"Məşhədi Dadaş" məscidində Zəfər Günü qeyd olundu

"Məşhədi Dadaş" məscidində Zəfər Günü qeyd olundu
  • Cəmiyyət

  • Millət vəkilləri, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, deputat Ceyhun Məmmədov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyatçı - alim Aqil Şirinov, MCP sədrinin müavini, ilahiyyatçı Tural İrfan 07 noyabr tarixində Bakı şəhərində yerləşən  "Məşhədi Dadaş" məscidində Zəfər Günü və Şəhidlərimizə həsr olunmuş tədbirdə iştirak ediblər. Tədbirdə şəhid ailələri, inanclı insanlar iştirak edib. 

    Tədbiri giriş sözü ilə açan məscidin imamı, ilahiyyatçı Hacı Əli Şərbətov şəhid ailələrini və qonaqları salamlayıb. Qarabağ torpaqlarının azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsini hər zaman uca tutduğunu vurğulayıb. Toplantı  Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi Əmrah Eminovun Qurani - Kərimdən ayələr tilavət etməsi ilə başlayıb. Çıxış edən millət vəkili Ceyhun Məmmədov Azərbaycan dövlətinin və xalqının qazandığı böyük qələbədən, bu qələbənin əldə edilməsində milli-mənəvi dəyərlərin rolundan və ali baş komandanın əzmindən bəhs edib. Peyğəmbərin (s) "Vətəni sevmək imandandır" deyə buyurduğunu xatırladıb. Şəhid ailələrini, xalqımızı Zəfər Günü münasibətilə təbrik edib. Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev çıxış edərək Zəfər Gününün önəmindən danışaraq bu qələbənin reallaşmasında şəhidlərimizin cəsarətini, inancımızın gücünü və xalqımızın birliyini xüsusi ilə qeyd edib. Hər şeyin öz vaxtında həyata keçirilməsinin lazım olduğunu deyən millət vəkili 44 günlük Vətən müharibəsinin də məhz ali baş komandan tərəfindən öz zamanında başladığını vurğulayıb. Zamanında başlayıb şanlı qələbə ilə başa çatan  Zəfər Gününün böyük tarixi hadisə kimi artıq tarixlərə düşdüyünü qeyd edib. Artıq Xankəndində hərbi parad keçiriləcəyi ərəfədə olduğumuzu deyib. İlahiyyat İnstitutunun rektoru, ilahiyyatçı - alim Aqil Şirinov çıxış edərək şəhidlərimizin ali məqamından, Vətən sevgisindən söz açıb. Vətən yolunda, dövlətimiz yolunda canından keçən şəhidlərin xatirəsinin ucalığından, dinimizdəki ali məqamından bəhs edib. İlahiyyatçı-yazar Tural İrfan da çıxış edərək 30 ilə yaxın işğalla barışmadığımızı, sadəcə səbr etdiyimizi, sonda da xalqımızın birliyi, dövlətimizin qüdrəti sayəsində ilahi nemətə, yəni ali qələbəyə çatdığımızı deyib. Həmçinin bu qələbəyə görə hər zaman Allaha dua, şükr etməli olduğumuzu qeyd edib.

    Məscidin rəhbəri ilahiyyatçı Hacı Əli Şərbətov qonaqlara, şəhid ailələrinə, bütün tədbir iştirakçılarına dərin təşəkkürünü ifadə edərək qeyd edib ki, ölkəmizdə din və dövlət münasibətləri yüksək səviyyədə inkişaf edir, bu istiqamətdə biz din xadimləri də əlimizdən gələn dəstəyi verməliyik. Xüsusi əlamətdar günlərin, bayram günlərinin məscidlərimizdə də qeyd olunmasını arzu etdiyini dilə gətirib. Bu cür tədbirlərin inanclı insanların vətənpərvərlik ruhlarının yüksəlməsinə xidmət etdiyini qeyd edib.

    Tədbirdə iştirak edən şəhid valideynlərindən şəhid İsmayıl Kərimlinin atası Ceyhun Kərimov da çıxış edərək millət vəkillərinə, İlahiyyat İnstitunun rektoruna və bütün təşkilatçılara, iştirakçılara öz təşəkkürünü bildirib.

    Məddah Coşqun Ağayev məlahətli səsi ilə tədbiri rövnəqləndirib və qələbə ruhlu sürudlar ifa edib.

    Sonda xalqımız, dövlətimiz üçün, şəhidlərimizin ali məqamı üçün dualar edilib xatirə şəkilləri çəkilib.

    PAYLAŞ:

    Oxşar xəbərlər