30 ildən sonra nail olduğumuz tarixi Zəfərimizdən bizləri üç illik zaman ayırır. Bu üç il 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi dövrünün reallıqlarını yenidən nəzərdən keçirməyə, postmünaqişə dövrünün hədəflərinə nail olmaq üçün atılan addımların təhlilinə geniş imkanlar yaradır. 44 günlük Vətən müharibəsi dövründə yaşananlar, işğalçı Ermənistanın yeni ərazilər uğrunda müharibə planlarının açıqlanması, dünyanın aparıcı dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatlarının seyrçi və laqeyd münasibətləri münaqişənin həlli prosesinin 30 il uzanmasına işıq saldı. Bu fakt inkaredilməzdir ki, həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır.
Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi kağız üzərində qalmış və icra olunmamışdır. Aramsız davam edən Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 10 noyabr 2020-ci ildə Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan üçtərəfli Bəyanatın imzalanmasından sonra xalqa müraciətində vurğulandığı kimi, sentyabrın 27-də nə baş verib, onu tarixçilər deyəcək. Necə başlayıb, onu hesab edirəm ki, bir çoxları bilir. Artıq Azərbaycan xalqının səbri tükənmişdi: “Mən Ermənistan baş nazirinə son görüşlərdə demişdim ki, siz odla oynamayın, Azərbaycan xalqının səbri ilə oynamayın. Siz Azərbaycan xalqını tanımırsınız, siz tanıyacaqsınız bizi, amma gec olacaq. Düz yola gəlin, çıxın bu torpaqlardan, bu torpaqlar sizə mənsub deyil. Amma nə etdilər? Orada qanunsuz məskunlaşma aparmaq üçün beynəlxalq hüququ, beynəlxalq konvensiyaları, o cümlədən Cenevrə konvensiyalarını kobudcasına pozaraq nümayişkaranə şəkildə xaricdən erməniləri gətirib özü də məhz Şuşaya ki, bizi incitsin. Məhz Şuşada o dəstə başçısı hansı ki, indi deşik axtarır gizlənməyə, xunta başçısı özünə andiçmə mərasimi keçirmişdir və Ermənistan baş naziri gedib orada iştirak edib. Bu, bizə sataşmaq deyildimi? Bunun hesabını sizdən soruşan olmayacaqdımı?!”
Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, güclü ordu yaratdı. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnika bir çox mənbələrdən alınıb.
İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə dövlət siyasətinin prioriteti və strateji hədəfi idi.
Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur. Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutuldu. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulmuşdur.
Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın bu əmrini gözləyirdi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcədə təxribatlar zamanı öz evlərinin tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamından xəbər verdi. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş edən müzəffər Orduya çevrildi. Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur.
Dövlət başçısı İlham Əliyevin qalib Sərkərdə kimi işğaldan azad edilmiş ərazilərimizə, Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə gerçəkləşdirdiyi 16 noyabr 2020-ci tarixli səfəri ilə Böyük Qayıdışa xidmət edən ilk quruculuq tədbirləri başladı. Dastana çevrilən Şuşa əməliyyatının aparılmasına bələdçilik edən Füzulu- Şuşa yolu Zəfər yolu adlandırıldı və təməli qoyuldu.
Bu yol qısa zamanda tikilib istifadəyə verildi. Bu torpaqlarda aparılan, sadalamaqla bitməyən bərpa-quruculuq işləri Azərbaycanın malik olduğu imkanların təqdimatıdır. İşğaldan azad edilmiş torpaqlarımızda mədəni-dini abidələrimizin bərpası işində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolunu xüsusi qeyd etməliyik. Dövlət başçısı İlham Əliyevin tapşırığı, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri ənənəsi bərpa edildi.
Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir. Tezliklə bərpa-quruculuq işləri başa çatacaq, bu torpaqlarımıza qayıdan sakinlərimiz onlara yeni nəfəs verərək ölkəmizin dayanıqlı inkişafına dəstək olacaqlar.
Ziyafəddin Cavadov,
S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi