Beynəlxalq arenada “Xocalıya ədalət!” kampaniyası 2008-ci ildə irəli sürülüb və İslam Konfransı Gənclər Forumu 10 ildir ki, bu genişmiqyaslı və davamlı aksiyanı uğurla həyata keçirir. İlk dövrlərdə “Xocalıya ədalət, Qarabağa azadlıq” şüarı altında aparılan kampaniya 2009-cu ilin fevral ayından bilavasitə beynəlxalq müstəviyə çıxarılıb. Ötən dövrdə bu kampaniyanın məqsədi Ermənistan—Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, qaçqınların və məcburi köçkünlərin düşdüyü ağır vəziyyət haqqında həqiqətləri dünya birliyinə çatdırmaq olmuşdur. Hərəkatın yaradıcısı Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoqunun baş əlaqələndiricisi, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla xanım Əliyeva kampaniyanın məramından söz açaraq deyib: “Torpaqlarımız hələ də işğal altındadır, erməni cəlladlar tamahkar məqsədlərinə çatmaq üçün günahsız insanları amansızcasına qətlə yetirmişlər. Xocalı faciəsinin beynəlxalq birlik tərəfindən insanlığa qarşı cinayət və soyqırımı aktı kimi tanınmasına nail olmaq hər bir azərbaycanlının vəzifəsi, o cümlədən mənim də vəzifəmdir. Belə cinayət bir daha təkrarlanmamalıdır”.
Heydər Əliyev Fondu və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu bu vaxtadək dünyanın yüzədək ölkəsində Xocalı faciəsinə həsr edilmiş tədbirlər keçirib. Fond konfranslar, xatirə gecələri təşkil edir, kitablar, bukletlər dərc edir, DVD-disklər buraxır, filmlər çəkir. 2008-ci ildən başlayaraq “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində bütün dünyada yüzlərlə aksiya keçirilib.Avropa İttifaqının üzvü olan dövlətlərin, demək olar ki, hamısında, MDB, Asiya, Cənubi və Şimali Amerika ölkələrində konfranslar, seminarlar, piketlər təşkil olunub. Bu kampaniya sayəsində bir sıra beynəlxalq forum Xocalı faciəsini tanıyıb. Bir neçə il əvvəl Leyla Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun və İKT Gənclər Forumunun təşkilatçılığı ilə keçirilən aksiyada 31 ölkənin deputatları Xocalı faciəsini insanlığa qarşı cinayət kimi tanıyıblar.5 ildir ki, kampaniyanın yeni mərhələsi başlayıb—dövlət və hökumət başçılarına, ATƏT-in Minsk qrupuna, AŞPA-ya, BMT Baş Katibliyinə, dünya parlamentlərinə və beynəlxalq təşkilatlara ünvanlanmış çağırışlar edilir, Xocalı faciəsini soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanımaq tələbi irəli sürülən petisiya və müraciətlər yayılır.
Dünyanın 50-dək ölkəsində kampaniyanın milli koordinatorluğu yaradılıb. Burada həmin dövlətlərin vətəndaşları çalışır və könüllü olaraq ölkələrində “Xocalıya ədalət!” kampaniyasını həyata keçirirlər.Bu barədə açıqlama verən Leyla Əliyeva bildirib: “Beləliklə, böyük bir şəbəkə yaranıb. Qeyd edim ki, həmin koordinatorlar arasında xeyli tanınmış adam, məsələn, Hollandiyanın milli qəhrəmanı Gert van Dam da var. Kampaniyanın əsasını dünya liderlərinə petisiya təşkil edir. Həmin petisiya dünya liderlərini Xocalı hadisələrini bəşəriyyətə qarşı cinayət kimi tanınmasına çağırır.”Bu sahədə artıq xeyli nailiyyət əldə olunub. Bir sıra ölkələrin parlamentlərində Xocalı hadisələrini soyqırımı kimi tanıyan qətnamələr qəbul edilib. İslam Əməkdaşlıq Təşkilatı ölkələrini birləşdirən Parlamentlər İttifaqı 2012-ci ildə Xocalı faciəsinin soyqırımı kimi tanınmasına dair qətnamə qəbul edib. ABŞ-ın Nyu-Meksika, Texas, Corciya, Men, Nyu-Cersi, Arkanzas və digər ştatlarının parlamentləri də 1992-ci il 26 fevral hadisələrini soyqırımı kimi tanıyıb.Bundan başqa, İKGF-nin təşəbbüsü ilə İƏT Xarici İşlər Nazirlərinin toplantılarının 38 və 39-cu sessiyasında da Xocalı faciəsi soyqırımı hadisəsi kimi tanınıb. Eyni zamanda, həmin toplantılarda Xocalı hadisəsi ilə bağlı digər qərarlar da qəbul edilib, məsələn, İƏT-ə üzv ölkələrdə orta məktəb dərsliklərinə Xocalı soyqırımı barədə məlumat salınması tövsiyə edilib.Xatırladaq ki, strateji model olaraq “Xocalıya ədalət!” çağırışı düzgün seçilmişdir. Böyük əzmkarlıqla yuxusuz gecələr, gərgin zəhmət hesabına dünya miqyasında hazırlanıb keçirilən tədbirlər, görülən işlər, cəsarətli gedişlər, düşünülmüş siyasi kurs öz bəhrəsini vermişdir. Artıq erməni təbliğat maşını “Xocalıya ədalət!”in qarşısında duruş gətirə bilmir. “Xocalıya ədalət!” çağırışı tarixi zərurətdən yaranmışdır, bu müraciətin siyasi coğrafiyası, mədəni irsin qorunması məsələləri araşdırılmışdır.
Bu beynəlxalq kampaniya beynəlxalq terrora və müharibəyə qarşı qəhrəmanlıq abidəsi kimi qiymətləndirilmişdir. “Xocalıya ədalət!” çağırışı diqtə edir ki, tariximizin qan yaddaşını artıq vərəqləmək vaxtıdır. Bu gün bəşəriyyəti terror nəticəsində zülm və işgəncələrdən əziyyət çəkən milyonlarla insanların taleyi uğrunda mübarizəyə çağıran “Xocalıya ədalət!” adlı mənəvi bir cəbhə mövcuddur. Nə qədər ki, terror və amansızlıq, müharibə var bu ideoloji cəbhə də həmişə yaşayacaqdır.“Xocalıya ədalət!” kampaniyası çərçivəsində 2009-cu ildən dünyanın bir çox ölkələrində müxtəlif tədbirlər keçirilib. Bura konfranslar, sərgilər, küçə yürüşləri və s. Daxildir. “Xocalıya ədalət!”in çağırışlarına cavab olaraq, 2012-ci ildə İstanbulda 1 milyon insanın qatıldığı izdihamlı yürüş təşkil olunub.
Emil İlqar,
Masallı rayon Şərəfə kənd Q.İsmayılov adına tam orta məktəb