Ermənistanın qoşulduğu bir çox konvensiyalarda Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur

Ermənistanın qoşulduğu bir çox konvensiyalarda Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur
  • Cəmiyyət

  • Prezidentimiz İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib. 
             
    Dövlətimizin başçısı qəbul zamanı dedi ki, Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilməmiş, Azərbaycan torpaqları işğaldan azad olunmamışdı və Azərbaycan tərəfi isə torpaqları işğal altında olan zaman haqlı şəkildə Minsk qrupunun üzv dövlətlərini Ermənistana təzyiq göstərmək, ona müvafiq sanksiyalar tətbiq etmək barədə təkliflər irəli sürmüş, o vaxt Minsk qrupu tərəfindən bu istiqamətdə heç bir addım atılmamışdı.
             
    Prezidentimiz diqqətə çatdırdı ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub.
           

    Dövlətimizin başçısı 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə götürdüyü bir sıra öhdəliklərini yerinə yetirmədiyini, son 3 il ərzində Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməkdə davam etdiyini bildirdi.
             
    Dövlətimizin başçısı bu xüsusda qeyd etdi ki, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Bununla yanaşı, dövlətimizin başçısı vurğuladı ki, Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir. Azərbaycan Prezidenti qeyd etdi ki, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ-hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Ermənistanda bunun tez bir vaxtda həyata keçirilməsinin vacibliyini bildirən dövlətimizin başçısı vurğuladı ki, hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər.
           
    Prezidentimiz İlham Əliyev Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün dialoqa xidmət etmədiyini vurğulayaraq bildirdi ki, bu, ümumiyyətlə, parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir. Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa edilməli olduğunu deyən dövlətimizin başçısı diqqətə çatdırdı ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq.


    Əsədli Əsəd
    Masallı Dövlət Regional Kollecinin müəllimi

    PAYLAŞ:

    Oxşar xəbərlər