“Daha bu yerlərdə hər bahar çağı,
Bitən bənövşənin boynu bükülməz.”
Həmyerlimiz, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Toxuma həsrət torpaq”, “Sizin dünya”, “Ömür yarımçıq qalmır”, “Yağışa düşən qərib”, “Tarix kitabı”, “Ömürdən iki yarpaq” kitablarının müəllifi, şair Arif Fərzəli uzun müddət pedaqoq kimi fəaliyyət göstərsə də bədii yaradıcılığa ömürlük könül verib.
Vətənpərvər şairin tarixi mövzulara, Qarabağ ağrısına həsr edilmiş əsərlərində adi detallardan ustalıqla istifadəsi diqqət çəkir, sevgi, həsrət şeirləri səmimiliyi ilə seçilir.
Görkəmli tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusifli “Şair üçün əyalətdə, ya Bakıda yaşamağın elə bir əhəmiyyəti yoxdur, təki istedad olsun“ sözlərini Arif Fərzəli haqqında əbəs yerə söyləməyib.
Səhhəti ona mane olsa belə bu gün də qələmdən ayrılmayan 64 yaşlı şair-publisistə cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq.
Arif Fərzəlinin şeir və publisist yazılarını həmişə həsrətlə gözləyən oxucularını bu dəfə müəllifin iki yeni qələbə ovqatlı şeiri ilə sevindiririk.
PAYIZ ÇİÇƏKLƏRİ
Titrətdi dünyanın hər tərəfini
Bu müjdə: işğaldan qurtardı Şuşa,
Adını, odunu, şan-şərəfini –
Özünü özünə qaytardı Şuşa.
Nərlər-ərənlər tək qalxıb yerindən,
Qayası dikəldi, daşı dikəldi.
Qurtuldu tənədən, yad sərkilərdən,
Şəhərlər yanında başı dikəldi.
Bu payız qəlbindən Şuşa keçənin
Xəyalı-arzusu gerçəkləyəcək.
Bu payız Şuşada evin, küçənin
Sağ-solu bir anda çiçəkləyəcək.
Qələbə qazandı qartal oylağı,
Daha sinəsinə dağlar çəkilməz,
Daha bu yerlərdə hər bahar çağı,
Bitən bənövşənin boynu bükülməz.
“Bir saat havada qanad saxlayın,
Nizam ilə gedən qoşa durnalar”!
Doğma səmalarla ülfət bağlayın,
Bizi haraylayır Şuşa, durnalar.
ŞƏHİDLƏR ÖLMƏZ Kİ...
Elə ölümə də əyməz özünü,
Cismini tapşırıb ana torpağa,
Şəhidlər təzədən açar gözünü,
Şəhidlər təzədən qalxar ayağa.
Yenə alov saçar od baxışları,
Təpəri yerində, gücü yerində.
Yenə səngər-səngər zəfərə sarı,
Vətəni aparar çiyinlərində.
Yağan yağışlara, əsən küləyə,
Axan ulduzlara bənzər şəhidlər.
Dönər ildırıma, dönər şimşəyə,
Düşməni doğrayar, kəsər şəhidlər.
Gecələr qızarar Dan yeri kimi,
Gündüzlər nur damar şəfəqlərindən.
Beləcə bir Vətən əsgəri kimi
Boylanar tarixin üfüqlərindən...
Arif Fərzəli.