Azərbaycan Milli Elmlər Akademiyasında “Yeni tarixi dövr və milli ideya” mövzusunda ikinci müzakirə keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA elmi müəssisələrinin direktorları, Rəyasət Həyəti aparatının şöbə müdirləri və məsul əməkdaşları, Humanitar və İctimai elmləri təmsil edən alimlər və gənc mütəxəssislər iştirak ediblər.
Müzakirələri giriş sözü ilə açan akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 yanvar 2024-cü ildə yerli televiziya kanallarına müsahibəsi zamanı səsləndirdiyi “Bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır”, - sözlərini xatırladıb və bundan irəli gələrək yanvar ayında bu istiqamətdə ilkin müzakirələrin keçirildiyini xatırladıb. Qeyd edib ki, həmin müzakirələr zamanı Humanitar və İctimai elmləri təmsil edən 16 nüfuzlu alim mövzu barədə fikirlərini bildirərək bu istiqamətində 37 təklif səsləndiriblər.
Akademik İsa Həbibbəyli bildirib ki, ideologiya ilə ideya bir-birinə yaxın olan anlayışlardır və dövlətimizin əsas ideologiyası Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş Azərbaycançılıq ideologiyasıdır və səsləndirilən təkliflərdə də gələcək milli ideyanın baza hissəsini bu ideologiya təşkil edir.
Alimlərimiz tərəfindən ilkin müzakirələr zamanı Güclü lider, güclü dövlət, güclü xalq, Böyük Qayıdış kimi milli ideya ola biləcək təkliflər səsləndirilib. Biz, həmçinin milli ideyanın nə demək olmasını müəyyənləşdirərkən onun ifadə formatını da tapmalıyıq. Yəni qardaş Türkiyəyə münasibətdə Ulu Öndərin “Bir millət, iki dövlət” sözlərini, yaxud Vətən müharibəsində dövlət başçısının ümummilli şüara çevrilmiş “Qarabağ Azərbaycandır!” nidasını qəbul etdiyimiz kimi, yeni milli ideyamız da müəyyən formata, modelə əsaslanmalıdır”, - deyə akademik İsa Həbibbəyli söyləyib.
AMEA rəhbəri, o cümlədən Prezident İlham Əliyevin fevralın 14-də Andiçmə mərasimindəki nitqində səsləndirdiyi fikirlərin milli ideyamızın müəyyənləşdirilməsi üçün mühüm yol xəritəsi olduğunu deyib.
Diqqətə çatdırıb ki, artıq Akademiyada azərbaycançılıq və ümummili ideyalar əsasında metodoloji tədqiqatların aparılmasına başlanılıb. Azərbaycan tarixinin, ədəbiyyatının, incəsənətinin dövrləşdirilməsi və inkişaf konsepsiyasının, eləcə də milli fəlsəfəmizin müəyyənləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Həmçinin bildirib ki, AMEA-da həyata keçirilən tədqiqatlar Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyası və milli prioritetlərə əsaslanır.
Ali Baş Komandan İlham Əliyevin liderliyində Vətən müharibəsində və bir günlük antiterror tədbirləri zamanı qazanılan tarixi Qələbə ilə ərazi bütövlüyümüzün tam bərpa edildiyini deyən AMEA rəhbəri dövlət başçısı tərəfindən Xankəndi və digər işğaldan azad olunmuş ərazilərdə Dövlət Bayrağımızın ucaldılmasının böyük tarixi nailiyyət olduğunu söyləyib.
Artıq Azərbaycanda dövlət başçısının müsahibəsində qeyd etdiyi yeni tarixi dövrünün başlandığını bildirən akademik İsa Həbibbəyli ötən müddət ərzində ölkəmizdə Prezident seçkilərinin keçirildiyini və İlham Əliyevin yekdilliklə Azərbaycan Respublikasının Prezidenti seçildiyini, o cümlədən dövlətimiz tərəfindən beynəlxalq müstəvidə yeni tarixi dövrün ideyalarına uyğun addımların atıldığını deyib.
Akademik İsa Həbibbəyli müstəqil Azərbaycan dövlətinin bundan sonrakı tarixi dövr üçün milli ideyasının müəyyənləşdirilməsinin alimlərimizin başlıca vəzifəsi olduğunu diqqətə çatdırıb.
İctimai müzakirələrdə çıxış edən AMEA-nın vitse-prezidenti v.i.e. akademik Gövhər Baxşəliyeva vurğulayıb ki, milli birlik, güclü, müasir, dünyəvi, demokratik dövlət quruculuğu məsələləri bizim milli ideyamızın əsasını təşkil etməlidir, biz dünyəviliyimizi qorumalıyıq.
Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə çıxışında bildirib ki, milli ideyanın əsasını Azərbaycan cəmiyyətinin gələcəkdə nə arzuladığını müəyyən etmək təşkil edir və bu isə özlüyündə “milli arzu” anlayışını formalaşdırdığından sosioloji tədqiqatların aparılmasına ehtiyac yaranır.
Qafqazşünaslıq İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Musa Qasımlı isə qeyd edib ki, Azərbaycançılıq ölkəmizin təməl ideologiyasıdır və milli birlik və həmrəyləyimizin təməlidir. Onun sözlərinə görə, milli ideya müəyyən dövr üçün zəruri şəraitdən yaranır və millətin arzusundan, istəyindən irəli gəlir. O qeyd edib ki, milli-mənəvi köklərimizə dayanaraq modernləşməli, elm və təhsili müasir səviyyəyə qaldırmalıyıq.
Sonra çıxış edən AMEA-nın Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov bildirib ki, Azərbaycanda milli ideyanın tarixi və spesifikası dinamik xarakter daşıyıb və hər dövrdə fərqli olub. Alim vurğulayıb ki, güclü Azərbaycan ailəsi güclü dövlətin təməlləri təşkil edir və buna daim xüsusi diqqət yetirmək lazımdır.
İctimai müzakirələrdə akademiklər Möhsün Nağısoylu, Teymur Kərimli, Muxtar İmanov, professorlar İlham Məmmədzadə, Əbülhəsən Abbasov, tarix elmləri doktorları Eynulla Mədətli, Güllü Yoloğlu, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, Şərqşünaslıq İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev, fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalov və başqaları çıxış edərək Azərbaycanın yeni tarixi dövr üçün yeni milli ideyası ilə bağlı təklif və mülahizələrini səsləndiriblər.
Sonda çıxış edən akademik İsa Həbibbəyli müzakirələr zamanı səsləndirilən güclü lider, güclü dövlət, milli birlik, Böyük Qayıdış, inkişaf etmiş dövlət, sosial rifah və türk birliyi kimi ideyaları ümumiləşdirib, yeni tarixi dövr üçün milli ideya baxımından səsləndirilən təkliflərin sırasına rəqəmsal cəmiyyət quruculuğu və milli təhlükəsizlik məsələlərini də əlavə etməyi və bu ideyaların əsasında ortaq modellərin formalaşdırılmasının məqsədəuyğun olduğunu nəzərə çatdırıb.
Qeyd olunub ki, yeni tarixi dövrdə milli ideya axtarışları sahəsində aparılan müzakirələr Akademiyada ictimai və humanitar elmlərin inkişafına təkan verib, geniş meydan açıb.
İclasda müzakirələrin davam etdirilməsi qərara alınıb.
www.leqal.az