Dünyada COVID-19 pandemiyası ilə mübarizədə peyvəndlər də daxil olmaqla, yeni müalicə üsullarının inkişafında böyük elmi nailiyyətlər əldə edilməkdədir. Bu mənada Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizə sahəsində beynəlxalq səylərə sanballı töhfələr verir.
Bugünlərdə koronavirusun yaratdığı problemlərlə bağlı səhiyyənin qarşısında duran vəzifələr və postkovid dövründə insanların sağlamlığının təmin olunmasında yeni istiqamətlərin araşdırıldığı “COVID-19 Əsrin xəstəliyi” adlı kitabın təqdimatı keçirilib.
Azərbaycan aliminin dünyada ilk dəfə postkovid sindromunun reabilitasiyası mövzusunda ərsəyə gətirdiyi monoqrafiya bu sahədə ümumiləşdirilmiş elmi əsər kimi əhəmiyyətlidir. Müəllifin öz tədqiqatlarının nəticələrinin elmi-nəzəri və praktik təhlil edildiyi “COVID-19 Əsrin xəstəliyi” dəyərli nəşrini Azərbaycan tibb elminin növbəti uğuru hesab etmək olar.
Azərbaycan Tibb Universitetinin “Allerqologiya və immunologiya” kafedrasının müdiri, Əməkdar elm xadimi, Əməkdar həkim, Azərbaycan Pediatrlar Assosiasiyasının fəxri vitse-prezidenti, tibb elmləri doktoru, professor Lalə Allahvediyevanın müəllifi olduğu bu kitabının təqdimatı Naxçıvan Dövlət Universitetində (NDU) baş tutub.
NDU-nun rektoru Elbrus İsayev çıxış edərək təqdimat iştirakçılarını salamlayıb, belə dəyərli kitabın universitetdə təqdimatından məmnunluğunu ifadə edib. Rektor müəllifin ərsəyə gətirdiyi kitabın bu sahədə ilk olduğunu, pandemiya və ondan sonrakı dövrdə xəstələrdə əmələ gələn fəsadların müalicəsində əvəzsiz olduğunu qeyd edib.
Təqdimatda professor Lalə Allahverdiyeva “Postkovid sindromunun reabilitasiya müalicəsi” mövzusunda çıxışında COVID-19 pandemiyasından sonra xəstələrdə postkovid sindromunun müşahidəsi halları və bu xəstələrin Duzdağ Fizioterapiya Mərkəzində reabilitasiyasının müsbət nəticələri barədə ətraflı məlumat verib. Alim vurğulayıb ki, Naxçıvanda bu sahədə ciddi potensiala malik Duzdağ Fizioterapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksi və buradakı bir sıra müalicəvi bulaqlar bu baxımdan diqqəti cəlb edir.
Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) sədri, ATU-nun dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə kitabda COVID-19 pandemiyasının bioloji və tibbi aspektləri üzrə ən son elmi məlumatların təhlilinin təqdim edildiyini deyib. “COVID-19 - Əsrin xəstəliyi” kitabını müəllifin uğurlu layihəsi kimi qiymətləndirib.
Təməl tibb fənləri kafedrasının müdiri, dosent İlhamə Mustafayeva və Ümumi təbabət və klinik fənlər kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyeva çıxışlarında müəllifin həyat və yaradıcılığından söz açaraq “COVID-19 Əsrin xəstəliyi” kitabı haqqında iştirakçılara ətraflı məlumat veriblər. Qeyd olunub ki, nəfis tərtibatla çap olunan kitab giriş, 20 fəsil, 256 səhifə və 193 ədəbiyyat siyahısından ibarətdir. Kitabda COVID-19 xəstəliyi, onun törədicisi SARS-COVID 2 virusu haqqında geniş məlumat verilir. Nəşrdə bu xəstəlik zamanı orqan və sistem zədələnmələri əhatəli formada izah olunub.
Vurğulanıb ki, kitabda həmçinin postkovid sindromu, bu tip xəstələrin müalicəsi, pandemiya zamanı əhalinin, tibbi personalın psixoloji sağlamlığı, xəstələrin kliniki müşahidəsi və aparılması, pandemiya və sonrakı dövrdə tibbi texnologiyaların tətbiqi və bu xəstələrin medikamentoz terapiyası haqında məlumatlar da öz əksini tapıb. Kitabın elmi əhəmiyyəti nəzərə alınaraq xarici dillərə tərcümə olunması tövsiyə edilib.
Tədbirdə müəllif göstərilən diqqətə görə universitetin rəhbərliyinə minnətdarlığını bildirib, müəllifi olduğu kitabı ali təhsil ocağının Elmi Kitabxanasına hədiyyə edib.
Qeyd edək ki, kitabda koronavirusun təkamülü və yayılması, onun hüceyrə ilə qarşılıqlı əlaqəsi məsələləri nəzərdən keçirilib. Kitabda, həmçinin yeni koronavirus infeksiyasının törətdiyi xəstəliyin diaqnostikası, klinik gedişi və müəalicəsi məsələləri, vaksinlərin hazırlanması, vaksinasiyaya göstəriş, əks göstərişlər və s. problemlər yer alır. Bundan əlavə müəllif şəxsi tədqiqatlarının nəticələrini təqdim edib.
Kitabda həmçinin pandemiyanın sosial-psixoloji nəticələrinin, tibbi yardımın təşkilinin xüsusiyyətləri, onlayn konsultasiya məsələləri müzakirə olunub. Maarifləndirici əhəmiyyətli bu kitab müxtəlif ixtisaslardan olan həkimlər, ATU-nun rezidentləri və tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Müəllif: Leqal.az