Artıq Kəlbəcərin azad olunmasından 3 il ötür. Bu müddət ərzində ölkə Prezindenti işğaldan azad olun rayonların iqtisadi vəziyyətinin, infrastrukturunun yaxşılaşdırılması ilə bağlı bir sıra adımlar atmaqdadır.
Bu zaman kəsiyində işğaldan azad olunan ərazilərimizdə əhalinin öz el-obalarına qayıtmağından ötrü evlərin tikilməsi, yolların yenidən çəkilərək abadlaşması, məktəb və baxçaların tikilməsi və onlarca bu kimi işlərin görülməsi sosial inkişafın bariz nümunəsidir.
İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə başa çatmaqla çoxəsrlik tariximizin heç zaman unudulmayacaq səhifəsini yazdı. Azərbaycanın siyasi qələbəsinin və Ermənistanın məğlubiyyətinin təsdiqi olan 10 noyabr birgə Bəyanatında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Ağdam və Laçın rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etmələri öz əksini tapdı. Artıq xalqımız Ağdam və Kəlbəcərin işğaldan azad edilməsinin sevincini yaşayır. Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 25-də Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində bir daha bildirdi ki, müharibə kimin kim olduğunu göstərdi. Belə ki, Ermənistan məğlub edilmiş, Azərbaycan zəfər çalmış ölkədir.
Kəlbəcər rayonu 27 ildən sonra nəhayət işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illərdi ki, səbirsizliklə gözləyirdi. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyanat Kəlbəcərin bir güllə atılmadan, bir şəhid verilmədən azad edilməsini təmin etdi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisi idi. Kəlbəcərin azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini, ümumilikdə isə, bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi.
Beləliklə, Azərbaycan 30 ilə yaxın erməni işğalı altında qalan tarixi torpaqlarını öz gücü və əzmi ilə azad etdi. Ayın 25-i şanlı Azərbaycan Ordusu Kəlbəcərə daxil oldu. Kəlbəcərin düşmən tapdağından azad olunması ilə bağlı Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bəyan etdi ki, biz öz ərazilərimizi işğaldan azad etməklə həm də erməni faşizmini məhv etdik. Regionda işğal siyasəti başda olmaqla ekoloji və mədəni terrora da son qoyuldu. Çünki düşmən Kəlbəcər də daxil olmaqla bizim digər tarixi torpaqlarımızda günahsız insanları öz dədə-baba yurdundan vəhşicəsinə qovmaqla yanaşı, bu ərazilərdəki tarixi abidələrə və təbiətə də böyük ziyan vurmuşdur.
Kəlbəcər 1993-cü ilin aprel ayının 3-dən Ermənistan ordusunun işğalı altında idi. Rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi. Kəlbəcərlilər Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi ermənilər çıxarılanadək talan edilmişdir.
Prezident xalqa müraciətində diqqəti çəkən başqa bir mövzuya toxunaraq bildirdi ki, Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Kəlbəcərdən qaçan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə diqqəti cəlb etdilər. Belə ki, Kəlbəcəri tərk edən ermənilər evlərə, digər tikililərə od vurur, elektrik yarımstansiyalarını, restoranları, bir sözlə, yararlı nə varsa hamısını talayıb dağıdır, habelə daşınması mümkün olan hər şeyi daşıyıb aparırdılar. Onların bu hərəkətləri Azərbaycan Ordusu qarşısında düşdükləri aciz durumun qisasını almaq cəhdi kimi qəbul edildi. Ancaq onların buna heç bir mənəvi haqqı çatmır. Çünki Kəlbəcər onlara məxsus deyil. Biz onları ata-baba yurdlarından çıxarmırıq. Kəlbəcər məhz onlar tərəfindən 27 il öncə zor gücü ilə işğal olunmuş torpaqlardır və indi Azərbaycan Ordusu və Ali Baş Komandan tarixi ədaləti bərpa dərək Kəlbəcəri öz sahiblərinə qaytarır. 27 il öncə baş verən işğalı sona çatdırır. Ermənilərin Kəlbəcərdəki vandallığına isə sadəcə bir ad vermək olar: Barbarlıq. Bu, insanlığa ləkədir. Ermənistana unitazla qaçan "sakin" erməni məzhəkəsi nümunəsidirsə, azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuran ermənilər isə öz vəhşi, dağıdıcı xislətlərini nümayiş etdirdilər. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır və Ermənistan tərəfi törətdiyi bütün cinayətlərə görə mütləq cavab verəcəkdir.
Ceyhun Hüseynov,
Masallı RMX, İƏ şöbəsi