Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Gürcüstandakı azərbaycanlı icması adından bu ölkənin rəhbər şəxslərinə (Baş nazir, Prezident, parlament sədri, Xarici İşlər Nazirliyi, Ombdusman Aparatı), həmçinin ABŞ-ın, Fransanın və Niderlandın Tbilisidəki səfirliklərinə, BMT-nin və Avropa Şurasının paytaxtdakı ofislərinə, UNICEF, ATƏT və digər beynəlxalq təşkilatlara bəyanatla müraciət olunub.
Gürcüstandakı “Azərbaycan Evi”nin təşəbbüsü ilə hazırlanan bəyanata bu ölkədə fəaliyyət göstərən 50-dən çox qeyri-hökumət təşkilatı, 10-dan çox ictimai-siyasi və din xadimi qoşulublar.
“Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov bildirib ki, bəyanatın əsas məqsədi 32 il əvvəl Ermənistan tərəfindən Azərbaycanın Xocalı şəhərində xalqımıza qarşı törədilən qətliamı bir daha diqqətə çatdırmaq, insanlığa qarşı bu cinayətin soyqırımı aktı kimi tanınmasına nail olmaqdır.
Bildirilib ki, Azərbaycan xalqı hər zaman bölgədə sülhün və əmin-amanlığın tərəfdarı olub. İnsanlığa qarşı törədilən qətliamların əleyhinə çıxış edib, eyni zamanda, Ermənistana bölgədə sülhün bərqərar olması üçün çağırış edilib.
Bəyanatda deyilir ki, Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı insanlığa sığmayan və misli görünməmiş qəddarlıq törədilib. XX əsrdə Azərbaycana qarşı erməni millətçiləri tərəfindən törədilmiş təkcə bir faktı göstərmək kifayətdir ki, düşmənin necə məkrli olduğunu bütün dünya görsün. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalıya hücum edərək şəhəri yerlə-yeksan edib, dinc əhaliyə qarşı xüsusi qəddarlıqla divan tutulub. Bu soyqırımı nəticəsində 613 nəfər öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocadır.
Göründüyü kimi, Xocalı qətliamı ötən əsrin vəhşəti və dəhşətidir. Belə tükürpədici hadisələr dünya sivilizasiyasını və bəşər cəmiyyətini geri aparır. Bəşəriyyətin inkişafı naminə bütün insani pisliklərə son qoyulmalıdır. Dünyanın bir neçə ölkəsi tərəfindən Xocalı soyqırımı normativ-hüquqi aktlarda xatırlanıb və tanınıb. Bu vaxtadək Çexiya, Bosniya və Herseqovina, Kolumbiya, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Rumıniya, Sudan, Cibuti, Qvatemala və Şotlandiyanın qanunverici orqanları, həmçinin ABŞ-ın bir çox ştatı müvafiq qətnamələr qəbul edib. Bu müraciətimizin nəzərə alınacağına böyük ümid bəsləyirik. Azərbaycanəsilli vətəndaşlar Gürcüstanın sosial-iqtisadi, ictimai-mədəni həyatında, istənilən seçkilərdə fəal iştirak edirlər.
Müraciətdə Xocalı soyqırımının parlamentdə müzakirəyə çıxarılmasına çağırış ifadə olunub. Vurğulanıb ki, bu müzakirə mandatı bitəcək parlament tərəfindən ədalət naminə sülh qərarı olacaq. “Əminik ki, rahat və firavan dünya naminə günahsız insanların - mülki əhalinin ölümünə səssiz qalmayacaq, Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilməsi üçün müvafiq addımlar atacaqsınız. İnanırıq ki, XX əsrdə baş vermiş bu qanlı hadisəyə obyektiv münasibət yeni cinayətlərin qarşısını alacaq. Biz artıq “Terrora yox!” şüarı ilə deyil, “Dünyada sülh və barış” çağırışı ilə tədbirlər keçirilməsini istəyirik. Bütün dünyanı bu qaranlıqdan işığa səsləyirik. Məqsədimiz odur ki, sülhə xidmət yolunda hər kəs birgə addım atsın”, - deyə müraciətdə diqqətə çatdırılıb.
//Azərtac