunması, sağlam həyat tərzinin formalaşması, xəstəliklərin erkən aşkar olunması və yayılmasının qarşısının alınması, inkişaf səbəbinin və şəraitinin müəyyən edilməsi, həmçinin sağlamlığa zərərli amillərinin aradan qaldırılmasına yönəldilmiş kompleks tədbirlərə davamlı olaraq öz dəstəyini verir.
Xüsusilə Assosiasiya praktik tibbi fəaliyyətlə məşğul olan həkimlərin davamlı tibbi təhsili, səhiyyə mütəxəssislərinin peşə, bilik və bacarıqlarının təkmilləşdirilməsi prosesində yaxından iştirak edir. Assosiasiyanın təşkilatçılığı ilə üzvü olan yüksək ixtisaslı həkimlər, alimlər respublikanın şəhər və və regionlarında həkimlərin və mütəxəssislərin elmi sübutlara əsaslanmış məlumatlar əsasında tibbi biliklərinin artırılmasına, peşəkar vərdişlərinin inkişaf etdirilməsinə yönəlmiş təkmilləşdirmə kursları, seminarlar keçirilər.
Assosiasiyanın həkimləri ana və uşaqların sağlamlığı ilə bağlı bölgədəki həkimlər üçün regional təlim görüşləri təşkil edir, uşaq sağlamlığı və xəstəlikləri ilə bağlı əsas problemlərin təcrübəli professor-müəllim heyəti tərəfindən müzakirə edildiyi dəyirmi masa, seminar və iclaslara ev sahibliyi edir, uşaqların problemlərinin həlli yollarını təklif edir, onların sağlamlıq problemləri barədə bölgədəki həkimlərə məlumat verir və uşaqların sağlamlığı ilə bağlı dəstək proqramları həyata keçirirlər.
Son həftələrdə tibb üzrə fəlsəfə doktorları, dosentlər – Təranə Tağı-zadə, Ülviyyə Hacıyeva, Fəxriyyə Məmmədova, Lalə Hidayətova və uzman psixoloq Büşra Kayanın iştirakı ilə Assosiasiyanın həyata keçirdiyi davamlı tibb təhsili və mütəmadi olaraq uşaqlıq dövrü xəstəlikləri ilə bağlı tibbi maarifləndirmə fəaliyyəti “Postinfeksion sindromunun qastrointestinal təzahürləri” “Həkim pediatrın təcrübəsində diareya sindromunun differensial diaqnostikası”, “Uşaqlarda öskürəklə müşayiət olunan xəstəliklərin differensial diaqnostikası”, “Uşaqlarda aşağı tənəffüs yollarının infeksion xəstəliklərinin müalicəsi və qarşısının alınmasında betta- qlukanların rolu” ,“Qızılcanın differensial diaqnostikası, müalicəsi və vaksinasiyanın rolu”, “Tez-tez xəstələnən uşaqlara dispanser nəzarət”, “Uşaqlarda qastroezofaqeal refluks xəstəliyi zamanı respirator əlamətlər və onların diaqnostikası” və "Təşviş, həyacan olan uşaqlarda somatik simptomlar" kimi mövzuları əhatə edib.
Azərbaycan Pediatrlar Assosiasiyasının mühüm vəzifə olaraq gördüyü, elmi tədqiqatlar, tibbi maaarifləndirmə və profilaktik müayinə tədbirləri ana və uşaqların sağlamlıqlarının vaxtaşırı yoxlanılması-kompleks muayinələr (xüsusilə imtiyazlı ailələrə), yarana biləcək xəstəliklərin erkən aşkarlanması, vaxtında müalicəyə cəlb olunması və xəstəlik inkişaf etmədən qarşısının alınmasına xidmət edir.
Son 3 ay ərzində Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Mingəçevir, Masallı, Lənkəran və digər rayonlarda uşaqlar arasında xəstəliklərə səbəb olan risk faktorlarının aşkar edilməsi və qarşısının alınması, kəskin və xronik xəstəliklərin erkən aşkarlanması, vaksinlərin təbliği kimi prioritet istiqamətlərdə maarifləndirmə işləri aparılıb. Körpələrin sağlamlığının qorunması, normal fiziki inkişafının təmin edilməsi üçün valideynlərinə onların profilaktik müayinələrdən keçirilməsi tövsiyə olunub.
Eləcə də ölkəmizdə keçiriləcək COP29 çərçivəsində iqlimlə bağlı sağlamlıq risklərinə diqqət yetirilən öhdəliklərin və ictimai sağlamlıq üçün görülə biləcək tədbirlərin müzakirəsi aparılır.
Qidalanma, malyariya, ishal və istilik stressi kimi iqlimlə bağlı sağlamlıq təhlükələri barədə həkimlər vasitəsilə məlumatlılığı artırmaq üçün fəaliyyətin təşkili işlənib hazırlanır.
Həmçinin Assosiasiyanın üzvü olan ixtisaslaşmış həkim heyəti ana, körpə və yeniyetmələrin sağlamlıq vəziyyəti barədə tibbi, pedoqoji məlumatlar toplayır, olanlar üçün profilaktik proqram işləyib hazırlayırlar.
Müəllif: leqal.az