7 fevral 2024-cü ildə keçirilmiş növbədənkənar Prezident seçkiləri ölkəmizin müstəqillik tarixinə Zəfər seçkisi kimi daxil oldu. Prezident İlham Əliyevin böyük səs çoxluğu ilə qazandığı parlaq Qələbə iyirmi illik Prezidentlik fəaliyyətinin dövlət və xalq qarşısında mükəmməl hesabatı, yeni tarixi dövrün başlanğıcıdır.
Məhz bu müddət ərzində Azərbaycanda bütün sahələrdə dayanıqlı və davamlı inkişafa nail olunmuş, xalqımızın rifah halı yaxşılaşmış, ölkəmizin beynəlxalq arenada nüfuzu və mövqeyi yüksəlmişdir.
Bu səbəbdəndir ki, müdrik Azərbaycan xalqı böyük qürur və qətiyyətlə Prezident İlham Əliyevə səs verməklə, Zəfərdən yeni Zəfərlərə doğru gələcəyinə, tərəqqi və rifah dolu parlaq sabahlarına yol açmış oldu.
Necə ki, qədirbilən xalqımız bir zamanlar onu dərin böhranlardan, siyasi burulğanlardan xilas edən, müstəqilliyini, azadlığını, bir sözlə, varlığını qoruyub saxlayan Liderə – Ulu Öndər Heydər Əliyevə səs vermişdisə, bu gün onu Qalib xalq statusuna yüksəldən, tarixi Zəfərlər yaşadan Müzəffər Rəhbərinə – Prezident İlham Əliyevə səs verməklə böyük xalq olduğunu bütün dünyaya nümayiş etdirdi.
XXI əsrin dünya liderləri arasında Prezident İlham Əliyev qədər xalqının sarsılmaz etimadını qazanan, ona tarixi Zəfərlər yaşadan ikinci lider göstərmək çətindir. Məhz Müzəffər Liderin polad iradəsi, Dəmir yumruğu sayəsində illərdir düşmən tapdağında inildəyən vətən torpaqları öz azadlığına qovuşdu, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edildi. İstər 44 günlük Vətən müharibəsi, istərsə də 24 saatlıq antiterror əməliyyatı Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyətinin və liderlik xüsusiyyətinin böyük təntənəsi idi.
Keçən əsrin əvvəllərində – 1923-cü ildə respublikamızın Qarabağ bölgəsində “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin yaranmasından düz 100 il sonra – 2023-cü ildə məhz Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu keçmiş vilayətin mərkəzi olmuş Xankəndi şəhərini azad etməklə həmin xain tarixi oyuna birdəfəlik son qoydu. Bu mənada, müasir dünya hərb tarixində görünməmiş uğurla həyata keçirilən 24 saatlıq unikal antiterror əməliyyatı görkəmli qırğız yazıçısı, dünya ədəbiyyatının sonuncu və əbədi magikanı Çingiz Aytmatovun “GÜN VAR ƏSRƏ BƏRABƏR” əsərinin adı ilə sözün böyük mənasında uyğunluq təşkil edir. Təsadüfi deyildir ki, o böyük, dünya şöhrətli yazıçı hələ XXI əsrin əvvəllərində Prezident İlham Əliyevdə yüksək istedad, intellekt xüsusiyyətlərini, siyasi-mənəvi keyfiyyətlərini və liderlik bacarığını müşahidə edərək, onu “Qloballaşan dünyada müasir lider etalonu” adlandırmışdır.
Məhz bunun real göstəricisidir ki, böyük siyasi-tarixi önəmə sahib 7 fevral 2024-cü il tarixli növbədənkənar Prezident seçkisi ölkəmizdə yeni dövrün, yeni inkişaf mərhələsinin başlanğıcı olmaqla yanaşı, ilk dəfə idi ki, ərazi bütövlüyünü tam bərpa etmiş, suveren Azərbaycan Respublikasının bütün ərazisində keçirilirdi.
Xüsusilə hər bir azərbaycanlının qəlbində fərəh hissi oyadan Prezident İlham Əliyevin ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səsvermədə iştirak etməsi özündə çox böyük siyasi, mənəvi və rəmzi məna daşıyırdı. Həmçinin, bu tarixi hadisə Qələbəni hələ də həzm edə bilməyən düşmənə və onu hər vəchlə himayə edən revanşist qüvvələrə açıq mesaj idi.
Haqqı nahaqdan ayıran, boş vədlərə deyil, real siyasətə, əmələ inanan müdrik xalqımız böyük birlik nümayiş etdirərək, sevinc əhval-ruhiyyəsi ilə seçkidə aktiv iştirak edib layiqli namizədə səs verməklə ölkəmizə qarşı qərəzli mövqe sərgiləyən, demokratiya pərdəsi altında öz çirkin niyyətlərini yürütməyə çalışan bütün mənfi qüvvələrə əsl demokratiya, birlik və bərabərlik dərsi keçdi.
Bir sözlə, dostda güvən, düşməndə qorxu və qısqanclıq hisslərini aşılayan növbədənkənar Prezident seçkisi 20 illik müqəddəs missiyanın yekunu, ölkəmizdə inkişafdan intibaha yol açan yeni ideallar və milli hədəflərə söykənən BÖYÜK SƏADƏT DÖVRÜnün müjdəçisi oldu.
Beləliklə, xalqımızın önündə müasir Azərbaycan tarixinin yeni ağ səhifəsi açılır. Dünyada və bizi əhatə edən geniş coğrafiyada tuğyan edən siyasi və hərbi prosesləri nəzərə alsaq, hazırda qələbəni qorumağın onu qazanmaq qədər necə də çətin olduğunu görə bilərik. Biz bu məsuliyyətli, həssas tarixi mərhələdə Ali Rəhbərimizə dəstək olmalı, cənab Prezidentin ətrafında hər zaman olduğu kimi, bundan sonra da bir yumruq təki sıx birləşməliyik. Bu isə Ulu Öndər Heydər Əliyevin böyük kəşfi olan azərbaycançılıq məfkurəsinin işığında GÜCLÜ RƏHBƏR, QÜDRƏTLİ DÖVLƏT VƏ QALİB XALQ devizini əhatə edən milli birliyimizin qorunub yaşadılmasından keçir.
Biz inanırıq ki, məhz Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz bundan sonra da regionda liderlik rolunu qorumaqla yanaşı, yeni dünya nizamında öz güclü təsir imkanlarını genişləndirəcək, söz sahibliyini daha da artıracaqdır.
Bizlərin də ölkəmizin gələcəyi naminə tək, yeganə istəyimiz məhz Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin daim görmək istədiyi, arzuladığı GÜCLÜ AZƏRBAYCANın olmasıdır.
Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi növbədənkənar Prezident seçkilərində əldə etdiyi parlaq Qələbə münasibətilə ürəkdən təbrik edir, QALİB XALQIN QALİB LİDERİnə daha qüdrətli və böyük Azərbaycan naminə bol uğurlar arzulayırıq.
Coşqun MƏMMƏDOV
AMEA Rəyasət Heyətinin elmi katibi,
Azərbaycan Respublikasının Milli Məclisi
deputat köməkçisi (i.ə.)